413
05:04
01 Dekabr 2019

İran hökuməti "İran International" kanalını terrorçuluqda ittiham edib

İran İnformasiya Nazirliyi Böyük Britaniyada fars dilində fəaliyyət göstərən “Iran International” kanalını ölkə ərazisində terror əməllərində iştirak etməkdə günahlandırıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama şənbə günü qurum tərəfindən yayılıb.

“İnformasiya Nazirliyi bu kanalın və onun əməkdaşlarının ölkədə terror əməllərinin həyata keçirilməsində İranın düşmənləri ilə əməkdaşlıq etdiyinə tam əmindir”, - deyə “Fars” agentliyi nazirliyin açıqlamasından sitat gətirir. Həmçinin qeyd olunur ki, “təşkilatın ölkə daxilindəki işçilərinin aktivlərinə məhdudiyyət qoyulmasına qərar verilib”.

Nazirlikdən verilən məlumata görə, “peyk yayımı həyata keçirən “Iran International” kanalı Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilib və Britaniyada fəaliyyət göstərməsi üçün lisenziya alıb”. Nazirliyin mətbuat xidməti qeyd edir ki, kanalın əsas məqsədlərindən biri “ölkənin müxtəlif yerlərində iğtişaşlar yaratmaq, ictimai və şəxsi əmlakları məhv etməkdir”.

“Iran International” telekanalı iranlılar üçün peyk televiziya proqramları yayımlayan tanınmış xarici KİV-lərdən biridir. Ölkədəki son etirazlar zamanı kanal İran hakimiyyətinin hərəkətlərini fəal şəkildə tənqid edib.