292
09:38
30 Noyabr 2019

Türkiyəli deputatdan Avropa Parlamentinə sərt ittihamlar

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup rəhbəri, millət vəkili Cahit Özkan Avropa Parlamentində (AP) Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komissiyasının həmsədri Sergey Laqodinski ilə görüşüb.

APA-nın yerli bürosundan verilən məlumata görə, Cahit Özkan Sergey Laqodonski ilə söhbəti zamanı ona iradlarını bildirib: “Türkiyəni günahlandırırsınız, Türkiyə əleyhinə təbliğat aparırsınız, sonra da müzakirə aparaq deyirsiniz”.

Cahit Özkan qapalı keçən görüşdən sonra mətbuata açıqlama verib.

O, Laqodonskinin diqqətinə bir sıra məsələləri çatdırdığını deyərək vurğulayıb ki, Türkiyəyə qərəzlə baxılması düzgün deyil.

Millət vəkilinin sözlərinə görə, Avropa Parlamentinin Türkiyəyə qarşı arzuolunmaz münasibətinin olmasından Laqodinski də narahatlığını ifadə edib.

Cahit Özkan deyib ki, Avropa Birliyinin Türkiyəyə nə qədər ehtiyacı varsa, Türkiyənin də Avropa Birliyinə o qədər ehtiyacı var: “Avropa Birliyi regionda iqtisadi-siyasi-hüquqi sabitliyi təmin etmək istəyirsə, bunun üçün Türkiyə tam bir açar ölkədir. Bu baxımdan Türkiyə çox böyük əhəmiyyətə malikdir”.