Qəza törədib qaçan sürücü tutuldu
29 noyabr 2019 11:12 (UTC +04:00)

Qəza törədib qaçan sürücü tutuldu

 

Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

APA xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına görə, noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna şossesində paytaxt sakini 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi “Opel” markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurması nəticəsində aldığı xəsarətlərdən sonuncunun vəfat etməsi, Malik Məmmədovun isə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

# 641
avatar

Oxşar yazılar