12082
14:30
28 Noyabr 2019

Bakıya gətirilən 300 avtobusla bağlı YENİ XƏBƏR

“Gətirilməsi planlaşdırılan 300 avtobusdan artıq 280-i paytaxtdadır”.

Bu haqda Lent.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, 12 metrlik avtobusların hazırda xəttə buraxılması istiqamətində işlər aparılır:

“İstiqamətlərin müəyyən olunması ilə əlaqədar həm özümüzün apardığı monitorinqlər, həm də vətəndaşlardan daxil olan müraciətlər təhlil olunub araşdırılır. Belə hallarda biz mütləq şəkildə vətəndaş müraciətlərini nəzərə alırıq. Vətəndaşlar həm sosial şəbəkələrdən, həm də qaynar xətlə əlaqə saxlayaraq bizə müraciət edə bilərlər.

Qeyd edim ki, sərnişin axınına uyğun olaraq hansı istiqamətlərdə daha çox yenilənməyə ehtiyac varsa, həmin ərazilər daha çox nəzərə alınacaq.

Qalan 20 ədəd avtobusun gətirilməsi üçün də iş gedir”.

M.Ağayev əlavə edib ki, yeni avtobuslar Bakıətrafı kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən marşrut xətlərinə də veriləcək:

“Bununla bağlı həmin ərazilərdəki mövcud yol infrastrukturuna, yolun texniki vəziyyəti və qəsəbələrdə avtobusların manevretmə imkanları müəyyənləşdirilərək işlər aparılacaq”.

BNA sözçüsü yeni avtobusların sürücülərindən də söz açıb:

“Peşəkar sürücülərə ehtiyac var. Bununla bağlı bir neçə dəfə elan vermişik. Müvafiq kateqoriyada sürücülük vəsiqəsi olan və bizimlə əməkdaşlıq etmək istəyən şəxslərin “BakuBus”a müraciət etmələri xahiş olunur. Onlar bu müraciətlərindən sonra müvafiq təcrübə proqramlarına cəlb ediləcəklər. Təcrübə proqramlarından uğurla keçən namizədlər isə sürücü kimi işə başlayacaqlar”.