937
13:09
26 Noyabr 2019

Öskürəklə bağlı hər suala cavab - kafedra müdiri DANIŞIR

Havaların soyuması səbəbindən insanlar arasında müxtəlif xəstəliklərin, o cümlədən öskürəklə müşahidə olunan bronx-ağciyər xəstəliklərinin artması müşahidə olunur.

Lent.az e-tibb.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan Rafiq Bayramov-Ftiziatr, Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri bildirib ki, ümumilikdə, bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi var ki, bunların da 200-ə qədəri ağciyərlərin səpələnmiş xəstəlikləridir:

"Bronx-ağciyər xəstəliklərinə düçar olmuş şəxslərin yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət olmur, tənəffüs orqanlarının xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti isə xəstələrin bir qismində uzun müddət ümumiyyətlə, müşahidə olunmur. Öskürək orqanizmin müdafiə refleksi olub, hava axınının ağciyərlərdən sürətlə xaric olması və bununla da tənəffüs yollarının yad hissəciklərdən təmizlənməsi prosesidir.

Öskürək əsasən, tənəffüs orqanlarının patologiyaları üçün xas olan əlamət sayılsa da, tənəffüs orqanlarında heç bir problem olmayan şəxslərdə də öskürək müşahidə oluna bilər. Belə ki, öskürək aşağıdakı səbəblərdən ola bilər:

- tənəffüs sistemi orqanlarının patologiyaları zamanı: kəskin respirator virus infeksiyaları - KRVİ, bronx və ağciyər parenximasının zədələnməsi ilə gedən xəstəliklər - bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), vərəm və s.

- LOR orqanların patologiyalarında: rinit, postnazal drip sindromu, sinusit, laringit, dilçəyin uzun olması və s.

- müxtəlif qıcıqlandırıcı maddələrlə nəfəsalma zamanı: qazlar, toz, siqaret tüstüsü

- ürək damar sisteminin ürək çatışmazlığı ilə müşahidə olunan xəstəliklərində

- mədə-bağırsaq xəstəlikləri zamanı: əsasən qastroezofaqial refluks xəstəliyi - QERX

- dərman preparatlarının arzuolunmaz effekti kimi: AÇF inhibitorları, amiodaron və bəzi toz formasında olan dərman preparatlarının istifadəsi zamanı

- psixoemosional pozğunluqlarda: psixogen öskürək

- metabolik pozğunluqlarda: podaqra, respirator alkaloz, Şeqren sindromu, hiperterioz".

Rafiq Bayramov qeyd edib ki, öskürək quru və yaş (bəlğəmli) olur, davam etmə müddətinə görə isə - kəskin (əgər 3 həftəyədək davam edərsə), yarımkəskin ( 3 həftədən – 3 ayadək davam edərsə) və xroniki (əgər 3 aydan çox davam edərsə) olmaqla 3 qrupa bölünür:

"Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərinin başlanğıc mərhələsində, qastroezofaqial reflüks, bəzi dərman preparatlarının qəbulu, ağciyərlərin peşə-toz xəstəlikləri (pnevmokoniozlar), plevrit zamanı və s. hallarda daha çox müşahidə olunur. Bəlğəmli öskürək isə əsasən bronx-ağciyər aparatının iltihabi xəstəlikləri, o cümlədən ağciyər vərəmi zamanı müşahidə olunur. Kəskin öskürək adətən yuxarı tənəffüs yollarının virus və bakteial infeksiyaları, pnevmoniya, yad cismin aspirasiyası, bronxial astma və AXOX-un kəskinləşməsi zamanı müşahidə olunur. Yarım kəskin öskürək isə keçirilmiş kəskin tənəffüs infeksiyalarından sonra, LOR orqanların xəstəliklərində, ağciyərlərin interstisial patologiyalarında, vərəm, plevrit, bronxial astma, AXOX, tənəffüs orqanlarının yeni törəmələri, tütün çəkmə və s. zamanı olur. ÜST-nın tövsiyələrində qeyd olunur ki, əgər xəstə 3 həftədən çox öskürərsə, onun mütləq ağciyər vərəminə görə müayinə olunması məsləhətdir. Xroniki öskürək isə daha çox ürək qan damar sistemi (ürək çatışmazlığı), mədə-bağırsaq sistemi patologiyaları (qastroezofaqial refluks), birləşdirici toxumanın diffuz xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu (AÇF inhibitorları), tütünçəkmə, vərəm və s. zamanı müşahidə olunur.

Öskürəyin qarşısının alınması və müalicə olunmasında onun hansı səbəbdən yaranmasının müəyyən olunması və həmin səbəbə qarşı müalicə və profilaktika tədbirlərinin aparılması lazımdır".