466
13:54
25 Noyabr 2019

Naxçıvana dotasiya 19 milyon manat azaldılır

“Milli Məclisdə müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib və Prezident tərəfindən bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınması mümkün hesab edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə 2020-ci il dövlət büdcəsi layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkillərinin təkliflərini cavablandıran maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifov çıxışında gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq həmin məsələləri açıqlayıb: “Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisində Qədim Ağsu şəhər Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının da büdcə layihəsində nəzərə alınması təklif olunur”.

Maliyyə naziri qeyd edib ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir: “Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respublikanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasının büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

S. Şərifov deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 milyard 488 milyon manat səviyyəsində nəzərdə tutulur: “İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri təqdim olunmuş səviyyədə, yəni 24 milyard 134,5 milyon manat, xərcləri isə 19 milyon manat artırılaraq 26 milyard 894,7 milyon manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqdim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır. Təklif edirik ki, bu təkliflər qəbul edildiyi təqdirdə qanun layihəsinin 7.1, 7.3, 7.7 və 7.12 maddələrində müvafiq dəyişikliklər əksini tapsın”.