“45 yaşdan sonra bütün kişilər bu analizi verməlidir” - Uroloq-androloq
22 noyabr 2019 09:53 (UTC +04:00)

“45 yaşdan sonra bütün kişilər bu analizi verməlidir” - Uroloq-androloq

Uroloq-androloq, uzman həkim, Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin müdiri Asif Cahangirovun e-tibb.az-a müsahibəsi

- Son zamanlar daha çox hansı uroloji problemlərə daha çox rast gəlinir?

- Ölkəmiz böyrək daşı xəstəliyi üçün endemik zona sayıldığı üçün uroloji xəstəliklərdən ən çox bu patologiyaya rast gəlinir. İsti iqlimin, mətbəximizdə daha çox ətli yeməklərin, bəzi regionlarda içməli suların sərt olması, su əvəzinə daha çox çaydan istifadə bu xəstəliyin inkişafına zəmin yaradır. Bundan başqa, kişilərdə prostat xəstəlikləri, cinsi zəiflik, kişi sonsuzluğu ilə də bağlı müraciətlər çoxalıb.

- Onda demək olar ki, ən çox cərrahiyyə əməliyyatları da böyrək daşları ilə bağlı icra edilir?

 - Bəli, böyrək daşı xəstəliyi çox yayıldığı üçün daha çox bu patologiya ilə əlaqədar cərrahi əməliyyatlar aparılır. Əlbəttə ki, son zamanlar texnologiyanın inkişafından istifadə edərək, biz də əməliyyatlarımızın hamısını endoskopik üsulla, yəni kəsik aparmadan və qansız olaraq icra edirik. Xəstələr, böyrək sancıları başladığı zaman vaxtında və doğru ünvana müraciət etsələr, heç bir fəsad vermədən daşdan azad olarlar.

Bundan başqa, kişilərdə prostat xəstəlikləri də aktualdır. Xəstəliyin axırıncı mərhələlərində müraciət edən xəstələrə əməliyyat icra olunur.

- Məlumatlara görə, prostat vəzi xərçəngi son illər daha çox yayılıb. Sizcə, belədirmi?

- Ümumiyyətlə, xərçəng xəstəlikləri son zamanlar çox yayılıb. Prostat vəzin xərçəngi xəstəliyinə də çox rast gəlirik. Bunu da qeyd etmək lazımdır kı, burda diagnostikanın da böyük rolu var. PSA onkomarkerinə artıq 45 yaşdan sonra bütün kişilərdə baxılmalıdır. Nəticə yüksək olanda prostat biopsiyası icra olunur və beləliklə də gizli gedən xəstlik aşkar olunur.

- Prostat vəzi şişləri müalicədən, əməliyyatdan sonra tam sağalırmı?

- Əgər xəstədə prostat vəzinin xoşxassəli şişi varsa və sidiyə getmədə çətinlik yaradırsa, əvvəl dərmanla müalicə başlanır, effektiv olmadıgda əməliyyat icra olunur və xəstə bu problemdən qurtulur. O ki qaldı prostat vəzin xərçəng xəstəliyinə, erkən mərhələdə xəstəlik orqandan kənara yayılmayıbsa, əməliyyatla xəstəlikdən qurtulmaq mümkündür. Bir az gec stadiyada aşkar olunan xəstlik zamanı onkologlar tərəfindən müasir metodlarla müxtəlif müalicələr aparılır və xəstəliyin qarşısı bir gədər alınır.

- Uroloji problemlərə qadınlar, yoxsa kişilər arasında daha çox rast gəlinir?

- Həm kişilərdə, həm də qadınlarda uroloji xəstəliklərlə qarşılaşırıq. Sidik qaçırma xəstəliyinə ən çox qadınlarda rast gəlir. Qadınlarda sidik kanalı qısa və geniş olduğu üçün, xüsusən də doğuş sonrası əzələrdə zəiflik yaranır və sidik qaçırma baş verir. Bundan başqa, qadınlar yaşlandıqca sidik kisəsi əzələlərinin elastikliyi azalır və tez-tez sidiyə getməklə yanaşı sidiklərini saxlaya bilmirlər.

- Bütün sahələr üzrə xəstəliklərin cavanlaşdığı deyilir hər zaman. Sizin sahədə vəziyyət necədir?

- Bu hal daha çox xərçəng xəsrəliklərinə aiddir. Son vaxtlar sidik-cinsiyyət organlarının bədxassəli şiş xəstəlikləri, xüsusən də böyrək və sidik kisəsində, cavanlarda da aşkar olunmağa başlayıb. Ekologiyanın korlanması, radiyasiyanın artması, GMO-lu məhsulların istifadə olunması bu xəstəliklərin artmasının başlıca səbəbləridir.

- Son məlumatlara görə, kişi sonsuzluqları qadın sonsuzluqları ilə faiz etibarilə demək olar eynidir. Bəs bununla bağlı həkimə, uroloq-androloqlara müraciətlər çoxdurmu? Ümumiyyətlə, ən çox hansı problemlər kişi sonsuzluğu yaradır?

- Uşaq olmama probleminin həm kişi, həm də qadınla əlagədar olma ehtimalı yarıbayarıdır. Buna görə də hər ikisi həkimə müraciət etməlidir. Əvvəllər sonsuzluq problemi olanda həkimə daha çox qadını aparırdılarsa, son zamanlar kişilərin urolog-androloqlara müraciəti artıb. Kişi sonsuzluğu və kişilərdə potensiyanın zəifləməsi zəmanəmizin ən çox narahat edən problemlərindəndir. Stress faktoru, düzgün gidalanmama, oturaq həyat tərzi, cinsiyyət üzvlərində uşaqlıqdan mövcud olan problemlərin vaxtında aşkar olunmaması bu hala gətirib çıxarır.

e-tibb.az

# 3176
avatar

Oxşar yazılar