"Lazım olan şərait yaradılacaq" - Əli Həsənov xaricdən qaytarılanlar barədə danışdı
21 noyabr 2019 14:08 (UTC +04:00)

"Lazım olan şərait yaradılacaq" - Əli Həsənov xaricdən qaytarılanlar barədə danışdı

 

“Biz Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayırıq”.  

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, öz ölkəsində həm ictimai-siyasi, həm iqtisadi, həm də bütövlükdə bir vətəndaşlıq sahəsində ciddi nümunələr göstərə, özünü tapa  bilməyən, ayrı-ayrı səbəblərdən öz ölkəsini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik: “Biz bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan edirik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf  etmirdilər ki, nəyə görə bu insanları başqa adlarla, onların fəaliyyəti ilə başqa uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini də biz bilirdik. Qaçqın kamplarında onlara yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar da özlərinin layiqli cəzasını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları dövlətin və respublikanın sağlam qüvvələrinin və dövlətçilik ətrafında sıx birləşəcəklər”.  

Prezidentin köməkçisi həmçinin onların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, bunların heç bir əsası yoxdur: “ Əlbəttə onların hər birinin fəaliyyəti, kim hansı yolla ölkəni tərk edib, kimi xarici ölkələrə hansı adla gedib Azərbaycanda araşdırılır, araşdırılacaq. Biz Azərbaycan vətəndaşlarının hər biri, yaxşısı , pisi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmək  şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili və onların maraqları  dayanır. Ona görə də Azərbaycana qayıdan, qaytarılan o insanların hər biri ölkəmizin vətəndaşı olaraq hər birinin fəaliyyəti, gələcək həyatını qurması üçün Azərbaycanda lazım olan şərait yaradılacaq və onlara lazımi dəstək veriləcək. Cinayət törətmiş, cinayətin törədilməsində qrup və ya şəxsi formada iştirak etmiş insanlara gəlincə isə onlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim hüquq-mühafizə orqanları, o cümlədən, Almaniyanın, Fransanın, Avropanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar”.

# 1718
avatar

Oxşar yazılar