BDU-dakı FACİƏ ilə bağlı CİNAYƏT İŞİ açıldı: 1 tələbə öldü - SƏBƏB BİLİNDİ -YENİLƏNİB - CANLI YAYIM
21 noyabr 2019 16:17 (UTC +04:00)

BDU-dakı FACİƏ ilə bağlı CİNAYƏT İŞİ açıldı: 1 tələbə öldü - SƏBƏB BİLİNDİ -YENİLƏNİB - CANLI YAYIM

Bakı şəhər Prokurorluğu tələbələrin zəhərlənməsi faktı ilə bağlı məlumat yayıb.

Bu barədə Lent.az-a bildirilib ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamin qızının zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

16:17

Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

***

15:55

Bakı Dövlət Universiteti (BDU) tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Universitetin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ilkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib:

“Hadisə dünən gecə saatlarında olub. Həmin vaxtı təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Həmin vaxtı tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib.

Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirik. Bu, bizim üçün böyük itkidir. Digər iki tələbənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Tibbi Mərkəzə köçürülüb. Onların vəziyyətinə tam şəkildə nəzarət olunur. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Onların vəziyyəti yaxşılığa doğru gedir, özləri hadisə ilə bağlı açıqlama veriblər. Məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Bütün tələbələrə müraciət edirik ki, qidalanmalarına və gigiyenik qaydalara nəzarət etsinlər”.

***

15:51

Bakı Dövlət Universitetinin yataqxanasında baş verən zəhərlənmənin səbəbi bilinib.

Bu barədə Lent.az-a zəhərlənən qızlardan biri olan Dilrubə Quliyevanın əmisi İlqar Quliyev məlumat verib. O bildirib ki, qızlar axşam balıq konservi yeyərək zəhərləniblər.

***

15:29

BDU-da zəhərlənərək ölən Fizika fakültəsinin 4-cü kurs tələbəsi, Qusar rayon sakini 1999-cu il təvəllüdlü Hasmətova Şəkər Faiq qızının meyiti ilkin araşdırmalar üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Lent.az zəhərlənən qızlardan ikisinin fotosunu təqdim edir:

Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı

Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı

***

15:19

Səhiyyə Nazirliyi Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasındakı zəhərlənmə ilə bağlı ötən gecə Təcili Tibbi Yardım əməkdaşlarının orada olmasına münasibət bildirib.

Nazirlikdən Lent.az-a bildirilib ki, həkimlərin bildirdiyinə görə, hər üç qızda baş ağrısı və temperatur olub:

"Onlara ilkin tibbi yardım kimi iynə vurulub və həkim onlara xəstəxanaya yerləşdirilməyi təklif edib. Ancaq qızlar hospitalizasiyadan imtina ediblər".

***

15:01

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Kliniki Tibbi Mərkəzə gəlib.

Lent.az-ın əldə etdiyi məlumata görə, vəziyyətləri kritik olan qızlar isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

***

14:53

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənək ölən qızın adı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, BDU-nun Fizika fakültəsinin 4-cü kurs tələbəsi, Qusar rayon sakini 1999-cu il təvəllüdlü Hasmətova Şəkər Faiq qızıdır.

Axşam Təcili Tibbi Yardıma müraciət olunub, onlara ilkin tibbi yardım göstərdikdən sonra isə tələbələr yataqxanada qalıblar.

***

14:37

Bakı Dövlət Universitetinin yataqxanasına baş verən faciənin araşdırılması üçün əməliyyat qrupu göndərilib.

Bu barədə Lent.az-a hüquq mühafizə orqanlarından məlumat daxil olub. Bildirilib ki, polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu hadisənin baş vermə səbəbini araşdırır.

***

14:19

Bakı Dövlət Universitetinin tələbələri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Lent.az-a bildirib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

***

14:01

Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təcili Tibbi Yardıma bununla bağlı saat 12:35-də daxil olub:

"Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir".

Hicranə Əlişqızı,

Mehman Nəbiyev

# 31259
avatar

Oxşar yazılar