Bəzi metro stansiyalarının adları dəyişir? - RƏSMİ AÇIQLAMA
18 noyabr 2019 12:54 (UTC +04:00)

Bəzi metro stansiyalarının adları dəyişir? - RƏSMİ AÇIQLAMA

Mediada və sosial şəbəkələrdə paytaxtdakı metro stansiyalarının adlarının dəyişdirilməsi, eləcə də tikilməkdə olan stansiyalara yeni adların verilməsi ilə bağlı təkliflər müzakirə mövzusuna çevrilib.

Bununla bağlı Lent.az-a açıqlama verən "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, stansiyalara adların verilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir:

“Nazirlər Kabineti yanında adların verilməsi üzrə xüsusi komissiya fəaliyyət göstərir. Müzakirələri də həmin komissiya aparır. Adlarla bağlı bizə müraciət edilərsə, təkliflərimizi təqdim edirik”.

B.Məmmədov qeyd edib ki, yeni stansiyaların adları isə istismara veriləcəyi halda yenidən aktuallaşır:

“Hazırda Bakı metrosunun şərti adı “B3” olan (paytaxtın Ceyhun Səlimov küçəsində, Hərbi hospitalın yanı) stansiyasında işlər başa çatdırılıb və son tamamlanma işləri qalıb. Bu stansiyanın istismara verilməsi ərəfəsində Nazirlər Kabinetinə ad qoyulması ilə bağlı məlumat göndərəcəyik və proses dediyim ardıcıllıqla baş tutacaq”.

Qurum sözçüsü "Ulduz", "Xalqlar Dostluğu", “Nizami" və "Memar Əcəmi" stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Adların dəyişdirilməsi bu günədək bir neçə dəfə baş tutub. Zərurət yaranacağı təqdirdə adlar yenə də dəyişdirilə bilər. 

Qeyd edim ki, əvvəllər “İçərişəhər” “Baksovet”, “Sahil” “26 Bakı Komissarı”, “28 May” “28 Aprel”, “Koroğlu” “Məşədi Əzizbəyov”, “Xətai” ”Stepan Şaumyan” adlanıb. Əvvəlki adların dəyişdirilməsini şərtləndirən səbəblər olub və bunlar hər kəsə aydındır”.

# 4134
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar