Azərbaycanda internetin sürəti nə vaxt yüksək olacaq? - REPORTAJ
13 noyabr 2019 14:54 (UTC +04:00)

Azərbaycanda internetin sürəti nə vaxt yüksək olacaq? - REPORTAJ

İşlədiyiniz ofisdə və yaxud da, məsələn, hansısa sənədlə bağlı getdiyiniz idarədə rast gəlinə bilən hadisədir. İş yoldaşınız, müraciət etdiyiniz qurumun əməkdaşı birdən birə özündən çıxır və qarşısındakı klaviaturanı döyəcləməyə başlayır.


Anlayan anladı... Bəli, internet zəifləyib. Müasir dünyanın açarıdır internet. Açarın kodu WWW - yəni “Ümumdünya hörümçək toru” isə sözün əsl mənasında bütün sahələri toruna salıb. İnternet həyatımıza istədiyi an, icazə-filan almadan daxil olur.


Paytaxt sakinlərinə “İstifadə etdiyiniz internetin sürətindən razısınızmı?” sualını ünvanladıq. Cavablar isə müxtəlif oldu.

 

Böyük Britaniyanın “Cable” araşdırmalar mərkəzinin 2019-cu ilə olan məlumatına görə Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Sözügedən siyahıda Tayvan başdan, Yəmən isə sondan birinci pillədə qərarlaşıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internet sürətinin aşağı olmasını provayderlərin köhnə texnologiyalarla meylli olması ilə əlaqələndirdi: “Həm keyfiyyətsizliklə bağlı, həm də qiymətin baha olması ilə bağlı böyük əksəriyyət 2,3 və 4 meqabitdən istifadə edir. Regionlara baxsaq, region istifadəçilərinin böyük əksəriyyəti 2,3,4 meqabitin üzərində oturub. Yəni köhnə xəttin, ADS texnologiyanın üzərində oturub. Bizim regionlarda olan internet keçmişdən qalan mis məftilin üzərindən ötürülür. Dünyada artıq belə bir texnologiyalar muzeylərə verilib. Böyük bir fiberoptik şəbəkə qurulmalıdır. Bununla bağlı bizdə ciddi problemlər var”.

 

Osman Gündüz dövlət və özəl internet provayderləri arasında azad rəqabət mühitinin olmadığını bildirdi: “Eyni zamanda ikinci problem ondan ibarətdir ki, dövlət provayderləri Bakıda, həmçinin provayderlərin regionlardakı yerli qurumları bölgələrdə müxtəlif yollarla özəl provayderlərin müştərilərini ələ keçirirlər. Bizim hesablamalarımıza görə, indiyədək təxminən 60-100 min arası özəl provayderlərin müştərisi bu dövlət provayderlərinin şəbəkəsi üzərinə keçirilib”.

 

Forumun prezidenti sözügedən problemin aradan qalxması üçün yeni proqram layihələri hazırlanmalı və internet bazarında özəl provayderlərə sərbəstlik verilməli olduğunu qeyd etdi: “Bu prosesi sürətləndirmə üçün özəl provayderlərin resurslarından istifadə etmək lazımdır. Təəssüf edirəm ki, burada ciddi problemlər var. Ümumiyyətlə, mən hesab edirəm ki, geniş zolaqlı internetin inkişafı üçün dövlət tərəfindən paytaxtda və regionlarda proqramların irəli sürülməsinə ehtiyac var. Məsələn başqa ölkələrdə belə proqramlar var. Yerüstü infrastrukturu gücləndirməliyik. Yerüstü sərbəst, azad rəqabət şəraiti yaratmalıyıq ki, özəl provayderlərin də resurslarından istifadə edə bilək”.

 

Paytaxtda simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən "Bakı Telefon Rabitəsi" MMC-nin, qısaca, “BAKTELECOM”un nümayəndəsi Asim Namazov optikləşmə prosesinin yekunlaşması ilə internetin sürətində problem yaşanmayacağını bildirdi: “Bakı şəhərinin bir çox ərazilərində artıq optikləşmə prosesi başlayıb və bu proses bitmək üzrədir. Əhalinin bir çox hissəsi artıq mis kabeldən optik kabelə keçərək daha sürətli internet əldə etmişdir. Bəzi ucqar ərazilər var ki, oralarada optikləşmə işinin aparılmasında bəzi çətinliklər var. Bu çətinlikləri də aradan qaldırdıqca Bakı şəhərində mis kabellər tam olaraq ləğv olunacaq və internetin ötürülməsi optik kabel üzərinə keçiriləcək. Bu zaman internetin sürətində heç bir problem yaşanmayacaq”.

 

Asim Namazov yaxın gələcəkdə sözügedən problemin aradan qalxacağını qeyd etdi: “Yaxın gələcəkdə görülən işlərə əsasən deyə bilərəm ki, bu göstəricinin dəyişmə ehtimalı çoxdur. Gələcəkdə internet sürətinin artımı üçün hazırda çox böyük işlər görülməkdədir”.

 

Azərbaycanın informasiya müharibəsinin içində olduğunu nəzərə alsaq, internetə hava-su kimi ehtiyacımız var. Gözləyək. Söz əmələ çevriləndə qiymətli olur. Ümid edək ki, optik internet əlaqəsi sözügedən problemi kökündən həll edəcək. O vaxta kimi mis kabellərinizdən bərk yapışın.

 

 

# 3229
avatar

Oxşar yazılar