391
16:37
31 Oktyabr 2019

Masazırda ingilis dilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib - FOTOLENT

Oktyabrın 31-də “British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəngilan 33 nömrəli tam orta məktəbin nəzdində təsis edilən ingilis dilli ilk Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə Lent.az -a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, bu, Azərbaycanda hazırda mövcud olan 13 İngilis Dili Mərkəzindən ibarət şəbəkəyə əlavə edilməsi planlaşdırılan 5 yeni Resurs və Təlim mərkəzindən birincisidir. İngilis dilində danışıq bacarığını inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzin əhəmiyyətini qeyd edən nazir müavini deyib ki, bu mərkəzlər müasir texnologiyalardan istifadə edərək bu dili öyrənməyə imkan verir. Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlığını da xüsusi qiymətləndirən Məhəbbət Vəliyeva məktəblilərə ingilis dilini öyrənmələri üçün yaradılan imkanlardan düzgün faydalanmağı tövsiyə edib.
Məhəbbət Vəliyeva çıxışının sonunda gənclərə yaradılan bu şəraitə görə Britaniya Şurasına təşəkkür edib.
Daha sonra çıxış edən Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson ingilis dilinin dünyadakı mövqeyindən, bu dildə danışmağı bacarmağın əhəmiyyətindən danışıb. İngilis dilinin yeniliklərin dili olduğunu vurğulayan Baronessa Emma Nikolson Mərkəzdə hər kəsin ingilis dilini əylənərək öyrənəcəyinə və bu dildə danışmaqdan zövq alacağına ümid etdiyini deyib.
"British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah da öz növbəsində proqram barədə ətraflı məlumat verib və əlavə edib ki, Mərkəz məktəblilərə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Samr Şah bildirib ki, əlavə olaraq Zaqatala, Tərtər, Beyləqan və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır.
Açılış mərasimində qeyd edilib ki, “Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.