NATO rəsmisi: "FHN-in beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq"
18 oktyabr 2019 13:17 (UTC +04:00)

NATO rəsmisi: "FHN-in beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq"

 
 
Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
FHN-dən APA-ya verilən məlumata görə, qonaqları salamlayan nazir müavini Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və fövqəladə hallar zamanı milli idarəetmə sistemi haqqında qonaqlara ətraflı məlumat verib. O, fövqəladə hallar sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasının təmsil olunması məqsədi ilə Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin yaradıldığını diqqətə çatdırmaqla yanaşı, qeyd olunan təlimin Beynəlxalq dəstənin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlığında mühüm rol oynayacağını bildirib.
 
Etibar Mirzəyev qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi NATO-nun təşkil etdiyi muvafiq beynəlxalq təlimlərdə iştirak edir və bu əməkdaşlıqda maraqlıdır. Həmçinin, nazir müavini vurğulayıb ki, Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal altındadır. Düşmən mütəmadi atəşkəsi pozmaqla və işğal altındakı ərazilərdə yanğınlar törətməkdə məşğuldur. Yanğınların nəticəsi olaraq istər yaşayış məskənləri, istərsə də əkin sahələri daim təhlükə altındadır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri baş verən bu yanğınların nəticələrinin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində çalışır.
 
Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan səmimi görüşə görə təşəkkür edərək, əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təlimlərin hazırlığı ilə bağlı göstərilən birgə səylərin öz töhvəsini verəcəyindən əmin olduğunu ifadə edib. Natiq Fövqəladə Hallar Nazirliyinin beynəlxalq axtarış-xilasetmə, habelə təlimlərdə iştirakından məmnunluğunu bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
# 422
avatar

Oxşar yazılar