205
15:35
04 Oktyabr 2019

Xankəndi və Soçidə verilən bəyanatlar: Məqsəd fərqli, məkan fərqli - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən forumunda çıxışı böyük rezonans yaradıb. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına verdiyi tutarlı cavab təkcə Azərbaycan və Ermənistanda deyil, beynəlxalq arenada da böyük marağa səbəb olub.
Prezident çıxışında Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Dövlət başçısı Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatının isə sadəcə yalan olduğunu qeyd edib, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirib.
Azərbaycan Prezidenti nüfuzlu dövlət başçılarının və siyasi xadimlərin iştirak etdiyi konfransda “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verməklə, rəsmi Bakının öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini növbəti dəfə açıqlamış oldu. Belə bir qətiyyətli bəyanatın məhz Rusiyada və nüfuzlu “Valday” Diskussiya Klubunun toplantısında səsləndirməsi də sıradan məsələ deyil. Xatırlayaq ki, bir qədər öncə Nikol Paşinyan ABŞ-da, Los-Ancelesdə “Qarabağın Ermənistan olması” ilə bağlı beynəlxalq hüquqa ziddi bəyanat səsləndirmişdi. Lakin gözlədiyi reaksiyanı ala bilmədi. Birləşmiş Ştatların nə siyasi dairələri, nə də nüfuzlu KİV-i Paşinyanın bəyanatına əhəmiyyət vermədi. Məsələ ondadır ki, Paşinyan özünü Vaşinqtonun “məxməri inqilab” planı üzərində hakimiyyətə gəlmiş siyasi qüvvə adlandırırdı. Lakin ümidləri doğrulmadı. Paşinyana ABŞ-dan gözlənilən dəstək gəlmədi. Vaşinqton Paşinyanın xarici siyasətdə yol verdiyi kobud səhvləri ona bağışlamaq fikrində deyil. Hakimiyyətə gəlməzdən öncə Ermənistan parlamentində etdiyi çıxışlarda tam fərqli mövqe sərgiləyən Paşinyan Dağlıq Qarabağ probleminin həllində kompromisə gedəcəyinə və Qərbə inteqrasiya siyasəti yürüdəcəyinə dair vədlər verirdi. Baş nazir kürsüsünə əyləşəndən sonra isə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın heç bir güzəştə getməyəcəyini və ilhaq siyasətinin davam edəcəyini açıqladı. Ermənistanın avrointeqrasiya siyasəti isə daha çox ABŞ-ın rəqibi Fransa ilə tərəfdaşlıq münasibətlərini ikitərəfli qaydada artırmaqdan ibarət oldu. Bu da Paşinyanın ABŞ siyasi dairələri tərəfindən qəbul edilməməsində mühüm amil sayıla bilər.
Qeyri-ardıcıl diplomatiya kursu yeridən Paşinyan Rusiya ilə münasibətdə də bir çox təzadlı davranışlara yol verir ki, bu da Moskva tərəfindən birmənalı qarşılana bilməz.
Paşinyanın yürütdüyü qeyri-ardıcıl siyasət nəticəsində Rusiyanın İrəvana təzyiqlərinin artacağı proqnozlaşdırılır. Naşılığı və səriştəsizliyi, eyni zamanda heç bir dövlətçilik bacarığı olmayan Paşinyan xarici siyasətdə ciddi yanlışlıqlara yol verməklə yanaşı, daxili siyasətdə də heç bir uğura imza ata bilmir. Onun “məxməri inqilab” kimi qələmə verdiyi prosesdən artıq uzun müddət keçməsinə baxmayaraq, ölkədəki sosial-iqtisadi problemlər həll edilməmiş qalır.
Paşinyanın dünyada və ölkəsində nüfuzunun sürətlə düşməsi fonunda Azərbaycan Prezidenti İlham Əliyevin istər beynəlxalq tədbirlərdə iştirakı, istərsə də səsləndirdiyi bəyanatlar ölkə daxilində ciddi dəstək qazanır. Heç bir şübhə yoxdur ki, Prezident Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ölkə daxilində yalnız iqtidarı dəstəkləyənlərin deyil, əks cəbhədə dayananların da ürəyincə olub. Bu məsələdə iqtidar, müxalifət, media, vətəndaş cəmiyyəti yekdillik nümayiş etdirir.
Son vaxtlar Paşinyanın dilindən səslənən təxribatçı bəyanatlar və hərəkətlər dünya gücləri tərəfindən mənfi qarşılanır. Rəsmi Bakı isə təmkinli siyasət nümayiş etdirir, lakin öz mövqeyini də sərt şəkildə bildirir - “Qarabağ Azərbaycandır və nida işarəsi”.
Diqqət yetirilməli olan ən vacib amil isə Qarabağla bağlı səslənən iki bəyanatın məqsədi və səsləndirildiyi məkanla bağlıdır. Paşinyan "Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı daxili auditoriyaya hesablanıb. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər zamanı bu ifadələri işlədən Paşinyanın daha çox getdikcə azalan reytinqinin qayğısına qalmaq, istər Ermənistan, istərsə də Dağlıq Qarabağda yaşayan ermənilər arasında düşən nüfuzunu qaldırmaq barədə düşündüyü heç bir şübhə doğurmur. Onun bu bəyanatı separatçı, heç kim tərəfindən tanınmayan və qəbul edilməyən, dünyanın da işğal olunmuş, ən pis halda isə mübahisəli ərazi kimi qəbul etdiyi Dağlıq Qarabağdan, Xankəndindən səsləndirməsi o ehtimalı daha da gücləndirir ki, məqsəd və hədəf məhz daxili auditoriya olub.
Azərbaycan Prezidentinin bəyanatının məqsədi və seçdiyi məkanın statusu isə tamam fərqlidir. Dövlət başçısı nüfuzlu siyasi səhnədən bir daha dünyanın diqqətinə çatdırdı ki, Azərbaycan heç vaxt Qarabağın, torpaqlarının işğalı ilə razılaşmayacaq. Bəyanatın səsləndiyi yer də məqsədlə tam mütənasiblik təşkil edirdi - nüfuzlu liderlərin fikir mübadiləsi apardığı, dünyanın gündəminin müzakirə olunduğu "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısı. Prezident həm özünün, həm də ölkəsinin mövqeyini bir daha ortaya qoydu, mesajını hər kəsə açıq şəkildə çatdırdı - işğalla barışmayacağıq, torpaqlarımızı, Qarabağı azad edəcəyik.
Bu bəyanatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas aktorlardan olan Rusiyada və bu ölkənin Prezidenti Vladimir Putinin iştirak etdiyi toplantıda səsləndirilməsi də sıradan hadisə kimi qəbul edilməməlidir. Prezident İlham Əliyev "Valday" forumuna dəvət olunur, Rusiya Prezidenti Vladimir Putin tərəfindən yüksək səviyyədə qarşılanır, iki lider arasında səmimi görüş keçirilir, görüşdə Azərbaycanla Rusiyanın münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunur, ardınca da Azərbaycan Prezidenti "Valday" forumunda belə bir bəyanatla çıxış edir. Özü də bu, Paşinyanla Putin və Ermənistanla Rusiya arasında münasibətlərdə uzun müddətdir müşahidə olunan soyuqluq və gərginlik fonunda baş verir. Bu gedişlə Paşinyan və ölkəsi daha çox güvəndiyi Rusiyanın da dəstəyindən məhrum olacaq. Bax, onda yalançı demokratın "Arsax Ermənistdır. Nöqtə" deməyə heyi, “Qarabağ Azərbaycandır və nida işarəsi” həqiqətini isə qəbul etməkdən başqa yolu qalmayacaq.
APA Analytics