Zaman -1969-cu ilin oktyabrı.
Məkan - Moskva, Qorki küçəsi.
…Sovet paytaxtının ən böyük küçələrinin birindəki mənzilin qapısının zəngi çalınır. Qapıya yaşlı qadın çıxır. Poçtalyon əlindəki zərfi ona uzadır: “Sifarişli məktubdur, Bakıdan, zəhmət olmasa bura qol çəkin”. Qol çəkir. Qapını bağlayıb, zərfi açır:
“Çox hörmətli yoldaş Razumovskaya S.V. Azərbaycan SSR Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, Azərbaycan SSR Nazirlər Soveti Sizi, Azərbaycan Dövlət Universitetinin yaradılmasının 50 illiyinə həsr edilmiş hökumət qəbuluna dəvət edir. Qəbul 2 noyabr 1969-cu il saat 19-da “Drujba” restoranında keçiriləcək”...
50 il? Doğrudanmı 50 il keçdi? Yoldaş S. V., daha dəqiqi, 68 yaşlı Sofiya Vasilyevna bir anlıq o günləri xatırladı.
1919-cu il noyabrın 15-ni. Gənc qız idi. Ailəsi ilə Tiflisdən təzə köçmüşdülər Bakıya. Və vur-tut bircə il yaşamışdılar. Sonra… Sonrası lap pis gəlmişdi. Qəfil bir əmrlə onları, atası və anasını, qardaşlarını sınıq-salxaq bir gəmiyə oturdub, Bakıdan çıxarmışdılar. İllər ötəcək, gənc Sofiya atası Vasili İvanoviçin xatirələrini oxuyanda çox kövrələcəkdi: “Mən bir gəminin göyərtə sərnişini olaraq, çətinliklə Bakıdan çıxdım; mövcud şəraitə görə Rusiyada yaşamalı oldum, ürəyimin bir hissəsi isə orada, Bakıda qaldı”.
İndi onu, bu sətirlərin müəllifinin qızını Bakıya çağırırdılar. Sofiya Vasilyevnanı axtarıb tapmaq, onu universitetin yubileyində iştirakını təmin etmək tapşırığını isə şəxsən Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əliyev vermişdi. Sovetin qılıncının qəbzəsinin də kəsdiyi bir dövrdə 1-ci katibin Cümhuriyyət dövrünün yadigarını yada salması, etiraf edək, böyük iradə tələbə edirdi. Sonradan, Bakıdan qayıtdıqdan sonra Sofiya Vasileyvna oğlu Dmitriyə belə deyəcəkdi: “Orada, Bakıda bizi unutmayıblarmış, oğlum...”
Zaman - 1919-cu ilin iyulu.
Məkan -Bakı.
...Nəsib bəy Yusifbəylinin kabinetində “universitet davası” gedir. Rəşid bəy Kaplanovun universitetin büdcəsinin daha 5 milyon artırılması təklifi azca tərəddüdlərlə dəstəklənir.
Uzun müzakirələrdən sonra, nəhayət, universitetin yaradılması ilə bağlı hökumət komissiyasının tərkibi təsdiqlənir. Komissiyanın tərkibinə professor V.İ.Razumovski (sədr), prof. A.M.Levin, prof. N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarif Nazirliyində V.İrzayev, M.A.Şahtaxtinski, şəhər ozünüidarəsindən şəhər idarəsinin üzvü Əlicabbar Orucəliyev, “Neft sənayeçiləri qurultayı” şurasından A.N.Sarapov, M.Sultanov daxil edildi. Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi – kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq magistri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə cəlb olunurlar.
Amma siz komissiya deyib durmayın. Komissiyaya həddən artıq geniş hüquqlar verilmişdi. Təsəvvür edin, komissiya üzvləri günün istənilən vaxtı, bu və ya digər problemlə bağlı baş nazir Nəsib bəydən tutmuş hökumətin bütün yüksək vəzifə sahibinə birbaşa müraciət etmək səlahiyyətinə sahib idilər.
Təşkilat komissiyası V.İ.Razumovskini universitetin rektoru seçir. Görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof.İ.İ.Şirokoqorovu tibb fakültəsinin dekanı təyin edir. Qərara alınır ki, 1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan olunsun.
Hə, “Universitet yarandı”. 1919-cu ildə səslənən bu ifadə, BDU-nun ilk rektoru V.İ.Razumovskinin dediyi kimi, “Şərqlə Qərbin qovşağında alovlanan məşəl” kimi parladı! Və o vaxt bəlkə də heç kimin ağlına da gəlməzdi ki, min zəhmət və gərgin əməklə əsası qoyulan universitet 100 yaşını qeyd edəcək.
Bu illər ərzində nələr yaşamadı bu universitet. Bir dostumuzun dediyi kimi: daş atanlar, ayağını dartanlar, başına min oyun açanlar çox oldu, 1930-da bağladılar, 37-də alimlərini güllələdilər, 41-də tələbələri qarışıq rektorunu müharibəyə - güllə qabağına göndərdilər, 4 dəfə adını dəyişdirdilər, ancaq qayəsini, əqidəsini, əsas missiyasını dəyişdirə bilmədilər: o, yaşayaraq milli ziyalı təbəqəsini formalaşdırdı, elmin, təhsilin bünövrəsini yaratdı, alimlər ordusu yetişdirdi, elmi məktəblər və ali təhsil şəbəkəsi qurdu, ən əsası isə - millətin ruhunu ölməyə qoymadı, müstəqillik illərinə qədər bu ruh ruhdan düşmədi!
Hə, nəinki alimlərini, rektorlarını belə güllələdilər. Bəlkə də bu faktı çoxunuz bilmir. Keçən əsrin 30-cu illəri Universitet üçün də qara gəldi. 1929-cu ildə universitetin on illiyinin qeyd edilməsi qərara alındı və bu tədbir 1930-cu ilin yanvar ayında baş tutdu. Amma çox yox, 6 ay sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı.
Bir də 4 il sonra yenə eyni adlı qurumun qərarıyla Universitet yenidən fəaliyyətə başladı.
Həmin qanlı-qadalı illərdə, universitetin 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya, güllələnməyə məhkum edildi. Bu insanların hər biri Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri var idi. Ümumilikdə, Universitetin 100 nəfərədək ziyalısı rəsmən repressiya qurbanı sayılır. Onların reabilitasiyası isə bir də Stalinin ölümündən sonra baş tutmuşdu.
Universitetin intibah dövrü isə məhz onun 50 illiyin qeyd edilməsindən sonra başladı. SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibəti ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi. Sonralar da Heydər Əliyev Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə həssas yanaşırdı. Bu da onun BDU-ya olan sevgisinin göstəricilərindən biri idi.
Heydər Əliyev deyirdi: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir və bu sərvəti göz bəbəyi kimi qorumaq lazımdı”. O, BDU-ya olan məhəbbətini, ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”.
Mövcud olduğu 10 il ərzində BDU-nun saysız-hesabsız dünya şöhrətli məzunu olub. Onların arasında Nobel mükafatı laureatı Lev Landaunu xüsusi qeyd etmək lazımdı.
Bu illər ərzində BDU-nu bitirmiş on minlərin arasında ən yüksək dövlət postlarını tutmuş şəxslər, dünya şöhrətli elm və mədəniyyət adamları olub. Və onlar zaman-zaman BDU-nu xatırlayır, bu məbədi unutmurlar. Amma bir tarixi məqamı da sizinlə bölüşmək istərdim. 4 il əvvəl göndərilmişdi bu məktub. Bilirsinizmi haradan? Uruqvaydan, Azərbaycan prezidenti İlham Əliyevə:
“Hörmətli cənab Prezident!
Karamzinlər Evinin və Bakı Dövlət Universitetinin banisi - ilk rektoru, cərrah Razumovskinin ailəsi adından Sizə dərin ehtiramımı bildirir və doğum gününüzü təbrik edirəm.
Mənim ailəmlə Azərbaycan arasında ilk münasibətlər Sizin atanız, böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.
Bakı Dövlət Universitetinin, Sizin ailənin və dünya təbabətində kəşflər etmiş cərrah Razumovskinin adı Uruqvay Dövlət Universitetinin yerləşdiyi Montevideo şəhərində məşhurdur.
Mən də öz növbəmdə, Uruqvayın vətəndaşı olaraq Azərbaycanın mənafelərinə xidmət etməyə hazıram. Cənubi Amerika ölkələrinə və Uruqvaya yolunuz düşsə Sizi, ailənizin üzvlərini Montevideoda, şəhərin mərkəzi hissəsində yerləşən Karamzinlər Evinə dəvət etmək mənim və ailəm üçün böyük şərəf olar”.
Hə, məktubu BDU-nun ilk rektorunun nəvəsi Fyodor Boqorodski göndərmişdi. Prezidenti təbrik edirdi. Və fəxrlə deyirdi: “Mən də öz növbəmdə, Uruqvayın vətəndaşı olaraq Azərbaycanın mənafelərinə xidmət etməyə hazıram”. Azərbaycanı unutmurlar, prezidentə, Azərbaycana xidmət etməyə hazıram deyirlər. Və bunu deyən BDU-nun ilk rektorunun nəvəsidir.
Nə idi axı onları bu şəhərə bağlayan? Axı vur-tut bir il yaşamışdı onun babası Bakıda. Və bir daha bu şəhərə qayıtmamışdı! Amma bir məqam da var axı. Razumovski sonradan, heç bir tərəddüd etmədən xatirələrində Bakı və universitet haqda elə beləcə də yazacaqdı: “Ex oriente lux...” (“Şərqdən gələn işıq”). Lap sonradan, ömrünün sonuna yaxın yenə yazacaqdı: “Vivat, floreat, crescat Universitas Bacuensis!...”(“Yaşa, çiçəklən, böyü, Bakı universiteti”).
Arzusu istəyi çin çıxdı məncə Vasili İvanoviçin...
Bakı Dövlət Universitetinin “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur