...1992-93-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonlar ermənilər tərəfindən işğal olunandan sonra Laçından, Kəlbəcərdən didərgin salınan mülki insanların bir çoxu yaxın rayonlara pənah gətirmişdilər. Bərdə də belə rayonlardan biri idi. Həmin qarışıq günlərdə, ermənilərin Bərdəyə də hücum edəcəkləri haqda xəbərlər yayılarkən, bərdəlilər naməlum bir cinayətkarın əməlləri ilə üz-üzə qaldılar. Bərdədə bir-birinin ardınca cinayət hadisələri baş verdi. İnsanlar arasında həyəcanlı xəbərlər dolaşırdı. Hətta “ermənilərin təxribat qrupu artıq rayon ərazisindədir, bu işləri də onlar törədirlər” kimi şayiələr də yayıldı.
Baytarın qətli
Nüsrət Musayev Bərdədə tanınmış baytarlardan olub. İmkanından asılı olmayaraq, baytar kimi ona ağız açan hər hər kəsə əlindən köməyi gələni əsirgəməyib. Elə bu xüsusiyyətinə görə də bütün rayonda hamı onu “doktor” deyə çağırar və hörmətini saxlarmış. Oğlu Musayev Ramiz 1992-ci il may ayının 10-da Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olub.
Günlərin bir günü Nüsrət həkimin yoxa çıxması xəbəri yayılır. Oğlu bu barədə polisə məlumat verir.
Bu, artıq ikinci belə hadisəydi. 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum oldu, cinayət işi açıldı, istintaq başladı.
Əməliyyat hazırlanır
Polisin diqqətini bu olaylarda mühüm bir məqam cəlb eləyir: yoxa çıxanlar mal bazarı adıyla evdən çıxmışdılar. O zaman Bərdə rayon polis şöbəsinin rəisi podpolkovnik Namiq Quliyevin rəhbərliyi ilə əməliyyat planı hazırlanır.
Plana görə, mülki formada olan polis əməkdaşı əlində içi guya pulla dolu sellofan torbalarla mal bazarına girir və müxtəlif yerlərdə mal-heyvan satanlarla qiymət sövdələşməsinə başlayırlar. Məqsəd bəlli idi. Meyiti tapılan birinci şəxs – yəni, Əliyev Abbas Vəli oğlunun doğmaları onun evdən mal bazarına getdiyini deyirdilər. Öldü-qaldısı bilinməyən baytar Musayev Nüsrət Həsənalı oğlu da mal bazarına getmiş, ordan da yoxa çıxmışdı. Deməli, cinayətkarın burda olacağı ehtimalı çox böyükdür.
Mal bazarı gecə saat 2-dən yığılmağa başlayır və sabah saat 12-yə, 1-ə qədər davam eləyir. Polislər də alverin ən şıdırğı vaxtında bütün mal bazarı ərazisində hamıya diqqət eləməyə, şübhəliləri izləməyə başlayırlar. Belə böyük ərazidə əlbəttə, bu, mümkünsüz görünür. Ancaq peşəkarlıq olan yerdə mümkün olmayan heç nə yoxdu. Əməliyyat sırf məntiq üstündə qurulmuşdu. Bu bazara alverə gələn adamda hər iki halda pul olur. Biri mal almaq üçün pulla gələr, başqa biri qismət olarsa, malını satıb, yenə pulla evinə qayıdar. Deməli, bazarın hər iki başında pul var. Əgər gecə yarısı, ya səhərə yaxın evindən mal bazarı adı ilə çıxıb yoxa çıxanlar varsa, deməli, elə həmin yeri də nəzarətə götürmək lazımdı.
Şübhəli var...
Səhər saat 11-12 radələrində bir nəfər şübhəli şəxsi artıq mülkü formada olan polislər izləyirdilər. Şübhəli şəxs bir nəfəri bazardan uzaqda saxladığı “UAZ” markalı avtomobilə mindirir və bazardan uzaqlaşır.
Polislər avtomobili izləməyə başlayırlar. Və birdən arxa şüşədən görürlər ki, qabaqda oturan sərnişini kimsə sürətlə arxa oturacağa çəkdi.
Bundan sonra hadisələr ildırım sürətilə baş verir. Köhnə buraxılışdan olan L – 09 78 nömrə nişanlı QAZ-69 markalı avtomobili izləyən əməkdaşların tələblərini yerinə yetirməyən sürücü manevr eləyərək sürəti daha da artırır, polislərdən uzaqlaşmağa çalışır. Polislər atəş açırlar, “UAZ” yol kənarındakı beton maneəyə dəyib dayanır.
Maşında olan üç nəfərdən biri, yəni aldadılıb vurulan sərnişin qan içindəydi, onu xəstəxanaya çatdırırlar, həyatını xilas eləmək mümkün olur. Sürücü yaxalanır, arxada oturan oğlan isə qaçır.
Əməliyyat qrupu avtomobildən düşüb qaçan oğlanın tutulması üçün tədbirlər həyata keçirdiyi vaxtda UAZ-dan düşürülən Ağdam sakini Həsənov Elman Xəlil oğlu olayı belə nəql edir: onlar arxa oturacaqda olan kişini tanımırlar, təsadüfən avtomobili arxaya verəndə qarışıqlıqda ona toxunublar, yıxılıb, başı əzildiyindən maşına uzandırıblar ki, həkimə aparsınlar. Qısası, kişiyə heç nəyi sübut eləmək mümkün olmur. Əməliyyatçılar isə artıq meşəyə qaçan oğlanın tutulması üçün əməliyyatı davam etdirirdilər. Və onu da tuturlar.
Tutulanlar kimdir?
Yolda maşından düşüb qaçan oğlan tutulduqdan sonra onun kimliyi çoxlarını təəccübləndirir. Həsənov Elşən Elman oğlu. Birinci tutulan və cinayətlərdə şübhəli bilinən həmin Həsənov Elmanın oğlu... Cinayətkar ata və oğul!
Həsənov Elşən, atasından fərqli olaraq, elə maşındaca boynuna alır ki, 1993-cü il iyul ayının 11-də mal bazarından çıxan bir nəfəri öldürərək cibini soyub, Ərəblər kəndinə gedən yolun kənarına tullayıblar. Bu adam iyul ayının 6-da təsadüf nəticəsində meyiti tapılan Bərdə rayonu Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu idi.
22 yaşlı gənc onu da etiraf edir ki, 1993-cü il avqust ayının 1-də cinayət başında, yəni İbişov Xasayı öldürmək istəyəndə yaxalandıqları günün səhəri də daha bir nəfəri öldürüb, meyitini gizlədiblərmiş.
Bu adam Bərdə rayon sakini Abbasov Binnət Əhməd oğluymuş... Qatil oğul əməliyyatçılara meyitin yerini göstərməyə razı olur...
Peşəkar qatillər
Bu iki şəxsin – ata və oğulun öz qurbanlarını hansı qəddarlıqla öldürüb soyduqları hamını dəhşətə gətirir.
Gələk doğma qatillərin iş üslubuna. Əvvəlcə ata mal bazarına daxil olur, müşahidə aparır, alver eləyənlərə diqqət edir. Qurbanını müəyyən etdikdən sonra ona yaxınlaşır, mal satmaq, yaxud almaq istədiyini deyib, oğlunun gözlədiyi UAZ markalı avtomobilə otuzdurur. Guya sərnişinə hörmət əlaməti olaraq oğlunu arxaya keçirir, özü sükan arxasına əyləşir. Yolun adamsız hissəsində oğul arxadan ağır dəmirlə sərnişinin gicgahından vurub, qüvvətli qolları ilə arxaya çəkir, arxada isə ayağını boğazına basır və dəmir alətlə ürəyinin üstünə zərbələr endirib huşsuz halda olan yaralını qətl edir... Cib soyulur, meyit gözdən uzaq kanal qırağına atılır...
Doktorun cəsədi tapılır
İstintaq zamanı Həsənov Elmanın heç kimin gözləmədiyi halda həddindən artıq möhkəm və qəddar adam olduğu məlum olur. Qatil nəinki törətdikləri cinayətləri etiraf edir, hətta oğlunu, qurbanların qohumlarını belə ölümlə hədələyir. Onda polis rəisi podpolkovnik Namiq Quliyev onunla onun öz dilində danışmağa qərar verir... Peşəkar əməliyyatçı ona deyir ki, əgər doktor Nüsrətin də meyitinin yeri desə, ona güzəşt edəcək. Elman kişi təcrübəli polisin toruna düşür və ikinci qurbanın – doktor Nüsrətin cəsədini atdıqları yeri göstərməyə razı olur. Əməliyyatçılar cəsədi kanalın kənarından tapırlar.
İstintaqın gedişində Bərdə rayonu Polis şöbəsi tərəfindən Ağdam rayon Polis şöbəsinə rayon işğal olunmazdan əvvəl üstü açılmayan cinayətlərlə bağlı sorğu göndərilir. Alınan cavablar hamını şoka salır...
Ağdamda açılmayan cinayətlər
- 1993-cü il may ayının 23-də Ağdam rayonu Ətyeməzli kəndinin sakini Haqverdiyev Saday Savalan oğlu yoxa çıxıb, bir gün sonra may ayının 24-də meyiti tapılıb. Meyitin ekspertizası zamanı məlum olub ki, sağ qulağı nahiyəsindən küt alətlə vurulub, 3-4-5-ci qabırğaları sındırılaraq qətlə yetirilib.
- 1993-cü il iyun ayının 6-da Ağdamın Çəmənli kənd sakini Abdullayev Səmiyəddin Əvəz oğlu Ağdam mal bazarına gedib, həmin gün yoxa çıxıb. İndiyə qədər öldü-qaldısından xəbər yoxdu.
- Ağdam şəhər sakini İbrahimov Telman Həmzə oğlu. 4 iyul 1993-cü ildə yoxa çıxıb, meyiti 4 gün sonra Kəngərli yolunun kənarından tapılıb. Ekspertiza nəticəsində məlum olub ki, başından küt alətlə vurulub, qabırğası sındırılaraq qətlə yetirilib.
- Ağdam rayonu Kürdlər kəndinin sakini Quliyev Bakir Fərrux oğlu mal bazarı ərazisindən yoxa çıxıb, meyiti 1993-cü il iyul ayının 11-də təsadüfən Ağdam-Yevlax yolunun kənarından çürümüş halda tapılıb. Başından və sinəsindən aldığı zərbələr səbəbindən öldüyü məlum olub.
Oxşar qətllər
Biz Bərdədə baş verən 3 ölüm hadisəsinin və bir qətlə cəhdin hansı üsullarla həyata keçirildiyindən artıq xəbərdarıq.
Məşhur “Arxadan vurulan zərbə” filmi yadınızdadırmı? Xatırlayırsınızsa, 70-ci illərdə baş vermiş cinayət hadisələrinin üstü 30-cu illərdə törədilən qətlin köməkliyi ilə açılır. İcraçılar eyni metoddan yararlanmışdılar. Bizim istintaqda da təxminən belə olur, ancaq bu dəfə sonradan açılan qətllər əvvəlki cinayətlərin üstünə işıq salır.
Dəhşətli etiraflar
Artıq nəyisə mümkün olmadığını anlayan ata-oğul etiraflara başlayırlar və 1993-cü il may ayının 23-də Ağdam rayonu Ətyeməzli kəndinin sakini Haqverdiyev Sadayı, 1993-cü il iyun ayının 6-da Ağdamın Çəmənli kənd sakini Abdullayev Səmiyəddini, yenə həmin gün, yəni iyun ayının 6-da Ağdam rayonu Kürdlər kəndinin sakini Quliyev Bakiri, 4 iyul 1993-cü ildə Ağdam şəhər sakini İbrahimov Telmanı amansızlıqla qətlə yetirdiklərini, ciblərini soyub meyitləri gizlətdiklərini boyunlarına alırlar.
Məlum olur ki, öldürülənlərdən bəzilərini tanıdıqlarından onları aldadıb maşına otuzdurmaq elə də çətin olmayıb. Qətlə yetirilən Ətyeməzli kənd sakini Haqverdiyev Saday isə qatillərin qapı qonşusuymuş və ata-oğul hətta onun yasında da iştirak eləyib, başsağlığı veriblər.
Ağdam Rayon Polis Şöbəsindən göndərilən sənədlər arasında Həsənov Elmanın bacısının qaynı Mehdiyev Vahid Şirzad oğlunun da 1993-cü ilin fevral ayından naməlum şəkildə yoxa çıxdığı bildirilirdi. İstintaqçılar haqlı olaraq bu məsələdə də ata və oğulu şübhəli bilirdilər. Şübhələr doğru çıxır. Həsənov Elşən bildirir ki, Mehdiyev Vahidi atası öldürüb və bu haqda özü ona deyib. Elman əvvəlcə qəti şəkildə bu məsələylə heç bir əlaqəsi olmadığını desə də, sonradan qohumunu öldürdüyünü etiraf edir. İstintaq materialına görə, hadisə belə olub. Həsənov Elman Mehdiyev Vahidlə birlikdə tanıdıqları bir hərbçinin evindən oğurluq edirlər. Aradan bir müddət keçdikdən sonra Vahid qorxaraq payına düşən oğurluq mallardan imtina edir. Elman başa düşür ki, Vahid onu sata da bilər. Ona görə də qohumunu evlərinə çağırır, başından küt alətlə vurub öldürür, sonra maşına qoyub kimsəsiz yolların birinə gətirir, avtomobillə meyitin üstündən 3-4 dəfə keçir ki, cəsəd tapılsa, onun avtoqəza nəticəsində öldüyü təəssüratı yaransın. 1993-cü il iyul 23-də Ağdam işğal olunur və Vahidin cəsədini tapmaq mümkün olmur. Hadisənin səbəbkarı da, şahidi də qatil Elman özüdür...
“Dedi get, oğurluq elə...”
Hüquqşünasların təbirincə desək, hər bir cinayətin motivi var. Həm Ağdamda öldürülən 5 nəfərin, həm Bərdədə eyni qayda ilə qətlə yetirilən 3 nəfərin, həm də öldürməyə imkan tapmadıqları İbişov Xasayın qurban kimi seçilmələrinin bir səbəbi olub: soyğunçuluq və talan! Görün, Həsənov Elman bunun səbəbini necə izah edir: “Getdim Ağdam karxanasının müdiri Kərimovun yanına, dedim, kasıbçılıq basıb məni, bir az pul ver. Vermədi, dedi get, oğurluq elə, banditlik elə... Gərək elə onu öldürəydim, adım da hər yerdə çıxaydı...”
Etiraf eləyək ki, belə çoxepizodlu amansız qətlləri adətən manyaklar, yaxud normal psixoloji durumda olmayanlar həyata keçirir. Ancaq 9 adam öldürdüklərini etiraf eləyən ata və oğulun psixoloji ekspertizası zamanı aşkara çıxır ki, hər iki şəxsin intellekti aşağı səviyyədə olsa da, normal düşüncə sahibi olublar. Düzdü, bəzi qeyri-adiliklər də istisna deyil. Bu anormallıqlardan biri də odur ki, Elşən atası Elmanın ikinci arvadının qızına evli idi. Yəni ata-oğul ana-balanı almışdılar.
Bu da son!
İşə Bərdə Rayon məhkəməsində Ali Məhkəmədən gələn hakimlər baxırlar. Hökm cinayətkarların törətdikləri əməllər kimi amansız və qəti olur: Güllələnmə!
1994-cü ildə Azərbaycanda güllələnmə hökmü ömürlük həbs cəzası ilə əvəz olunur. Ata-oğul qatillər ömürlük məhkum olunurlar. Ata Həsənov Elman Xəlil oğlu həbsxanadaca ömrünü başa vurub, oğul isə hələ həbsxana divarları arasında ömrünü yaşayır... Əgər buna ömür və yaşamaq demək mümkünsə...
***
İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü “Lent.az”-dan oxuyun!
Filmi bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=yJmuEVDubSw