Şüvəlanda insanlıq dramı: 20 ailə səfalət içində yaşayır - VİDEO
04 sentyabr 2019 19:01 (UTC +04:00)

Şüvəlanda insanlıq dramı: 20 ailə səfalət içində yaşayır - VİDEO

Şüvəlandakı məcburi köçkünlərin məskunlaşdığı pansionatdayıq. Burada 20 ildən çoxdur məskunlaşan məcburi köçkün ailələrindən 200 nəfəri bu ilin aprel ayından etibarən köçürülüb. Hazırda 20 ailə sözügedən pansionatda acınacaqlı vəziyyətdə məskunlaşıb.

Mürsəl Həsənov Xocalıdan olan məcburi köçkündür: “İki ailə üzvüm şəhiddir. Xocalı faciəsinin canlı şahidlərindən biriyəm. 20 ildən artıqdır gördüyünüz bu pansionatda məskunlaşmışıq. Buranı artıq yaşayış məskəni adlandırmaq olmaz, xarabalığı xatırladır. 4 aydır vəziyyət daha da acınacaqlıdır. 20 ildir bu şəraitsizlik davam edirdi, amma indi dayanılası vəziyyətdə deyil”.

Onun sözlərinə görə, 200 ailə Kürdəxanı qəsəbəsində yeni inşa edilmiş şəhərciyə köçürülüb: “Bizim də adımız o siyahıda var idi, biz də köçürülməli idik. Sadəcə, Nazirlər Kabinetinin 65 saylı qərarına əsasən 4 nəfər ailə üzvü olan məcburi köçkün ailə üzvünə 3 otaqlı mənzil verilməlidir, lakin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bizə sözügedən qəsəbədə ailə tərkibimizə uyğun otağın olmadığını bildirdi. İki otaqlı mənzillər 4-5 ailə üzvü olan adam üçün məqbul deyil. Biz də təklifi buna görə qəbul etmədik”.

Knyaz Nəbiyev burada məskunlaşanda gənc olub: “İndi nəvəm böyük oğlandır. Hansını deyim? Oğlum evlənəsidir. Biz müraciət edirik ki, mənzillə təmin edin, deyirlər gözlə. Nə qədər gözləyək? Bura avtobus bir saatdan bir işləyir”.

Əsmər Məmmədovanın bir övladı ruhi xəstədir: “Qızım, elə gün yoxdur ki, təcili yardım çağırmayım. Xəstəyəm. Bir oğlum ruhi xəstədir. Şərait dözülməzdir. Suya həsrətik. 20 ildir həftədə bir dəfə bura su maşını gəlir, suyu pulla alırıq. Baxın su saxladığımız yerlərə. Başdan-ayağa antisanitariyadır. 4 aydır suyu bizə pulsuz verirlər. O da indi pulsuz olduğu üçün 15 gündən bir gəlir”.

Məmmədovlar ailəsi Ağdamdan məcburi köçkündür. Uzun illərdir Şüvəlanda Maşınqayırma Pansionatının 1 otağında yaşayırlar. Dörd övlad böyüdüblər. Hazırda onlardan biri ruhi xəstədir, ailə başçısı isə 11 aydır yataq xəstəsidir: “Gecəsi daha təhlükəlidir artıq. Sökülüb pansionat. Gecə saatlarında tülkülər həyəti darmadağın edir. İnanın, 9-dan sonra bayıra çıxmaq olmur. 20 ailə dözülməz durumdadır. Neçə dəfələrlə ilan öldürmüşəm yaşadığım mənzildə”.

Bayandur İsgəndərov burada qızı ilə məskunlaşıb: “Qızımla qalıram, iki adamıq, illərdir növbədəyik. Xahiş edirəm, 70 yaşım var, mənzillə təmin etsinlər. Mən heç, axı övladımın da yaşamağa yeri yoxdur”.

Xədicə Muxtarova 6-cı sinif şagirdidir. Pansionatda fəaliyyət göstərən məcburi köçkün məktəbinin şagirdi olub. İndi məktəb sökülüb: “Bütün ailələr burda olanda burda təhsil almışıq. Yaxşı da oxumuşuq. Baxmayaraq ki, şəraitsizlik idi. İndi daha pisdir. Bizə servis veriblər. O avtobus bir gün bizi məktəbə aparır, digər gün işləmir. Gedib qohum evində qalıb, Kürdəxanıdakı məktəbdə təhsil alırıq. Məsafə uzaqdır. Bir evimiz, bir məktəbimiz olsun”

Jurnalist həmkarımız Rövşən Əsədovla da burada rastlaşdıq. İllərdir ailəsi ilə birgə burda məskunlaşıb: “Kürdəxanıda 810 ailəlik məcburi köçkün şəhərciyi salınıb. Bir qisim ailə köçürülüb. Ailə tərkibi böyük olanlar isə qaldı. Mehriban xanım Əliyevaya problemin həlli bağlı müraciət etmişik və ümid edirik ki, yaxın günlərdə məsələ öz müsbət həllini tapacaq”.

Məsələyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də münasibət bildirilib. Qeyd olunub ki, 2018-ci ilin ikinci yarısından etibarən Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Maşınqayırma pansionatında müvəqqəti məskunlaşmış 226 ailənin Bakı şəhərinin Qaradağ rayonu ərazisində inşa edilmiş “Qobu Park” yaşayış Kompleksinə köçürülməsi nəzərdə tutulsa da, pansionatda məskunlaşmış məcburi köçkün ailələri yaşayış kompleksinin onların hazırkı iş yerləri və övladlarının təhsil ocaqlarından uzaq məsafədə olmasını səbəb gətirərək, hamılıqla “Qobu Park” yaşayış kompleksinə köçməkdən imtina edib, 2019-cu ildə istifadəyə verilməsi gözlənilən Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə köçürülmək istədiklərini bildiriblər. Komitədə fəaliyyət göstərən Komissiya tərəfindən sözügedən, təxminən 40 məcburi köçkün ailəsi ilə aparılan davamlı danışıqlardan sonra həmin məcburi köçkün ailələrinin 2020-ci ildə Ramana qəsəbəsində inşası başa çatdırılacaq yeni yaşayış kompleksinə köçürülməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1064

Oxşar yazılar