1224
19:30
02 Sentyabr 2019

Azərbaycanın ali məktəblərində ölü ixtisaslar var - AÇIQLAMA

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatıb.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali məktəblərdən öyrənə bilərlər.
Abituriyentin qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Ümumiyyətlə, bu il nə qədər plan yeri boş qaldı və tələbə adı qazananlar daha çox hansı ixtisaslara üstünlük verdilər?
Təhsil eksperti Kamran Əsədov Lent.az -a bildirib ki, 2019-cu ildə keçirilən imtahanların nəticələrinin təhlilinə görə bu il tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 faiz, 20 ali məktəbdə 90 faizdən çox, 9-da 80 faizdən çox dolub: “Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali məktəblərin plan yerləri 70 faizdən çox dolub.
Məlumdur ki, bu il 48 min 506 nəfərlik qəbul planı müəyyən olunub.
2018/2019-cu tədris ili üçün respublikanın ali məktəblərinə qəbul üçün 45159 yer ayrılmışdı. Bunlardan 138 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (64 yer ADA Universitetinə SAT balına əsasən qəbul olunanlar) tərəfindən tutulub. Qalan yerlərdən 31554-ü Azərbaycan bölməsi, 3783-ü rus bölməsi, 9684-ü isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Qəbul planındakı 38429 yer dövlət, 6730 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 11871 yer ali məktəblərə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu. Bunlardan 66 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. 2019-cu ildə ali məktəblərə qəbul planı 2018-ci illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22 artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43 faiz artım deməkdir”.
K.Əsədov “Təhsil haqqında” qanuna edilən dəyişikliyə və subbakalavrların imtahansız universitetə qəbul olmaq hüququ qazanmasına toxunub və 4774 nəfərin bundan yararlanıb ali məktəblərə qəbul olmağa nail olduğunu xatırladıb. Onun sözlərinə görə, qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub: “Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44 faizinin subbakalavrlar olduğunu görərik. Amma qəbul olan subbakalavrın böyük əksəriyyəti ya işləyir, ya da ailə həyatı qurub. İxtisasların isə 90 faizinin əyani olduğunu nəzərə alarsaq, bu hal onlara çətinlik yaradacaq”.
Təhsil eksperti onu da bildirib ki, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasına daha çox üstünlük veriblər. Digər ixtisaslara seçim bunlarla müqayisədə az olub”.
Ekspertin sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır: “Orta statistik qız abituriyentin özündə humanitar ixtisasları birləşdirən III ixtisas qrupuna istəyi çox yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi “iqtisad və idarəetmə ixtisaslarına” (II qrup) az maraq göstərirlər. Rus bölməsinin qız abituriyentlərinin isə həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Burada qızlar tibb ixtisaslarına üstünlük verirlər. V ixtisas qrupunda oğlanlar daha çox idman ixtisasların meyl edirlər. Bu qrupda qabiliyyət tələb edən ixtisaslardan ən çox qızlar təsviri sənət müəllimliyi ixtisasını seçirlər”.
K.Əsədov qeyd edib ki, Azərbaycanda populyar və ölü ixtisaslar var: “Yüksək bal toplayan abituriyentlər əmək bazarında daha çox ehtiyac olan ixtisasları seçirlər. Yerdə qalanlar isə kənarda qalmamaq üçün digər ixtisasları seçirlər. Təəssüf ki, onlar məktəbi bitirdikdən sonra işlə təminatda problem yaşayırlar”.
Dünya təcrübəsində də Azərbaycanda olduğu kimi birinci qəbul, əlavə yerləşdirmə kimi mərhələlərin olduğunu deyən müsahibimiz əlavə qəbul zamanı keçid balının heç bir halda dəyişdirilmədiyini bildirib: “Universitetin tələbləri sonuna kimi qorunur. Hazırda ali məktəblərdə qəbul aparılan kifayət qədər ixtisaslar var ki, onlara ehtiyac yoxdur, ölü ixtisaslardır. Bu ixtisasları bitirənlər əmək bazarında işlə təmin olunmur. Bizdə yeni ixtisaslara ehtiyac var. Təəssüf ki, bizim universitetlərdəki bir çox ixtisaslar əmək bazarının tələblərinə cavab vermir. Ümid edirəm ki, Nazirlər Kabineti bununla bağlı araşdırmalar aparacaq və bu sahə tənzimlənəcək”.