210
17:35
30 Avqust 2019

Varşava toplantısı: Böyüklərin iddiası, kiçiklərin şıltaqlığı - TƏHLİL

İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyi münasibətilə sentyabrın 1-də Polşada keçiriləcək sammitin xüsusi önəmi həm də ondan ibarətdir ki, Polşa bu müharibənin əsas iştirakçısı olan Rusiyanı tədbirə dəvət etməyib. Polşa rəhbərliyi Rusiya prezidentinin Varşavaya səfərinin arzuolunmaz hesab olunduğunu bəyan edib. Rəsmi Varşava Kremlin hazırkı siyasəti ilə Adolf Hitlerin savaşdan öncəki fəaliyyəti arasında bir çox bənzərliyin olduğunu bildirir. Polşa rəhbərliyinin məsələ ilə bağlı mövqeyi Baş nazirin müavini Yatsek Sasin tərəfindən ifadə edilib. O, Rusiya prezidenti Vladimir Putinin “qonşularına qarşı silahlı aqressiya həyata keçirən bir ölkənin lideri” olduğunu deyib. “Hər halda qonşularına münasibətdə Hitlerin metodlarından istifadə edən bir adamın Almaniyanın Polşaya silahlı müdaxiləsi ilə bağlı keçirilən tədbirə dəvət edilməsi olduqca yersiz görünərdi”, - deyə rəsmi Varşavanın nümayəndəsi söyləyib.
Rusiya prezidentinin bu tədbirə dəvət edilməyəcəyi əslində bu ilin yazından məlum idi. Həmin vaxt Polşa prezident dəftərxanasının müdir müavini Pavel Muxa ölkəsinin adıçəkilən tədbirə yalnız Avropa Birliyi və “Şərq tərəfdaşlığı"na daxil olan dövlətlərin rəhbərliyini dəvət edəcəyini söyləmişdi.
Pavel Muxa Putinin niyə dəvət edilməməsini belə izah etmişdi: "Tədbirə yalnız Avropa Birliyi və “Şərq tərəfdaşlığı”nın üzvləri dəvət edilib. Ona görə də Belarus prezidenti Lukaşenko dəvət edilib, Putin isə yox. Biz tarixi yolla getmirik, bütün dövlətləri dəvət etmirik. Məsələn, Yaponiyanı da dəvət etmədik”.
Pavel Muxa Rusiyanın sələfi olan SSRİ-nin faşist Almaniyasının məhvindəki payının çəkisini də şübhə altına alıb. O, 17 sentyabr 1939-cu ildə SSRİ hərbi birləşmələrinin Polşaya daxil olmasını pisləyib, bu hadisəni İkinci Dünya müharibəsinin səbəblərindən biri kimi səciyyələndirib.
Rusiya Xarici İşlər Nazirliyi isə Polşanın “80-ci il tədbirləri”ni Moskvasız keçirməsini qəzəblə qarşılayıb. Moskva Polşa rəhbərliyinin dünyagörüşündə problem olduğunu, habelə “onların öz siyasi prioritetlərinə görə İkinci Dünya müharibəsinin tarixini saxtalaşdırmaq niyyəti daşıdıqlarını” açıqlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu məsələdə Varşavanı qərəzdə suçlayıb və “Rusiyanın iştirakı olmadan bu müharibə ilə bağlı keçirilən heç bir tədbir mötəbər hesab edilə bilməz” bəyanatını verib.
Polşanın Rusiyaya qarşı bu münasibəti iki ölkə arasında böyük siyasi qalmaqala səbəb olub. Bir qədər öncə Polşa prezidentinin sözçüsü K. Şerski tədbirə yalnız NATO-ya, Avropa Birliyinə və “Şərq Tərəfdaşlığına” üzv ölkələrin dəvət edildiyini söyləyib. Rusiya ilə bağlı suala cavab verən K. Şerski Polşanın yalnız “beynəlxalq hüquq prinsiplərinə riayət edən” ölkələrlə əməkdaşlığa üstünlük verdiyini qeyd edib, bildirib ki, hazırda onun ölkəsi tarixi deyil, müasir reallıqları nəzərə almağa üstünlük verir. Polşa hakimiyyəti Kremlə yönəlik bu addımının Rusiyanın Ukrayna məsələsi ilə bağlı olduğunu da deyib. Digər tərəfdən, Varşava və Kiyev iqtisadi baxımdan yaxın tərəfdaşdır və Polşa hazırkı situasiyada Ukrayna ilə münasibətlərini korlamaq istəmir.
Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp da Polşaya nəzərdə tutulan rəsmi səfərini “Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasına görə” təxirə salıb. Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcək. Görünən budur ki, “qasırğa təhlükəsi” bəhanədir və böyük ehtimalla Rusiyanı G7-ə dəvət edən D. Tramp bu mərhələdə Rusiya ilə növbəti dəfə açıq qarşıdurmaya getmək istəməyib.
Belarus prezidenti Aleksandr Lukaşenko da bəyan edib ki, tədbirə qatılmayacaq, səbəb kimi isə Putinə qarşı yol verilən hörmətsizliyi göstərib.
Əslində, Polşada keçirilən tədbirə münasibəti 80 il öncə başlanılan müharibənin daha sivil formada davamı da saymaq olar. Dünyanın yenidən bölüşdürülməsi məsələsi həmişə aktual olub və bu, İkinci Dünya müharibəsinə münasibətdə də özünü göstərir. Bu müstəvidə Varşava xüsusi rol oynayır. Hazırda Polşa Avropanın ən mühüm ölkələrindən biridir və Varşavanın Moskva ilə münasibətində gərginlik bu gün də hökm sürür. İkinci Dünya müharibəsinə münasibətdə polyaklar ruslara və almanlara eyni münasibəti bəsləyir. Onlar Berlini və Moskvanı eyni dərəcədə müqəssir hesab edirlər. Lakin bu gün Polşa daha çox Almaniya və ABŞ-a meyl edir. Ona görə də hər iki ölkəni adıçəkilən tədbirə dəvət edir.
Bu gün Polşa və Rusiya münasibətləri “soyuq savaş” səviyyəsindədir. Unutmaq olmaz ki, Polşa Rusiya-Avropa Birliyi danışıqlarına veto qoymuşdu. Daha mürəkkəb siyasi və iqtisadi məsələ isə tranzit ölkə kimi Polşanın rolunun Rusiya tərəfindən azaldılması cəhdi ilə bağlı idi. Rusiya və Almaniya arasında “Şimali Avropa qaz kəməri”nin tikintisi Varşavanı narazı salıb. Bu layihə Rusiya, Almaniya və ən böyük alman qaz şirkətlərinin maraqları birgə nəzərə alınmaqla həyata keçirilir. Varşava göstərilən layihəyə mane ola bilmədi. Lakin Polşa Rusiyanın əsas rəqiblərindən olan Ukrayna ilə yeni “qaz anlaşmaları”na imza atdı. Bununla da, Rusiyadan əvəz çıxdığını nümayiş etdirdi. Digər tərəfdən, Polşa ABŞ-dan maye qaz idxal edir. Bu addımla Varşava Rusiyadan aldığı təbii qazın bahalaşması nəticəsində çəkdiyi zərərin əvəzini çıxmaq istəyir.
Polşa bəyan edir ki, bu il Rusiyanın Sibir yataqlarından idxal etdikləri təbii qazın qiyməti ötən ilkindən xeyli bahadır. Ona görə də Varşava ABŞ-dan maye qaz idxal etmək qərarına gəlib. Polşanın PGNİG və ABŞ-ın “Cheniere Marketing İnternational” şirkəti arasında imzalanan 24 illik müqavilə 2019-2022-ci illərdə hər il 0,52 milyon ton, 2023 - 2042-ci illər ərzində isə hər il 1,45 milyon ton maye qaz tədarükünü nəzərdə tutur. Həmçinin Polşa “Venture Global LNG” şirkəti ilə də 20 il ərzində hər il 2 milyon ton maye qazın Polşaya idxalını nəzərdə tutan müqavilə imzalanıb. Varşava ABŞ maye qazının Rusiya təbii qazından 20-30 faiz ucuz başa gələcəyini də bildirilib. Bu addımla Polşa Rusiyaya iqtisadi zərbə vura bilib. Onu da vurğulayaq ki, Polşa strateji nöqtədə yerləşir. Bu baxımdan, əgər NATO və Rusiya arasında hərbi qarşıdurma baş verərsə, Polşa taktiki nüvə sınaqlarının meydanına çevrilə bilər. Bunu anlayan Varşava vəziyyətin daha da kritik çalar almasını arzulamayacaq. Lakin Polşa öz ərazisində NATO-nun ön xəttinin gücləndirilməsi strategiyası hazırlayır, Avropada ABŞ hərbi bazasının qurulmasına açıq yardım edir.
"Varşava sammiti" nəyi bir daha üzə çıxarmış olur? Dünyada təhlükəsizliyin, ölkələr arasında münasibətlərin nə dərəcədə kövrək olduğunu... Bir də kiçik dövlətlərin əl-ayağa dolaşmasının böyüklərin ürəyincə olmamasının. Bir-birinə kin bəsləyən tərəflər hər an qarşısındakını əzmək ehtirası ilə alışır. Polşanın bu addımında əsas məqsədin Varşavanın Qərbə inteqrasiya tərəfdarı olduğunu ehtimal etmək olar. Lakin o da diqqətdən qaçmamalıdır ki, Polşa kimi ölkələr Rusiyaya qarşı ələ düşən xırda fürsətdən belə yararlanmaq istəyirlər. İndiki halda Polşa ev sahibi olduğundan qərarların verilməsi təbii kimi birbaşa ondan da asılıdır, Varşava da bundan istifadə edir. Lakin Polşanın Rusiya prezidentinə qarşı tutduğu mövqe, görünən budur ki, heç də bütün müttəfiqləri, o cümlədən əsas müttəfiq və söz sahibi olan ABŞ-ın, prezident Trampın ürəyincə deyil. Həm də o səbəbdən ki, Polşa kimi ölkələrin böyük səhnələrdə boy göstərmək istəməsi həqiqi böyüklərin xoşuna gəlmir. Ona görə də belələrinə hərdən yerini göstərməyə ehtiyac yaranır. Birbaşa olmasa da, dolayısı yolla. Lap elə Tramp kimi sammitdə iştirak etməməklə - "böyük oyunları böyük oyunçular oynayır, siz gedib başqa yerdə oynayın" mesajı verməklə...
APA -Analytics