593
20:15
30 Avqust 2019

“Tələ-gəmi”lər: ölüm oyunu, “alverçi” xəfiyyələr... – Tarixin sandığından

Almanların yüngül “Maqdeburq” kreyseri Birinci Dünya müharibəsinin lap əvvəlində rus donanması tərəfindən batırılmışdı. Rusiya dalğıcları gəmini tədqiq edəndə kapitanın kayutundan almanların dəniz şifrini tapmışdılar. Bu faktın almanlardan gizlin qalması üçün komandanlıq gəmidə axtarış aparan hərbi dalğıclara “düşmən gəmisini başdansovdu axtardıqlarına görə” töhmət elan etdi.

Ruslar tapılmış şifr barədə məlumatı o vaxt müttəfiq olduqları ingilislərə çatdırır, dalınca da şifrin özü Londona göndərilir. Bu şifr almanlarla, xüsusilə də onların sualtı qayıqları ilə mübarizədə çox faydalı olur. 1915-ci ildə ingilislər özləri də alman şifrini ələ keçirirlər.

Lakin almanların sualtı qayıqları Böyük Britaniyanın bütün dəniz nəqliyyatı üçün təhlükə idi. Onlara qarşı xüsusi dəniz ovçuları və hidroplanlar fəaliyyət göstərsə də, dərinlik bombaları artıq ixtira edilsə də, mətbuatda ara-sıra batırılmış sərnişin və yük gəmiləri barədə məlumatlar gedirdi.

İngilis admirallığına sualtı qayıqları aşkar və məhv etmək üçün layihələr, ideyalar hər tərəfdən gəlirdi. Bu qəbil məktubları hətta Amerikadan belə alırdılar. Belə məsləhətlərin çoxu tam mənasız, bir xeyli hissəsi məzəli idi. Amma layihələrin arasında ikisi diqqət çəkmişdi deyə, onları sınamaq qərarına gəldilər.

Layihələrdən birinin müəllifi Nyu-Yorkdakı “Odyubon” cəmiyyətinin prezidenti Pirson idi. O? təklif edirdi ki, ingilis sualtı qayıqları dənizin müəyyən yerlərində suyun üzünə çıxaraq, qayığın səthinə quş yemi səpsinlər ki, bu yolla sahil qağayılarının diqqətini cəlb edə bilsinlər. Pirsonun fikrincə, qağayılar qısa müddətdən sonra öyrəşərək, suyun üzündə görünən bütün sualtı qayıqları izləyəcəkdi. Dənizin ortasında dövrə vurub uçuşan qağayılar sualtı qayığın harda olduğunu göstərəcəkdi.

İkinci təklif isə bir zooloqdan gəlmişdi. O, admirallığa təklif edirdi ki, suitiləri sualtı qayıqların dalınca düşməyə öyrətsinlər. Lakin bu sınaq axıra çatdırılmadı.

Məşhur dəniz rəssamlarından biri təklif edirdi ki, gəmilərin ön hissəsini rəngbərəng etsinlər. Onun fikrincə, bu, düşmənə imkan verməzdi ki, uzaqdan gəmini tanıya, onun tonnajını müəyyənləşdirə, hara getdiyini aydınlaşdıra bilsin. Bu təklif bəyənildi və ticari gəmiləri müntəzəm olaraq, kamuflyaj rənglərlə örtməyə başladılar.

Admirallığın hərbi-dəniz kəşfiyyatı da öz təklifini irəli sürdü.

Hələ yelkənli donanmanın yarandığı ilk illərdə “tələ-gəmilər”dən istifadə olunurdu. Düşmən kreyserlərinə, yaxud kaerlərə tuş gəlmək ehtimalı olan uzaq məsafələrə gedən ticarət gəmiləri tez-tez freqat kimi bəzənir, onların gövdələrində ağac toplar qurulurdu.

Haşiyə: “Kaper” sözü çox qədimdir; ondan IX əsrdən bəri Aralıq dənizi sahillərində yaşayanlar istifadə ediblər. “Korsar” termini ondan xeyli sonra, XIV əsrdə yaranıb və italyanların “Korsa” və fransızların “lya kors” sözündən əmələ gəlir. Daha sonralar (1664-cü ildə) “privatir” (privateer” sözü əmələ gəldi. Bu sözlə kaperin ingilis olduğunu göstərmək istəyirdilər. Kaperlər, privatirlər və korsarları adi dəniz quldurlarından, piratlardan fərqləndirən odur ki, onların quldurluq üçün hakimiyyətdən birbaşa icazəsi vardı və qarət obyekti yalnız düşmən gəmiləri olurdu.

Məhz bu yayındırıcı tədbirlərə görə bir çox yük gəmiləri təhlükəli zonalardan uğurla keçirdilər, çünki kiçik hərbi gəmilər onların üzərinə hücuma keçməyə ürək etmirdilər. İngiltərənin Napoleonla müharibəsi zamanı cəsarətli və çoxbilmiş ingilis komandoru Dans Hind okeanında üç ticarət gəmisinin müşayiət etdiyi iri yelkənli gəmidə göründü. Bu gəmilərin zahiri o qədər dəhşətli idi ki, düşmən eskadrası dəstəni görən kimi sürətlə çəkilib getdi.

1915-ci ildə Britaniya Admirallığının kəşfiyyatçıları eyni sistemdən əks ardıcıllıqla istifadə etmək təklifini irəli sürdülər. Onlar təklif edirdi ki, işlək vəziyyətdə olmayan, suyun üzərində sərbəst dura bilməyən gəmilərin anbarına suyun səthində qala bilən ağac və başqa maddələr doldurulsun ki, dəniz döyüşü baş verdiyi təqdirdə, gəmilər suyun üzündə uzun müddət qala bilsinlər. Belə xarab gəmilərin sayı çox idi. Onların kapitan körpüsünü, göyərtələrini, göyərtənin üstündəki tikililərini ağac rəngdə boyanmış zirehlə yaxşıca qoruyurdular. Belə gəmilərin hər birində dəniz topları və topçular dəstəsi gizlənirdi. Zahiri görünüşündən zəif və müdafiəsiz görünən bu tələ-gəmilər düşmənlərin sualtı qayıqlarının diqqətini özünə cəlb etməli idi.

Eyni zamanda, kəşfiyyatın tələbi ilə “Llloyd reqistri”nin son buraxılışlarını satmaq qadağan olunmuşdu; onun bir nüsxəsi belə almanların əlinə düşməməli idi.

Haşiyə: Lloyd reqistri (ing. Lloyds Register of Shipping) – dünyanın ən böyük klassifikasiya cəmiyyəti. 1760-cı ildə gəmi sahiblərinin, gəmiqayıranların, gəmi avadanlığı istehsalçılarının və sığorta şirkətlərinin könüllü assosiasiyası kimi yaranıb. Edvard Lloyd adlı bir nəfərin Londondakı qəhvəxanasında yaranıb. Həmin qəhvəxanada təxminən, 1748-ci ildən gəmi ilə bağlı şəxslər toplaşır, yenilikləri bölüşürdülər. Şirkət hal-hazırda da Lloyd's Register Group Limited adı altında fəaliyyət göstərir, illik dövriyyəsi 1 milyard funt sterlinqdir.

Lloyd reqistrində, istənilən ölkənin istənilən tipli gəmiləri toplanır, onun həftəlik və gündəlik buraxılışlarında gəmilərin tonnajı, qiyməti, inşa tarixi, quruluşu, gündəlik hərəkət marşrutu barədə müfəssəl məlumatlar yerləşdirilirdi.

Tələ-gəmilərə Şimal dənizinin sahil xətti boyunca hərəkət etmək əmri verildi - alman sualtı qayıqları ən çox orada müşahidə olunurdu. Sualtı qayığın açıq dənizdə belə gəmilərlə rastlaşan komandiri onların həqiqi mahiyyətini ən güclü binoklla belə aça bilməzdi deyə, ona yaxınlaşır, ekipajına siqnal işıqları ilə gəmini tərk etmək əmri verirdi. İngilislər fikirləşirdi ki, əksər hallarda alman qayıqları öz qurbanına o qədər yaxınlaşacaq ki, onları bir torpedo ilə, yaxud, topların bir-neçə atəşi ilə batırmaq mümkün olacaq. İngilislər yaxşı bilirdi ki, alman donanmasında torpedo çatışmazlığı var və gəmi heyətlərinə əmr verilmişdi ki torpedolara qənaət etsinlər.

Çox vaxt hədəfə yaxın məsafədən bir torpedo buraxan qayıq suyun üzünə çıxır, heyət toplardan atəş açaraq hədəfi batırmaq üçün qayığın göyərtəsinə qalxırdı. Tələ-gəminin topçuları da elə bunu gözləyirdi...

Torpedo hədəfə dəyən kimi, tələ-gəmidə əməlli-başlı tamaşa oynanırdı. Ticarət donanmasının formasını geymiş xüsusi matroslar panika içində qayığa doluşur, kimlərsə, yer çatmadığından özünü suya atırdı. Bu tamaşa sualtı qayığın suyun üzünə qalxaraq, toplarını lap yaxın məsafədən atəşə hazırlamaqla nəticələnməli idi. Elə ki, düşmən qayığı yaxınlaşdı, tələ-gəminin topçuları atəşə başlayırdı və düşmənin sualtı qayığı bir neçə saniyədə batırılırdı. Təbii ki, belə əməliyyatlarda tələ-gəmilərin heyəti dəqiq və inandırıcı davranmalı, təcrübəli olmalıydı.

Tələ-gəmilərin şəxsi heyəti də limanlarda özlərini ticarət donanmasının matrosları kimi aparmalı idi. Onlara xəbərdarlıq olunmuşdu ki, mülki şəxslər üçün olan mehmanxanalarda, yataqxanalarda qalsınlar, günlərini liman traktirlərində keçirsinlər. Tələ-gəmilərin heyəti kəşfiyyatçılardan və əks-kəşfiyyatçılardan da ehtiyatlı, diqqətli olmalı idi. Hərbi gəmilərin heyətinə xas səliqə-sahman bilmərrə unudulmalı idi. Amma zahiri başıpozuqluğun arxasında dəhşətli bir intizam vardı. Belə gəmilərin heyətinə daxil olan hər matros öz vəzifəsini gözəl bilirdi, çünki əməliyyat zamanı kiçicik bir səhv belə, iflasa səbəb ola bilərdi. Düşmən qayığını vaxtından qabaq ürkütsəydilər, sualtı qayıq bir anda dənizin dərinliyinə qərq olub, hədəfə daha bir-neçə torpedo buraxardı. Tələ-gəmilərin şəxsi heyətinə aid ən dəyərli keyfiyyət fərdlərin səbirli, tədbirli, yeri gələndə isə, cəsarətli olması sayılırdı.

Q-5 tələ-gəmisi torpedo ilə vurulanda, gəminin maşın bölməsində olan matrosları mühərriklərin işini təmin etmək üçün yerlərində qalırlar. Lakin maşın bölməsinə dolan su, onları axırda postlarını buraxmağa vadar edir. Matrosların çoxu yanğından xəsarət alsa da, onlar özlərini büruzə verməyib, gizlənə bilirlər. Onları torpedo zərbəsinə məruz qoyan U-88 sualtı qayığı isə gəmiyə yaxınlaşıb, lap yaxın məsafədən son zərbəyə hazırlaşır. Elə o an “Atəş!” komandası verilir. Elə ilk atəşlə sualtı qayığın komandir qülləsindən çölə boylanan kapitanı məhv edilir. Düşmənə cəmi 45 top mərmisi atılır və onların hamısı hədəfə dəyir. Qayıq batır, ekipajının sağ qalan üzvləri əsir düşür. 25 dəqiqə çəkən döyüş ərzində tələ-gəminin matrosları gəmilərinin yavaş-yavaş batdığını hiss etsələr də, panikaya düşmür, suyun içində sakitcə gözləyir, onların heç biri yerindən tərpənmir. Tələ-gəminin heyəti kömək üçün radioqramı o vaxtadək ləngidir ki, düşmənin sualtı qayığı tamam batır. Yalnız bundan sonra matroslar möhkəm zədə almış gəmilərinin hayına qalırlar. Xoşbəxtlikdən radioqramı həmin məntəqənin yaxınlığında üzən eskadra minadaşıyan gəmisi qəbul edir. Gəmi Q-5 gəmisini yedəyə alır və ertəsi gün axşam, 1915-ci il fevralın 18-də möhkəm zədə almış qalib gəmi, heyətilə birlikdə limana gətirilir.

Tələ-gəmilərin sualtı qayıqlarla döyüşünə daha bir nümunə. Başqa tələ-gəmi, arxa tərəfində iri toplar olan böyük ticarət gəmisi kimi maskalanmış “Parqast” 1917-ci il 7 iyulda xəbərdarlıqsız torpedo zərbəsinə məruz qalmışdı. Gəminin qazanxanası, maşın bölməsi və anbarı bir anda su ilə dolur. Xilasedici qayıq parça-parça olur.

Baş leytenant Frensis Hirfordun başçılıq etdiyi “panika” komandası gəmini tərk etməyə hazırlaşır. Hilford özü əlində “xilas etməyə çalışdığı sevimli tutuquşu” rolunu oynayan müqəvva tutmuşdu. Ticarət gəmisinin cəsur kapitanı kimi, o gəmidən axırıncı çıxmaq istəyirdi. Amma alınmadı, qazançılar ondan sonra çıxdılar. “Panika komandasının” xilasedici qayığı batan gəmidən aralananda sualtı qayığın periskopu 400 yardlıq məsafədə suyun içindən boylanırdı. Sonra qayıq baş vurdu və az sonra onun periskopu “Parqast”ın arxa tərəfində göründü. Hirford sualtı qayığı cəlb eləmək üçün öz qayığını gəminin arxa tərəfinə yönəltdi. UC-29 sualtı qayığı suyun üzünə qalxıb, Hirfordun qayığını təqibə başladı. Düşmən qayığının hələ “Parqast”ın topları üçün əlverişli vəziyyətə çatmadığını görən Hirford ölümcül təhlükəyə məhəl qoymayıb, düşməni tələnin içinə çəkməyə davam edir və U-29 “Parqast”ın 50 yardlığına çatır. Bu an tələ-gəminin bütün toplarından atəş açılır. Atəş yalnız düşmən gəmisinin heyəti əlini qaldıranda dayanır. Amma heyət təslim olmaq fikrində deyilmiş; qayıq sürət yığaraq dumanda gözdən itməyə çalışırdı. “Parqast” yenə yaylım atəşi açır, qısa müddətdən sonra düşmən qayığı onun yanlarından yapışmış matroslarla bir yerdə məhv olur...

İngilislər alman dənizçilərdən ikisini uzun axtarışlardan sonra tapıb, əsir götürürlər. Döyüş zonasına vaxtında çatan Amerika minadaşıyan gəmiləri “Parqast”ı batmaqdan xilas edirlər. Tələ-gəminin bütün heyəti fövqəladə igidliyinə görə Viktoriya xaçları ilə təltif olunur.

Müharibənin 51 ayı ərzində almanların 200 sualtı qayığı məhv edilir, onlardan 145-i ingilis donanmasının payına düşür. Lakin sualtı qayıqlara qarşı yönəlmiş bu ovda ingilislərin daha 5000 köməkçi gəmisi iştirak edirdi. Bu gəmilər minlərlə mina, dərinlik bombaları, mərmilərlə təchiz olunmuşdu; xüsusi müşayiət, izləmə və təqib taktikaları həyata keçirilir, təyyarələrdən istifadə olunur, hərbi kəşfiyyat əməliyyatları aparılırdı.

Hərbi-dəniz donanmasının tərkibinə 180 tələ-gəmi daxil idi. Lakin müharibənin əvvəllərində onların yalnız kiçik qismindən istifadə olunurdu. Bütün donanmadan ancaq tələ-gəmilərin sirri faş olandan sonra istifadə etməyə başladılar. Bəlli olanı budur ki, 1915-1918-ci illərdə onların vasitəsilə almanların 11 sualtı qayığı tamam məhv edilmiş, 60 qayığa ciddi xəsarətlər yetirilərək, sıradan çıxarılmışdı. Amma bundan daha mühümü, sualtı qayıqların şəxsi heyətinin döyüş əzminin qırılması idi. Onsuz da sualtı qayıqda aktiv döyüşlərin getdiyi yerdə olmaq insanda güclü əsəb gərginliyinə səbəb olurdu; lakin rastlaşdığın istənilən ticarət gəmisinin qəflətən yaxşı təchiz olunmuş hərbi gəmiyə çevrilmək ehtimalı sualtı qayıqların şəxsi heyətini müvazinətdən çıxarıb, dəli olmaq dərəcəsinə çatdırırdı...