178
18:37
29 Avqust 2019

“Həmsədrlər Ermənistanın radikal bəyanatlarına adekvat cavab verməlidir”- MÖVQE

"Ermənistanın baş naziri Nikol Paşinyan davranışları və sərsəm bəyanatları ilə özünü gülünc vəziyyətinə salır. Onun avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” ifadəsi sayıqlamadan başqa bir şey deyil”.
Bunu APA -ya Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir: “Təəssüf ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda, ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllinə məcbur etmir. Ona görə də hazırkı vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır. Hesab edirəm ki, ya ATƏT-in Minsk qrupu işğal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüyünü bərpa etməlidir”.
A.Hüseynov qeyd edib ki, Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsidir: “Məhz bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını tələb edir. Prezident İlham Əliyev bütün dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Ordumuz hər zaman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Xalqımız inanır ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad ediləcək. Buna heç bir qüvvə mane ola bilməz”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə APA -ya deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif hallusinasiya xarakterli bəyanatlarla çıxış edərək xaricdən ona dəstək olan qüvvələrin başını aldatmaq və demokratik imic qazanmaq istəyir: “Paşinyan vəzifəyə gəlməmişdən əvvəl hələ küçə mitinqləri zamanı ermənilərə onların sosial problemlərini həll edəcəyi, analara övladlarının qonşu ölkənin işğal etdikləri ərazisində qurban verilməyəcəyi haqqında vədlər vermişdi. Lakin heç bir öhdəliyi və vədi yerinə yetirə bilməyən Paşinyan müxtəlif imitasiya xarakterli hərəkətlərlə öz hakimiyyətinin vaxtını uzatmağa çalışır. Bu yaxınlarda onun pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərə getməsi də məhz bu səbəblərdən qaynaqlanır. Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür. Erməni anaları Paşinyana sual verirlər ki, axı, bizim övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Paşinyan isə bu cür bəyanatlarla çalışır ki, daxili auditoriyanın fikrini əsas problemlərdən yayındırsın. Ermənistanın büdcəsi yoxdur. Bütün dünya bilir ki, işğalçı ölkənin büdcəsi beynəlxalq fondların, bəzi dövlətlərin dəstəyi hesabına dolur. Ermənistan əhalisi də görür ki, iki ildir vəd verilməsinə baxmayaraq, onların vəziyyətində heç bir dəyişiklik yoxdur”.
Deputat qeyd edib ki, Ermənistanın baş naziri beynəlxalq hüququn prinsiplərini pozmaqla bölgədəki mövcud gərginliyi daha da artırır: “O, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə məhəl qoymadığını, Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut etdi. Paşinyanın bu cür bəyanatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi zərbə vurur”.
Milli Məclisin deputatı, YAP üzvü Tahir Mirkişili Dağlıq Qarabağın Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsi ideyasının yeni deyil, 30 il bundan öncə Ermənistanda meydanlarda, mitinqlərdə səslənən ideya olduğunu deyib: "Sonradan Ermənistan rəhbərliyi bu ideyanın onlar üçün ciddi problemlər yarada biləcəyini düşünərək Dağlıq Qarabağ münaqişəsini "müstəqilik", "öz müqəddəratını təyin etmə" kimi prinsiplər əsasında maskalamağa çalışdılar. Amma bu keçən illər ərzində buna da nail ola bilmədilər. Düşünürəm ki, Ermənistan baş nazirinin bu şüara bir daha qayıtması bir tərəfdən keçən müddət ərzində Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasətin iflasa uğraması deməkdir, digər tərəfdən Paşinyanın ciddi və savadlı dövlət adamı olmamasından onun meydan, mitinq şüarlarının kütləni idarə edə bilməsini düşünməsindəndir”.
Deputat hesab edir ki, Azərbaycanın ardıcıl xarici siyasəti Ermənistan Baş nazirini belə çıxılmaz və Ermənistan mövqelərini daha da zəiflədən belə fikirlər səsləndirməsinə gətirib çıxarıb: “Bu bəyanat münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirəcək”.