2637
11:00
24 Avqust 2019

Qadınları paltar kimi dəyişən, “Real-Madrid”ə pərəstiş edən, dinə bağlı aktyor – Ulduz həyatı

“Yağış adam”, “Geniş bağlanmış gözlərlə”, “Missiya yerinə yetirilməyib” kimi filmlərdən tanınıb. Üç dəfə “Qızıl qlobus” və “Oskar” laureatıdır. Söhbət Amerika aktyoru, rejissoru və prodüseri Tom Kruzdan gedir.

1962-ci il iyulun 3-də Nyu-York ştatının Sirakus şəhərində alman, ingilis və İrland əsilli ailədə anadan olub. Atası Tomas Kruz Meypoter mühəndis-elektrik, anası Meri Li müəllimə olublar. Bəziləri onu eyniadlı aktrisa isə səhv salıb, Tomun anasının aktrisa olduğunu iddia edirlər, amma elə deyil. Tomdan başqa ailədə üç qız böyüyürdü – Li Enn, Marian və Kass.

Ailə çox kasıb yaşayırdı. Atasının iş axtarışı səbəbindən tez-tez bir yerdən başqa yerə köçməli olurdular. O, uşaqları ciddi rejimdə tərbiyə edirdi, çox kobud və ədalətsiz rəftar edirdi. Heç nədən onları döyürdü. Tom sonralar atasını bunlara görə “qorxaq və çarəsiz” adlandırıb. “Atam mənə həyatın qayəsi barədə vacib bir dərs verib. O, əvvəl məni sakitliyi ilə aldadırdı ki, mən özümü rahat, təhlükəsiz hiss edim və sonra ağır zərbə endirirdi. Lap həyatın özü kimi. Mən də düşünürdüm ki, ona arxalanmaq, etibar etmək olmaz. Həmişə ayıq, ehtiyatlı olmalıyam.”

Tom kompleksli uşaq olub. Hər şeydən çox boyunun qısalığından utanıb. Həmişə çalışıb ki, oturub-durduqları ondan boyca balaca olsunlar, ona görə də özündən kiçiklərlə oynayarmış. Gələcək kino ulduzun həm də əyri dişləri vardı. Bu komplekslərinə görə də 14 yaşına qədər 15 məktəb dəyişmişdi.

Disleksiya (danışmaqda gecikmə, yeni sözləri gec öyrənmə, hərəkət və koordinasiya pozuqluğu, istiqamət və zaman anlayışlarında çətinliklər, düzgün sözlərdən istifadə etməmək – red.) xəstəliyindən əziyyət çəkdiyi üçün dərslərinin öhdəsindən gələ bilmirdi.

Yaşı artdıqca bu problem öz-özünə həll olunub. 1971-ci ildə ailə Kanadaya köçür. Ata Kanada hərbi qüvvələrində texniki məsləhətçi işləyir.

İlk dəfə Tom burda Robert Hopkins məktəbinin özfəaliyyət dərnəyində səhnəyə çıxıb. Yeddi nəfərdən ibarət səhnədə Tomun səhnə hərəkətləri hamının diqqətini çəkib.

O vaxtdan ulduz həyatı başlayıb. Tom məktəb özfəaliyyət dərnəyinin ulduzu idi. Eyni vaxtda, həm də idmanla fəal məşğul olurdu. Yaxşı hokkey oynayırdı. Bir ara hətta həyatını peşəkar idmanla bağlamaq istəyib, amma ayağından aldığı zədə onu bu yoldan çəkindirib.

Tomun 14 yaşı olanda valideynləri boşanırlar. Tom anası və bacıları ilə Amerikaya qayıdır. Gənc oğlan burda fransız ruhani məktəbinə gedir. Qərar verir ki, ruhani olacaq, amma tezliklə fikrini dəyişib, adi orta məktəbə keçir. Ailəni saxlamaq üçün anası iki-üç işdə çalışırdı. Uşaqlar da dərsdən sonra işləyirdilər. Tomun 16 yaşı olanda anası ikinci dəfə ərə gedib. Cek Saut adlı atalıq Tomla yaxşı davranırdı: “O, anamı o qədər sevirdi ki, bizi də doğması kimi qəbul etmişdi”.

Nəhayət, müəllimlərin təkidi ilə Tom yenidən məktəb səhnəsinə çıxıb. Bu dəfə hiss edib ki, aktyor olmalıdır. Anası və müəllimləri bu yolda onu dəstəkləyiblər.

Tom Kruz heç vaxt peşəkar aktyorluq məktəbi keçməyib, sadəcə kastinqlərdə iştirak edib və qazanıb. Rol aldığı ilk filmi “Sonsuz məhəbbət” olub. Ardınca “Əfsanə”, “Əla atıcı”, “Pulun rəngi” və sair.

1988-də Tom Kruz çəkildiyi “Kokteyl” filmindəki baş rola görə “İlin ən pis aktyoru” nominasiyasının “qalibi” olur. Elə həmin il Tom Kruz çəkildiyi “Yağış adam” (rejissor Barri Levinson) filmi ilə özünü kino aləmində təsdiq edir. Dastin Xofmanla çəkildiyi bu filmdə əla aktyor dueti alınıb.

İlk “Oskar”ını isə “Dörd iyulda doğulmuş” filmindəki obrazına görə alıb. “Uzaqlarda” filmi onun ikinci ən böyük uğurudur. Nikol Kidmanla tanışlıq və şəxsi münasibətlər də həmin filmdə oldu.

“Vampirlə müsahibə”, “Missiya yerinə yetirildi” kimi filmlər Tom Kruzun uğur yolunu yazan filmləridir. “Cerri Makquayer” isə Tom Kruza ikinci “Oskar”ı və “Qızıl qlobus”u gətirdi. Sevgilisi Nikol Kidmanla çəkildiyi “Geniş bağlanmış gözlərlə” filmi beş “Oskar” gətirdi. İkisi onların payına düşdü.

Tom Kruz artıq dünya miqyasında tanınır, sevilir - ulduzdu. Odur ki, çox sərbəst həyat yaşayır. 1980-ci illərdə Tom Kruz özündən yaşca böyük qadınlarla gəzib-dolaşırdı. O cümlədən aktrisa Rebekko Demirnoyla, gitaraçı Pakki Skialfoyla, müğənni Şerlə.

Ondan 16 yaş böyük olan Şer hətta onu özünün beş ən yaxşı sevgilisinin siyahısına salıb: “Mən onun dərdindən dəli idim. Bizim aramızda çox ehtiraslı məhəbbət vardı”.

Yalnız 1987-ci ildə Tom Kruz aktrisa Mimi Rocerslə evlənib. O da Kruzdan 7-8 yaş böyükdür. Nikol Kidmana vurulandan sonra Tom ondan ayrılıb.

1990-cı ildə, 28 yaşı olanda 23 yaşlı Nikolla evlənib. Cütlük çox arzulayırdı ki, uşaqları olsun, amma olmurdu. Ona görə də bir qız və bir oğlan götürürlər övladlığa.

2001-ci ildə ayrılırlar. Səbəb? “Xasiyyətimiz tutmur”.

Daha doğrusu, ayrılmaq qərarını verən Tom Kruz Nikola heç səbəbini də bildirmədən çıxıb gedir. Nikol Kidmanın dediyinə görə, ona yalvarıb ki, ailəmizi dağıtma, o, eşitməyib. Sonra məlum olur ki, həmin vaxt Nikol hamilə imiş. Stressdən hamiləlik pozulur.

Ayrılandan sonra uşaqlar hər ikisinin himayəsində böyüyürlər. Qızları İzabella 26 yaşında ailə qurub. Valideynləri bütün toy xərcini çəkiblər.

Tom Nikoldan ayrılan kimi aktrisa Penelopa ilə münasibət yaradıb. Evlənmək fikrinə düşəndə isə aktrisanın buddist olması Tom üçün ciddi maneə yaradıb.

Sonra da iranlı aktrisa Nazanin Boniadi ilə münasibət qurmağa başlayır.

2005-ci ildə isə Kruz artıq aktrisa Keti Holmsla bir yerdə idi. 2006-cı ildə onların qızları Suri dünyaya gəlir. Aktrisa, başqa sevgililərindən fərqli olaraq, Tom Kruzun dini görüşlərini də qəbul edib. Ona görə də rəsmi nikaha girirlər. Nikah mərasimində elə bil ulduz yağışı yağır. Tom Kruz özünü çox xoşbəxt hiss edirmiş. Qızı və xanımı ilə qatıldığı bütün mərasimlərdə onun gözləri gülür. 2012-ci ildə gözlənilmədən Keti boşanma ərizəsi yazır. Üstəlik, onun dini baxışlarından və qızının də o dinə xidmət etməsindən (Tom Kruz saentologiya tərəfdarıdır – red.) narazılığını ifadə edir, istəmir.

Həmin vaxt aktyor “Oblivion” filminə çəkilirmiş. Aktyor dostları “dünyanın ən xoşbəxt aktyorunun baxışları dünyanın ən bədbəxt adamının baxışlarına dönmüşdü” - deyirlər.

2017-ci ildə mətbuatda Tom Kruzun aktrisa Vanessa Kirbi ilə birlikdə olması barədə məlumat yayılır.

Son illər “Red Bull”un və Kaliforniyada keçirilən “Formula-1” yarışlarınn reklam kampaniyalarında iştirak edir. Yaşlanıb daha. Pilot kimi lisenziyası var. Devid Bekhemlə tanışlığı onu “Real Madrid”in pərəstişkarı edib. Şəxsi mülkiyyəti 500 milyon dollardır.

Xidmət etdiyi dinin Avropada yayılması üçün əlindən gələni edir.

Tibbə və yanğınsöndürənlərə vəsait ayırıb. Nyu-Yorkda baş vermiş 11 sentyabr hadisəsinin fəsadlarını aradan qaldırmaq işlərinə də ianə verib.

Şəkərli, QİÇS-li xəstələrə yardım göstərir. Cek Çanın yaratdığı Əlillər fonduna vəsait köçürür.

2018-in yayında ekranlara çıxan “Missiya yerinə yetirilib-6” filmində baş rolu oynayıb. Həmin filmin çəkilişlərində riskli tryuklarda ciddi zədə alıb. Zamanla zədələr düzəlir, amma onun bir daha belə çəkilişlərdə iştirakı sual altındadır...