Ölüyə mahnı oxuyan, kütləvi sekslə əylənən, keçilərə borclu olan qəbilə - <span style="color:red;">O DÜNYA
24 avqust 2019 19:00 (UTC +04:00)

Ölüyə mahnı oxuyan, kütləvi sekslə əylənən, keçilərə borclu olan qəbilə - O DÜNYA

“Vəhşi qəbilələr” silsiləsindən IV yazı

 

Himba qəbiləsi 

Himba, Namibiyada ekzotika axtarışında olan bir çox səyahətçinin görmək istədiyi ən maraqlı Afrika qəbilələrindən biridir. Sayı 50 min nəfərdən çox olmayan bu köçəri xalq, əsasən, qadınlarının gözəlliyi ilə digər qəbilələrdən seçilir. Himbalar ölkənin şimalındakı Kunene bölgəsində yaşayırlar. İndiki himbalar Herero qəbiləsindən törəmiş nəsil sayılır. Himba qəbiləsi 150 il bundan əvvəl Herero qəbiləsindən ayrılaraq, qədim mədəniyyətini və qismən də dilini dəyişmişdir. Qəbilə Herero dilindən azca fərqlənən otzhihimba dialektində danışır.

Himba qadınları dərilərinin qırmızı-qəhvəyi rəngləri ilə digərlərindən asanlıqla seçilir. Onların öz gözəllik sirləri var. Himba qadınları dərilərinə qulluq etməyi sevirlər. Gün ərzində bir neçə dəfə bədənlərinə və saçlarına ətirli yağlardan və inək südündən hazırlanmış xüsusi qarışım çəkirlər. Bu, həm onları qəbilə kişilərinin gözündə gözəl göstərir, həm də günəş şüalarından, zəhərli həşəratlardan və müxtəlif infeksiyalardan qoruyur.

Himba həyat tərzi

Himbanın əsas məşğuliyyəti heyvandarlıqdır. Onlar, əsasən, keçi, qoyun və inək saxlayırlar. Yeni doğulmuş keçi, qoyun və inək balalarına xüsusi qulluq edilir. Mal-qara hər bir himbanın əsas sərvəti sayılır. Çünki evlənən kişi qadın tərəfinə başlıq olaraq mal-qara bağışlamalıdır. Buna görə, himba kişisi adətən, 30 yaşa qədər sərvət toplayıb rəsmi nikaha daxil ola bilir. Lakin belə subaylıq heç də qadınlarla qeyri-rəsmi münasibətə maneə olmur. Himbalarda qadın üçün nikah yaşı 8-dən başlayır. Belə azyaşlı qızlar üçün ödənilən mal-qara sayı da az olur. Çünki qadının yaşı nə qədər azdırsa, təsərrüfat işlərində bir o qədər zəifdir. Himba qəbiləsinin qeyri-adi rituallarından biri də müxtəlif mərasimlər zamanı təşkil edilən orgiyalardı. Orgiya zamanı kişi öz qadınını başqaları ilə dəyişir. Bu məsələdə də əsas söz sahibi qadınlardır. Qadının razılığı olmadan heç bir kişi ona yaxınlaşa bilməz.
 

Qeyd etdiyimiz kimi, mal-qara himbalar üçün əsas dolanışıq mənbəyidir. Kunene bölgəsi quraqlıq olduğundan himbalar susuzluğa davamlı inək cinsləri saxlamağa üstünlük verir. Bu inəklər susuzluğa həftələrlə tab gətirə bilirlər.
 

Ərazinin iqlimi həddən artıq sərtdir. Gündüzlər 60 dərəcəyədək isti, gecələr isə şeh düşəcək qədər soyuq olur. 2007-ci ildə Himba qəbiləsində dəhşətli quraqlıq baş verir. Himbalar aclıq və susuzluqla üzləşir. Uzunmüddətli quraqlığa dözməyən iribuynuzlu mal-qara kütləvi surətdə tələf olur. Bu çətin dövrdə Himba camaatı sərt iqlimə dözən keçilərin səbəbinə salamat qalır. Belə ki, ən hündür ağacların budaqlarına dırmaşa bilən keçilər yaşıl yarpaqları yeyərək susuzluqlarını yatırır, üstəlik, sahiblərini südlə təmin edirlər. Dəhşətli quraqlığa tab gətirməyən himba qəbiləsinin bir qrup üzvü sivilizasiyaya üz tutmağa məcbur olur. Lakin onlar sivil yaşayışa uyğunlaşa bilmədiklərindən, iqlim şəraiti düzələn kimi öz yurdlarına qayıdırlar.
 

Buna görə də Namibiya hökuməti qəbilənin daxili qayda-qanununa qarışmır, hətta qəbilədə qətl hadisəsi baş verərsə, günahkar, qəbilənin daxili qanunları əsasında cəzalandırılır. Qəbilə başçısının razılığı olmasa, hökumət qəbilə daxilində hər hansı qanunu tətbiq edə bilməz.

Evlər

Himbalar öz evlərini adətən, onlar üçün çox qiymətli olan su hövzələrinin ətrafında qururlar. Onlar elastik ağac budaqlarını konusvari formada əyərək yerə basdırır, dəri iplərlə budaqları biri-birinə möhkəm sarıyaraq, karkas düzəldirlər. Həmin karkasın üzərini mal peyini ilə qarışdırılmış gillə möhkəm suvayırlar. Kişilər heyvandarlıqla məşğul olduğuna görə, qəbilədə suvaq işlərini əsasən, qadınlar görür. Evlərin döşəməsini də həmin gil-peyin qarışımı ilə suvayır, kövşən doldurulmuş döşəklərdə yatırlar.
 

Hər bir evin qarşısında yemək bişirmək üçün ocaq qalanır. Ocağın qalanması üçün lazım olan köz qəbilə başçısının evində saxlanılan “əbədi ocaq”dan götürülür. Qəbilə başçısı vəfat etdikdə, onun evi dağıdılaraq, yandırılır, “əbədi ocaq” isə yeni qəbilə rəhbərinin evinə köçürülür. Himbaların inancına görə “əbədi ocaq” əcdadların ruhu ilə yaşayan insanlar arasında müqəddəs əlaqə vasitəsidir. Başçı öldükdə onun missiyası tamamlanmış sayılır.
 

Qəbilə başçısının ölüm mərasimi rəqs və şadyanalıqla keçirilir. Qəbilə üzvləri ölünün ətrafında rəqs edərək “heç vaxt ağrıma, xəstələnmə” kimi sözlər oxuyurlar.

Himba kişiləri

Himba kişiləri ev qurmaq işində elastik ağac budaqlarını kəsərək daşımaq və karkas düzəltmək işində qadınlara kömək edirlər. Yerə basdırılmış payalardan mal-qara üçün ağul düzəltmək işi də kişilərin boynundadır. Varlı himba kişisi 4-ə qədər qadınla evlənə bilər. Qəbilə başçısının isə 7-8 nəfər arvad almaq hüququ var. Ailədaxili münaqişə zamanı kişi arvadını öldürərsə, qadının qohumlarına maddi təzminat ödəməli olur. Lakin Himba qanunlarına görə, qadın öz ərini öldürərsə, kişi tərəfə heç bir təzminat verilmir.

Himba qadınları

Yuxarıda dediyimiz kimi, himba qadınları əsasən, ucaboy və gözəl bədən quruluşuna malik olurlar. Genetik gözəlliyi pozmamaq məqsədilə, çox zaman onlar qonşu qəbilənin kişiləri ilə nikah bağlamaqdan imtina edirlər. Başlarında 20 litrədək su tutan gil qabla daşıdıqlarından daim dik yeriyirlər. Mütəxəssislərin fikrincə, bu, onların düzqamətli olmasının əsas səbəbidir. Qadınlar bədənlərinə qəhvəyi-qırmızı tonlar vermək üçün vulkan tozu və gil qarışımı sürtürlər. Dərilərini gənc və təravətli saxlamaq üçün inək südü və ətirli bitkilərin yağından hazırlanmış xüsusi qarışımdan istifadə edirlər. Saçlarını hörür, hörgünün uclarına isə qohum kişilərin qırxılmış saçlarından düzəldilmiş toppuz taxırlar. Hörülmüş saçlara gil məhlulu sürtülür. Gil quruyaraq bərkiyir və hörüklərə kəndir görkəmi verir. Oğlan və qız uşaqlarının saçları fərqli formada hörülür. Subay qızlar hörüklərini buynuzvari formada üzlərinə tərəf əyirlər. Himba qadınları yeni doğulmuş körpəni mərcanlar və balıqqulağı ilə bəzəməyi sevirlər. Ümumiyyətlə, Himba qadınları başqa qəbilə qadınlarından fərqli olaraq, öz gözəlliklərinin qayğısına qalır, bəzənib-düzənməyi xoşlayırlar. Geyim əvəzi, keçi dərisindən hazırlanan qısa yubkalar geyinir, başqa heç bir örtükdən istifadə etmirlər. Zəhərli iquanaları və ilanları qorxutmaq məqsədi ilə ayaqlarına balıqqulağı və mərcanlardan hazırlanmış cingiltili səs salan xalxallar taxırlar.
 

Himba qadınları kişi seçimində azaddır, onları xoşlamadıqları kişi ilə evləndirmək mümkün deyil.

# 3561
avatar

Murad Köhnəqala

Oxşar yazılar