657
18:15
19 Avqust 2019

Sümük əriməsi: Vaxtında müalicə olunun, yoxsa...

Osteoporoz - skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 50 yaşından yuxarı hər iki qadından və üç kişidən biri bu xəstəlikdən əziyyət çəkir.
Sümük toxumasının əsas hissəsi, təxminən 85%-i uşaqlıq və gənclik zamanı toplanır. 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 35 yaşdan sonra sümük kütləsi azalmağa, sümüklər öz çəkisini itirməyə başlayır. Kişilər il ərzində öz çəkisinin 1%-ni, qadınlar isə 1-4%-ni itirir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir. Bu proses osteoporoz adlanır. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar. Çünki qadınlara nisbətən kişilərdə kalsiumun yuyulması az baş verir. Bu da cinsi hormonlarla bağlıdır. 60 yaşına çatmamış kişilərin 10%-də osteoporoz müşahidə edilir. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakı qədərdir.
Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır. Ancaq sonradan onların ifrazı azaldığı üçün sümük kütləsi də azalmağa başlayır. Menopauzanın ilk 5 ilində bu proses daha intensiv gedir. Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması riskini yüksəldir.
Osteoporoz xəstəlik kimi çox da qorxulu deyil, onun törətdiyi fəsadlar daha təhlükəlidir. Məsələn, sümüklərin kövrəlməsi, sınması, deformasiyası boyun qısalmasına, belin bükülməsinə, bel ağrılarına, köks qəfəsi şəklinin dəyişməsinə və həcminin azalmasına səbəb olur. Sümüklərin öz çəkisini itirməsi nəticəsində sümüyün strukturu pozulur və sümükdaxili kiçik mikrosınıqlar baş verir, bu da sonradan daha böyük sınıqlar yaradır. Hətta ən yüngül yük daşıyanda belə, sümüklərdə sınıqlar baş verə bilər. Bu sınıqlar ən çox mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Onurğa sütununda olan sınıqlar beldə daimi ağrıların yaranmasına, boyun qısalmasına, onurğanın deformasiyasına və daxili orqanların funksional pozğunluqlarına səbəb olur. Mil sümüyünün sınığı uzunmüddətli əmək pozğunluğuna gətirib çıxarır. Bud sümüyünün boynunun sınığı hər iki xəstədən birində şikəstliyə və funksiyanın pozğunluğuna gətirib çıxarır. Hər beşinci xəstə travmadan 6 ay sonra qan dövranının pozğunluğu, damarlarda trombun əmələ gəlməsi, orqanizmin müqavimətinin azalması və infeksiya ilə əlaqədar vəfat edir. Xəstələr yataq rejiminə düçar olurlar və özlərinə xidmət edə bilmirlər. Buna görə də osteoporozu müalicəsiz qoymaq olmaz.
Osteoporoz xəstəliyi kliniki olaraq özünü heç bir əlamətlə büruzə vermir. Amma sümük densitometriyası kimi xüsusi diaqnostik müayinə üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur. Bu müayinə 10-15 dəqiqə çəkir və tamamilə ağrısızdır. 45 yaşından yuxarı bütün qadınlara ildə 1 dəfə bu müayinədən keçmək məsləhət görülür.
Müayinə nəticəsində osteoparoz xəstəliyinin ilkin əlamətləri olduğu təqdirdə, həkim tərəfindən müəyyən dərman preparatları təyin olunur. Bu zaman kalsium elementi ilə zəngin olan qidaların qəbulu da çox vacibdir. Kalsium süd məhsullarında (pendir, süd, kəsmik, qatıq, yoğurt və s.), balıq və mal ətində, günəbaxan tumlarında, qoz, fındıq, üzüm, şüyüd, cəfəri, ispanaq, maş, lobya, brokkoli, soya, kələm, portağal və digər bu kimi məhsulların tərkibində daha çox olur. Kalsiumun mənimsənilməsi üçün vacib hesab edilən D vitamini isə müxtəlif yarmalarda, balıq yağında, kərə yağında, yumurtada, qaraciyərdə, süddə olur.
Müasir dərman preparatlarının tətbiqi, müvafiq qida rejimi, fiziki hərəkətlər və həyat tərzinə əməl edilməsi nəticəsində osteoporozu müvəffəqiyyətlə müalicə etmək və sınıqların baş verməsinin qarşısını almaq olur. Osteoporozun erkən və düzgün müalicəsindən sonra yaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür.