Keçmiş ərinin yandırdığı evdə xəsarət alan qadın öldü
19 avqust 2019 09:50 (UTC +04:00)

Keçmiş ərinin yandırdığı evdə xəsarət alan qadın öldü

 
Avqustun 18-də Şəmkir rayonunun Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 24 yaşlı Məsimova Mətanət İlqar qızı bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
Lent.az-a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, bədəninin 70 faizinin (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
 
Bədəninin 55 faizi (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan Mətanət Məsimovanın anası, 54 yaşlı Səltənət Məmmədovanın da  vəziyyəti kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə, onun həyatı da təhlükə altındadır.
 
Avqustun 18-də gecə saat 01 radələrində  Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Sadıqov yandırıb.  E. Sadıqov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
 
Yanğın zamanı 2017-ci il təvəllüdlü Sadıqov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
 
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.
 
E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

 

# 984
avatar

Oxşar yazılar