410
17:45
07 Avqust 2019

Faciənin şahidi yazır: “Qardaşımı gözümün qabağında itirdim”

5 avqustda dərc olunmuş “Atasının gözləri önündə boğulan yazıçı”
yazısının müəllifi Günel Natiqə məktub
Salam, Günel xanım!
Yazınızı oxudum. Sağ olun. Bu yazı heç olmasa bir ananı övlad acısıyla gözü yaşlı qalmaqdan saxlaya biləydi kaş.
Mən Tofiq Hacıyevin kiçik oğluyam – Azər. O faciənin şahidi tək atam olmayıb və fələyin o zərbəsinin bizdən qopardığı hissəmizin ağır boşluğunu daşıyan indi tək mənəm.
Açığı, mən mətbuatı ardıcıl izləmirəm. Amma onunla hər gün maraqlanan dostlarım var. Bəzən mənə linklər yollayırlar və mən də oxuyub mütləq fikrimi bildirirəm. Sizin yazı haqqında da dəyərli dostlarımdan biri xəbər verdi. Arxasınca da “Bu məqaləni oxumaq sənə ağır da olsa, düşündüm ki, məlumatın olsa yaxşıdı. Bağışla ki, qanını qaraltdım.” - yazdı. Mən də təşəkkür edib, “Əsla! Qanımın o hissəsi həmişə qaradı” – yazdım. Yəni siz də yazdığınızdan peşman olmayın. Mən yazıda atamın faciəsinə və dərdinə şərik olduğunuzu aşkar gördüm. Yəqin ki, atam sağ olsaydı, onu incitməmək üçün bunu yazmazdınız.
O hadisədən sonra bütövlükdə ailəmizin və eyni zamanda mənim həyatım dəyişdi. Bir çox dəyərlər dəyişməsə də, biz artıq əvvəlki adamlar deyildik. İtki hamını üzsə də, oğulu-qardaşı göz qabağında itirmək və yaşamağa bu təhqiramiz dərdlə əvvəlki kimi davam etmək olmaz.
Bakı küləklər şəhəridir. Amma küləyin zəif vaxtları da olur. Bu vaxt Xəzər də sakit olur. Yeni güclənən külək fırtınaya keçənə qədər dəniz sahilindən uzaqlarda böyük dalğalar yaratmağa başlayır. Dənizdə olan adam bu dalğaların onu nə vaxt haqlayacağını bilmir. Mənim qardaşımla dənizdəki aramız bir-iki addım olardı. Dalğa gələndə məni sahilə atdı, onu isə özünə tərəf çəkdi. Qardaşımın bizdən ayrılacağını hiss elədim və özümü təkrar dənizə atmaq istədim. Amma hündürlüyü hər saniyə artan dalğalardan növbətisi məni çöp kimi qırağa atdı.
Bir azdan artıq hamı dənizin kənarında idi. Göydə helikopter fırlandıqca qardaşımı tapıb bizə qaytaracaqlarını düşünürdük. Dalğıcların nə isə gözləyirlərmiş kimi, hamıtək dənizə baxdığını görəndə, anam “niyə oğlumu xilas etmirsiz” deyib, fəryad eləyəndə, dalğıclardan biri “anam, istəyirsən mən də boğulum” deyib. Xəzər boz üzünü göstərəndə, romantikliyi heç olurmuş...
Həyat çox qəribədir. Qardaşım üç gündən sonra hadisə baş verən yerdən çox-çox uzaqda tapılanda biz “toy-bayram” elədik. Fələk bizə təmkinli olmağı öyrətdi. Biz ağırlığı və çeşidləri ilə sonsuz olan dərdlərin mövcudluğunu anladıq.
Amma fələyin o teatrının canlı şahidi olmaq faciəni unudulmazlığı ilə axıradək davam etdirəcək. Dahi Norveç dramaturqu İbsenin Brand poemasında deyildiyi kimi - “Хотя бы все вы дали, кроме жизни, - Ее не дав, вы ничего не дали.” Formaca poetik görünən bu cümlənin mənasını ömür boyu daşımaq çətindir. Və bundan çıxış yolu bir mərəzdi – ağrıdan həzz alaraq yaşamağa davam etmək.
Bu yazının səbəbkarı sizsiniz, Günel xanım. Əslində fikrimi yekunlaşdırdım. Amma həyatımdakı hadisələri bir də gözdən keçirəndə, daha böyük faciə gördüm - Qarabağı. Xalqımız uzun illərdi gözü qarşısında ilhaq olunmuş Qarabağın ağrısına dözür. Mən xalqımızın da mənim kimi, ağrıdan həzz alma kimi anormal çıxış yoluna düşməsinə razı ola bilmərəm. Bununla ağrısız barışmaq isə heç kimlikdir. Bu yara sağalana – torpaqlarımızı azad edənə qədər onu qaşıyıb-qanatmaq borcumuzdu. Qoy hamımız – körpədən yaşlıya qədər hamı daşıdığımız təhqirin ağırlığını hiss etsin.
Bu əlavəni özum kimilərə təsəlli olaraq yazmadım. Buna qardaşımın Qarabağda - Cəbrayılın Soltanlı kəndində yatan ruhu da razı olmaz. Təsəllim ayrı şeydədi – biz gedə bilməsək də, onlar Qarabağdadı. Vətənini, Qarabağı özündən çox sevən qardaşımın bir şeirini də sizə yollayıram:
ARAZ ORDA SƏRHƏD DEYİL
Bu aylı gecədə
Xonça-xonça ulduzlar,
qönçə-qönçə ulduzlar.
Ulduzların içində
yəqin bu ana Yerimizə
bənzəri var,
O ulduzun da özünün
Qara dənizi,
Xəzəri var.
O ulduz da
beş qitəli, beş okeanlı,
adamları ağıllı, dəliqanlı,
göyləri aylı-ulduzlu,
xörəkləri dadlı, duzlu.
Ancaq orda həyat
Çox-çox uzaq bizdən,
adamları daha çox üzüağ bizdən,
Həyat orda yüz il, min il
qabaqlayır həyatımızı,
qabaqlayır dərdimizi,
kədərimizi,
qabaqlayır sevgimizi.
Araz orda sərhəd deyil,
Bakı Təbrizə həsrət deyil...
Dərin hörmətlə,
Azər Tofiq oğlu Hacıyev