Azərbaycanlı futbolçu: “Canavar” olmaq inanılmaz hissdir" - MÜSAHİBƏ
06 avqust 2019 18:36 (UTC +04:00)

Azərbaycanlı futbolçu: “Canavar” olmaq inanılmaz hissdir" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov Premyer Liqa təmsilçisinin rəsmi saytına müsahibə verib.

APA-nın məlumatına görə, 20 yaşlı hücumçu yeni klubuna keçidi, 4 illik müqaviləsi, bir mövsümlük Portuqaliyanın “Pakoş de Ferreyra” klubuna icarəyə verilməsi və gələcək karyerası barədə sualları cavablandırıb.

- Mən çox xoşbəxt və həyəcanlıyam. “Vulverhempton” çox gözəl klubdur və “canavar” olmaq inanılmaz bir hissdir. Burada olduğum üçün çox xoşbəxtəm.

- Sizi buraya gəlməyə nə cəlb etdi?

- Menecerim zəng edərək, belə bir variantın olduğunu söylədi. Ondan bunun nə dərəcədə doğru olub, olmadığını soruşdum. Menecerim “doğrudur” dedikdən sonra isə qərarımı verdim.

- Karyeranızda bir ölkədən digərinə keçmək kimi bir təcrübəniz olub. İngiltərəyə öyrəşmək sizə asan olacaqmı?

- Asan olmayacaq. Amma mən bunu bacaracağam. Çünki hara getsən, bu sənin üçün yeni bir şansdır. Gözəl insanların olduğu bu gözəl ölkədə problemimin olacağını düşünmürəm.

- İngiltərədə oynamaq kimi bir arzunuz olub? 
- Məncə, hər bir futbolçu Premyer Liqada çıxış edən bir klubda oynamaq istəyir. Bura mənə görə dünyanın ən yaxşı liqasıdır. “Canavarlar” keçən mövsümü əla keçirib. Bəli, arzum çin olub.

- Burada şəxsi planda nə qazanmaq istəyirsiniz?

- Mənim üçün öncə kluba kubok qazanmaqda kömək etməkdir. Meydanda, meydandan kənarda yaxşı birisi olmaq və daha böyük uğurlar qazanmaq istəyirəm. 

- Çox iddialı görünürsünüz. İdmançı ailəsindənsiniz?

- Bəli, bu belədir. Atam voleybolçu, anam isə həndbolçu olub. Bacım 16 yaşınadək futbol oynayıb. Qardaşım isə hazırda Almaniyanın III liqasında çıxış edir. Bəli, biz idmanla aktiv məşğul olan ailəyik. 

- Azərbaycan millisindəki karyeranızla bağlı nə deyə bilərsiniz?

- Bu haqda nə qədər məlumatlı olduğunuzu bilmirəm. Böyük qardaşımla ilk dəfə əsas komandada birgə sonuncu oyunda meydana çıxdıq. Onunla çiyin-çiyinə oynamaq həyatımdakı ən yaxşı hisslərdən biri idi.

- İndi təcrübənizi daha da artırmaq üçün “Pakoş de Ferreyra”ya icarəyə gedirsiniz.

- Bəli, icarəyə verildiyim kluba gedirəm. Hər şey yaxşı olacaq. Mən buraya daha güclü futbolçu kimi qayıdacağam.

# 526
avatar

Oxşar yazılar