İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi iyunun 20-sini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Bu fikirləri yazsam da, qaçqın sözündən zəhləm gedir. Bu sözü leksikonumuza gətirən bütün qüvvələrə nifrətlə yazıram. Elə bilirəm, bu qətnamə, o söz olmasaydı, biz də bu dərdi yaşamazdıq…
Tez bir zamanda bu sözün leksikonumuzda arxaik ifadəyə çevrilməsi diləyi ilə tanınmış qarabağlılarla (qaçqınlarla) onların Qarabağla bağlı xatirələrini bölüşdük. Nə qədər çalışdım ki, xatirələr nisgilli olmasın, alınmadı.
Onlardan indi düşmən əsarətində olan yurdları ilə bağlı bir xatirə danışmalarını xahiş etdim.
Xalq artisti, professor Arif Babayev (Ağdam): “Allah haqqı, Bakıda bağda oturub qarabağlı günlərimə getmişdim, xəyalən cığır-cığır, dalan-dalan gəzirdim yurdumu. Xanəndəlikdən qazandığım pul ilə ev tikdirmişdim ki, ömrümün bu çağımda gedib orada rahat nəfəs alım, qismət olmadı. Ümidim ölməyib, mən görməsəm də, siz qayıdacaqsınız Qarabağa. Dünyanı gəzmişəm, heç yerdə Qarabağ kimi cənnət görməmişəm. Xatirələrlə yaşayan vaxtımdır, amma belə nisgilli xatirələri heç kimə arzulamıram. Yurd yerinin dərdi çəkiləsi deyil. Deyirlər ki, ellə gələn dərd-bəla toy-bayramdır, yəni dərdi tək çəkmirsən, elliklə çəkirsən yüngülləşir. Onu deyənə nə deyim, yüngülləşmir Qarabağ dərdi. Çəkdikcə ağırlaşır. Dövlətimiz çalışır, bəlkə bir gün oraları görmək bir daha bizə qismət olar. Amma bizə qismət olmasa, onda məzarımızı ziyarət edib xəbər verərsiniz, torpağımız sevinər. Xatirələr çoxdur, xəyalımda baş-başa veriblər.”
Yazıçı – publisist Elçin Hüseynbəyli (Cəbrayıl): “İki kadr var gözlərimin arxasında çəkilib qalıb elə bil. Biri bu vəziyyətin lap yeni başladığı günlər idi, xarici qonaqları qaçqınların vəziyyəti ilə tanış olmaq üçün aparmışdım. Yol kənarı yurdundan didərgin düşüb hara gedəcəyini şaşıran adamlarla dolu idi. Öz kəndçilərimlə də rastlaşdım. Bir hamilə gəlin vardı, onun bətnindəki körpənin taleyini, gələcəyini xəyalən bir tərəfə çıxara bilmədim. Uşaq ana bətnində ikən qaçqın olmuşdu. Bir dəfə Biləsuvarda yerləşən Cəbrayıl qəsəbələrinə görüşə getdim, həm də öz həmyerlilərimi görmək üçün. Qızım ən sevimli gəlinciyini verdi mənə ki, ata, oradakı uşaqların yəqin gəlincikləri yoxdur, birinə bağışlayarsan, çox sevinər”.
Xanəndə Aygün Bayramova (Ağdam): “Yaddan çıxan deyil. Mümkünsüzdü unutmaq. Cənnət yurdlarımızı xarabaya çevirdilər. Yurd nə olduğunu bilsəydilər, onu xarabaya çevirməzdilər. Bütün vücudum Qarabağdı, ora ilə bağlı xatirələrdir, hansını danışım ki?.. Oralardan söhbət düşəndə boğazımda qəhər kilidlənir. Atam da Ağdam deyə-deyə dünyasını dəyişdi. Əskərandan atırdılar, atama deyirdim çıxaq, razılaşmırdı. Axırda məcbur olub çıxdığı yurduna qayıdacağına son nəfəsinə qədər inanırdı. Qarabağı düşünmədiyim an yoxdur, ümidimi itirsəm ölərəm. Oralara qayıdacağımız günü gözləyirəm ki, narahat ruhları da sevindirək”.
Yazıçı Qulu Ağsəs (Ağdam): “Mənim Qarabağla bağlı xatirələrimi bir yerə yığıb “ordu” düzəltmək olar. Onunla bütöv Qarabağı işğaldan azad etmək olar. Xatirələrin o vaxt ən mənasız hesab etdiyini də, acı, zəqqutun dadanı da indi adamın ağzında bal dadır. Bəlkə də ağzında yox, ruhunda, yaddaşında, bilmirəm, deyə bilmərəm. Kəndlə bağlı ən acı xatirələrim Bakıda yarandı. Kəndi tez-tez yuxuda görürəm. Hər dəfə də başından ayağına kimi görürəm. Bütün məhəllələri, adamları, hətta gəzmədiyim yerləri də yuxuma girir. Kəndimizdə bir adət vardı - əlində çəkic evindən çıxan cavan oğlan qayalığa tərəf yollanırsa, deməli kimisə sevir. Gedib qayalıqda qızın adını döyürdü. Tutaq ki, altı həriflik addırsa, altı nöqtə döyərdi qayaya. Ürəkliləri bir, iki, yaxud üç hərfini yazardılar. Dostlarımızla gedib adlar yazmışdıq. Eləsi vardı, qızın adının baş hərfini yazırdı. Elə yerə yazılardı ki, bu sevgi etirafları, ora heç qızlar çıxa bilməzdi, qayaya etiraf etmiş olardıq.
Bir dəfə o qaya yuxuma girdi, ən hündür yerləri. Orda adlar yazılmışdı. Yuxu o qədər ayan idi ki, o nöqtələri bu zəif gözlərimlə adlara çevirdim. Gördüm ki, bu adlar kirillə yazılıb. Yuxuda ağlıma gəldi ki, kəndimiz əsirlikdədir, Ermənilər kirili bilir, bu adları oxuyarlar, sirrimizin üstü açılar. Qaçıb haradansa bir çəkic gətirdim və həmin adları latına çevirdim ki, ermənilər bizim qızların adlarını oxuya bilməsinlər. Çəkici qayaya o qədər döyəcləmişdim ki, səs-küyünə oyandım. Gördüm Bakıda yerimin içindəyəm”.
Jurnalist Telli Pənahqızı (Göyçə): “Anamın gizli xiffəti, dayımın, xalamın, yaxından tanıdığım insanların, dost-tanışlarımın ailəsində o yerlərin həsrəti ilə qovrulub bu dünyadan gözüaçıq gedən nənə-babaların nigarançılığı, gizli köks ötürmələri. Mənim əlacsızlığım. Cavabını tapmadığım suallar qarşısında acizliyimi etirafım. Yayda, tətillərdə gedə bilmədiyim evimiz. Bəlkə də eyvanımızda çoxdan dağıdılmış qaranquş yuvaları. Qonşu uşaqların qulağımda bu gün də cingildəyən gülüşünə atılan səssiz güllələr...
Nə idi mənim, bizim, minlərlə insanın günahı? Türk olmağımı? Rus imperiyasına, dünyanın güclü dövlətlərinə hər cür yarınmağı bacaran ermənilərin əsrlər boyu addım-addım nail olduqları işğalçılıq niyyətlərinin qurbanına çevrilən bu insanların nə idi günahı? Müsəlman olmağımı? Bunlar da vacib şərtdir! Ancaq yurdsuz-yuvasız, soysuz-köksüz bir qövmün bir əsas məqsədi vardı: özgənin torpaqları hesabına viran qurmaq!!! Son 100 ildə bunu bacaran haylar ötən əsrin sonunda son zərbəni vurmağa nail oldu. Havadarlarının köməyi ilə sonuncu azərbaycanlının da doğma ocağını söndürüb, bizi yurdsuz, xatirəsiz, anılarsız, elsiz-obasız qoydular! Düz 30 ildən çoxdur ki, qaçqınıq; bir-birimizdən qaçırıq, ağrılı dünənimizdən, xatirələrimizdən, keçmişimizdən, sahibsiz qalan qəbirlərimizdən, divarları arasında dəfn olunan arzularımızdan, bir sözlə, özümüzdən qaçırıq! Siz deyin, İnsanın özündən qaçmaq qədər ağır bir dərdi, acısı ola bilərmi? Bu xatirəyə çevrilərmi?..”
Yaralarını qopardım həmdərdlilərimin. İstədim özüm bir əlavə edim, gördüm ki, hamısının danışdıqları elə mənim içimdən keçənlərdir. Qulu Ağsəsin haqqında danışdığı qayanı ağacla əvəz edə bilərəm. Bizdə də “Maymağın” deyilən bir yer vardı. Orda böyük bir çinar olduğunu deyirdilər. Oğlanlar o çinarın gövdəsinə sevdikləri qızların adlarını yazardılar. Soraq çatmışdı ki, mənim də adım var orda, amma mən onu heç vaxt görmədim. Nə o yeri, nə də adımı…