1273
writer1

Günel Natiq

Məqalə sayı : 13

13:12 19 İyun 2019

Yaşı çatmadığı üçün ər evinə toysuz aparılan qız

“Qonşuluqdakı qıza elçi gəlib” - deyiləndə bir müddət qızın kimliyini yəqinləşdirə bilmədim.
 
Göstərilən səmtdə, bildiyim qədər, ərgən qız yoxdur. Qızın adını deyəndə isə gözümün qabağına 13 yaşlı qızcığaz gəldi.
 
Hələ keçən ilə qədər gəlinciklərlə oynayırdı. Arıq, uzun hörüklü, sakit bir qızdı. Bir az da özünə qapalı idi. Hərdən düşünürdüm ki, bu qızı uşaq psixoloquna aparsalar, pis olmaz. Həm də məktəblilərlə bağlı son olaylardan sonra yeniyetmələrin daha diqqətli yanaşmağa ehtiyacı olduğunu düşünürəm.
 
Sən demə ailənin qərarına görə, qızcığazın psixoloqa deyil, ərə ehtiyacı varmış.
 
Qızcığaz özü isə susur, bəlkə də nələr baş verdiyinin fərqində deyil.
 
“Bəs oxumaq necə olacaq?” - sualına qızın atası deyib ki, oxuyub Muxtarov olmayacaq ki.
 
Muxtarov o nəslin yeganə oxumuş nümayəndəsiymiş. Oxumaq deyəndə ağıllarına ancaq Muxtarov gəlir.
 
Yəqin elə bilirlər ki, dünyada Muxtarovdan ağıllı adam yoxdur. Beləcə bir adamlıq dünyagörüşləri var bu ailənin.
 
Ona görə əslində 13 yaşlı qızı ərə vermələri təəccüb doğurmur. Aşıq gördüyün çağırar.
 
Kürəkən qaynatadan 2-3 yaş böyükdür, “təmiz qız axtardığına görə” bu vaxtacan subay qalıb. Onun kaprizlərinin qurbanı da bu biçarə qız olub. Kaprizli bəy yalnız bu azyaşlı qızı özünə layiq bilib.
 
Ağlı başında olan qohum-əqrəba 13 yaşında qızın ərə verilməsinə etiraz edib. Qız evi də deyib ki, gözləri götürmür, öz qızları evdə qalıb.
 
Məsələ bir az böyüyəndə isə aranı sakitləşdirmək üçün deyiblər ki, sadəcə nişan qoyulur. Bu dəqiqə qızı ərə vermirik ki? Toy bir neçə ildən sonra baş tutacaq.
 
“Əgər toy bir neçə ildən sonra olacaqsa, elə nişanınızı da o ərəfədə edərdiniz, qaçaqaç deyil ki”, - sözlərinə cavab olaraq bildirilib ki, bəy təmiz qız axtarır. Gərək qızın əlinə əl dəyməyə. Nişanlanmaq o deməkdir ki, qızın indən sonrakı həyatı oğlanın gözlərinin önündə cərəyan edəcək.
 
Yəni o deməkdir ki, qız bundan sonra evdən bayıra çıxmayacaq, nişanlı qız kimi ağır oturub batman gələcək, bəy də arxayın olacaq ki, alacağı qıza naməhrəm əli dəyməyib.
 
Bu qədər cəfəngiyatı eşidib həzm etmək asanmış kimi qıraq-bucaqdan eşitdik ki, nə olsun toy bir neçə ildən sonradır, bu qonşunun kəndlərinin adətinə görə, nişanlı qıza bir otaq ayrılır, bəy də istənilən vaxt bu otağa girib-çıxmaq hüququna malik olur.
 
Müasirliyə gözləri, qulaqları qapalı olan bir kəndin bu adəti heç bir məntiqə sığmır. “Namus keşikçisi” olmaq hara, bu adət hara?
 
Nişanlı qıza rəfiqələriylə görüşmək də qadağan olunub. Çünki bəy hər qıza etibar eləmir, kim bilir, adaxlı qızın qulağını hansı sözlərlə dolduracaqlar?
 
Bir dəfə məşhur psixiatr dedi ki, bilirsiniz, biz niyə Məşədi İbada baxıb gülürük? Çünki o, bizim özümüzü ayna kimi əks etdirir. Biz əslində özümüzə gülürük. Amma Məşədi İbad da bu bəydən insaflıymış.
 
“Təmiz qız axtaran” təzə bəy bu problemləri yaşayan yeganə insan deyil. Onun kimi düşünən, gənc qızlara şübhəylə yanaşan, naməhrəm əli dəyməyən məktəbli qızlara elçi düşən cavanların sayı kifayət qədərdir. Düşünürəm ki, bu, psixoloji problemdir.
 
Heç kimə güvənməmək, aşırı şübhələnmək, azyaşlıyla evlənməklə şübhələrinə üstün gələcəyinə inanmaq psixoloji pozuntudan xəbər verir.
 
Azyaşlıyla evlənməklə bu problemi çözmək olmaz. Əgər xəyanətdən qorxursunuzsa, ondan bu sayaq qoruna bilməzsiniz. Heç kim xəyanətdən sığortalanmayıb. Bir də insanın qorxduqları onu kölgə kimi təqib edir.
 
Azyaşlı qızların ərə verilməsi tibbi baxımdan da fəsadlar doğurur. Analıq üçün ən az 18 yaş normal yaş dövrü hesab olunur. Azyaşlı qızlarda orqanlar tam inkişaf etmədiyindən müxtəlif fəsadlar yaranır, uşaqlar qüsurlu doğulur, gənc yaşda ana olan qızlar müxtəlif xəstəliklərə tutulurlar və s.
 
Hansı normal valideyn 13 uşağını bu dəhşətə sürükləyər? Övladınıza necə qıyırsınız? Lütfən bir az dünyanı geniş görün, dünya yalnız sizdən və özünüz üçün kəşf etdiyiniz adətlərdən ibarət deyil.
 
13 yaşlı qızın çevrəsi məktəb, təhsil, bilgilər və özünü gördüyü, tapdığı dünya olmalıdır. Siz onu dünyaya gətirmisiniz, amma necə yaşayacağına qərar verə bilməzsiniz. Avropa ölkələrində artıq uşaqlar müəyyən yaş həddinə çatandan sonra valideynlərini məhkəmədə mühakimə edirlər. Mühakimə edilməmək üçün uşaqlarınızın haqlarını əlindən almayın.