2942
10:40
01 İyun 2019

Fitrə nə zaman və nə qədər verilməlidir?

“Fitrə zəkatı bayram axşamı çıxarılır. Zəkat bayram namazına qədər verilsə, yaxşı olar”.

Bunu Lent.az -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı Hacı Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, bu il fitrə zəkatı ailədə adambaşına ən azı 5 manat təyin olunub: “Fitrə zəkatı 5 manatdan başlamış 10 manata qədər verilə bilər. Kimin imkanı varsa, 10 manat və ya daha çox da çıxara bilər. Keçmişdə pulun yerinə xurma, kişmiş, buğda, arpa kimi məhsullardan verilirdi. Peyğəmbərin dövründə varlı insanlar ən yaxşı xurmalardan zəkat verirdilər. Amma indi pul verilir".

A.Yaqubovun dediyinə görə, fitrənin bayrama qədər verilməsi yaxşı olar ki, maddi imkanı aşağı olan insanlar ondan yararlana bilsinlər.

QMİ əməkdaşı onu da bildirib ki, fitrə verməyə imkanı olmayan insanlara fitrə zəkatını vermək olar: "Qohum-əqraba arasında imkanı aşağı olanlara da fitrə verilə bilər. Bir-iki gün əvvəldən fitrənin kimə veriləcəyi qərarlaşdırılmalıdır".