1424
18:34
27 May 2019

Nargilə İlə Həsənzadə İlyas Əfəndiyevin yubileyində

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi və ya sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub.


Lent.az -ın məlumatına görə, səhnə əsəri görkəmli yazıçının anadan olmasının 105 illiyi münasibətilə təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək İlyas Əfəndiyevin yaradıcılığı haqqında ətraflı məlumat verib.


Onun sözlərinə görə, İ.Əfəndiyev dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biridir. O, ədəbiyyatımıza yeni obrazlar, xüsusən qadın obrazlarını gətirib, “İlyas Əfəndiyev teatrı”nın əsasını qoyub. Qeyd edib ki, yazıçının 22 dram əsəri Bakıda və region teatrlarında tamaşaya qoyulub. Onun ömrünün sonlarında qələmə aldığı “Qarabağnamə” əsəri 23 ildir ki, Akademik Milli Dram Teatrının səhnəsindədir:

“İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də yazıb, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyindən və yaradıcılıq intellektindən xəbər verir”.

Qeyd edək ki, tamaşada rolları xalq artistləri Ramiz Novruz, Əjdər Həmidov, Sabir Məmmədov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Tamaşa ata qayğısından məhrum olan Nargilənin özündən yaşca çox böyük olan zavod direktoru Həsənzadəyə məhəbbətindən bəhs edir.

Səhnə dekorasiyaları ustalıqla hazırlanmış tamaşa çox uğurlu alınıb və maraqla qarşılanıb.