1413
20:50
14 May 2019

İranlı rejissorun quruluş verdiyi tamaşa Lənkəran teatrında oynanılıb

Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası baş tutub.

ONA -nın cənub bürosunun verdiyi məlumata görə, anşlaqla keçən və tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər. İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri heç yerdə olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə Senemarın adının heç yerdə çəkilməməsi məqsədilə onun qılığına girib memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın təkrarı olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur.

Qeyd edək ki, bundan əvvəl də - 2015-ci ilin dekabrında iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran səhnəsində tamaşaya qoyulub. Həmin tamaşa ilə teatr müxtəlif sənət yarışmalarında, o cümlədənİranda keçirilən beynəlxalq Fəcr festivalındaçıxış edib.