1129
03:14
07 May 2019

İstanbulda YSK qərarına etiraz - İmamoğlu "gözləyin" dedi

Türkiyə Ali Seçki Qurumu (YSK) qərarı İstanbulda etirazla qarşılanıb. YSK-nın 11 üzvündən yeddisinin dəstəyi ilə verilmiş qərara əsasən, İstanbul bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv olunub.

Lent.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərara etiraz olaraq yüzlərlə şəhər sakinigecə yarısı küçələrə çıxıb.

Qərarla bağlı münasibət bildirən CHP-nin İstanbul bələdiyyəsi üzrə seçkilərdə qalib gəlmiş namizədi Əkrəm İmamoğlu iftar süfrəsi üçün qonaq olduğu bir məclisdə “YSK-nın qərarını, rəsmi açıklamanı gözləyəcəm, ondan sonra məni gözləyin” – deyə açıqlamasını verib.

Onun sözlərinə görə, yalnız bundan sonra məsələ ilə bağlı ətraflı danışacaq.

“Mən lap əvvəldən ən gözəl anlarımı şəhərin gözəl insanları ilə paylaşacağıma söz vermişəm. İstanbulun ən gözəl nöqtəsində sizlərə fikirlərimi anladacam, hər şey çox gözəl olacaq”, - Ə.İmamoğlu belə deyib.

O, həmçinin tərəfdarlarına ümidlərini itirməməyi də tövsiyə edib:

“Biriləri səhv edəcək, əskik edəcək, çox pis işlər görəcək, amma biz həmişə bərabər ümid bəsləyəcəyik. Hər şey çox gözəl olacaq”.