318
12:17
03 May 2019

Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri ilə görüşüb

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Lent.az -a verilən məlumata görə, görüşdə birgə əməkdaşlıq, ölkələr arasında mədəni sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Monteneqronun mədəniyyət naziri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, bu forumda iştirakından məmnunluğunu ifadə edib.
Nazir Əbülfəs Qarayev bu kimi tədbirlərin ölkələr arasında əlaqələrin daha sıx qurulması üçün mühüm platforma rolunu oynadığını bildirib.
Azərbaycan və Monteneqro arasında birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev, iki ölkə arasında mədəni sahədə əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasını təklif edib.
Ölkəmizdə son illər yaradıcı sənayelərin inkişafı üçün görülən işlər haqqında məlumat verən nazir, bu sahədə birgə fəaliyyətə maraqlı olduğunu qeyd edib.
Nazir Aleksandar Boqdanoviç kinematoqrafiya sahəsində də Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirmiş, bu sahədə həyata keçirilmiş işlərdən danışıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ildə Bakı şəhərində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Monteneqro nümayəndə heyətini iştirak etməyə dəvət edib.