756
18:56
29 Aprel 2019

Bakıda Xorvatiya səfirliyinin açılışı oldu - YENİLƏNİB

“Xalqlarımız arasında əlaqələrin yaradılması Xorvatiya səfirliyinin əsas missiyalarından biridir”.
ONA -nın məlumatına görə, bu sözləri Xorvatiya Baş nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç bu ölkənin Azərbaycandakı səfirliyinin açılış mərasimində deyib.
“Səfirliyin mənim Azərbaycana ilk səfərim zamanı açılması çox əlamətdar hadisədir. Bunu Xarici İşlər naziri kimi özümə hədiyyə hesab edirəm. Bu, ölkələrimiz arasında əməkdaşlığın dərindən inkişaf etdirilməsinə töhfə verəcək. Azərbaycan və Xorvatiya arasında mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər mövcuddur. Xorvatiya Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində də əməkdaşlığa böyük əhəmiyyət göstərir”,- deyə nazir bildirib.
Vergilər naziri Mikayıl Cabbarov açılış mərasimində çıxışı zamanı deyib ki, hökumətlərarası komissiyanın sədri kimi Azərbaycan və Xorvatiya arasındakı əməkdaşlıqdan məmnunluq duyur: “İki ölkə arasında müxtəlif sahələrdə 22 ikitərəfli sənədlər imzalanıb. Səfirliyin açılması ikitərəfli əlaqələrin inkişafında böyük rol oynayacaq”.
Tədbirdə həmçinin Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.
17:41
Bakıda Xorvatiya səfirliyinin rəsmi açılışı baş tutub.
ONA -nın məlumatına görə, açılış lentini Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriç kəsib. Mərasimdə Vergilər naziri Mikayıl Cabbarov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiya tərəfdən isə həmçinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Viçe Skraçiç və iqtisadi məsələlər üzrə müavini İvana Jivkoviç iştirak edib.