1140
17:30
14 Mart 2019

"Facebook"da nöqtə-vergül problemi: SƏBƏB BİLİNDİ - Mütəxəssis danışır

Xəbər verdiyimiz kimi, ötən gündən sosial media resurslarına girişdə problemlər yaşanır. İstifadəçilərin əksəriyyəti rəy olaraq bir-birlərindən nöqtə, vergül istəyərək, problemin həllinə çalışırlar. Digər tərəfdən, istifadəçilərə “Facebook" administratoru adından göndərilən mesaj da onları nöqtə-vergül söhbətində fəal olmağa vadar edir.

Qeyd edək ki, “Facebook" administratoru adından göndərilən xəbərdarlıqda iştirakçıların aktiv olub-olmadığını öyrənmək üçün bu mesajın göndərildiyi bildirilir. "Aktiv olduqda, hələ də aktiv olduğunuzu göstərmək üçün bir surəti istifadə edərək 25 digər istifadəçiyə göndərin. Bu mesajı 2 həftə ərzində göndərməyənlərin "Facebook" hesabı bağlanacaq. Hesablarınızı saxlamaq üçün bu mesajı 25 FB istifadəçisinə göndərin".

Məsələ ilə bağlı Lent.az -a danışan İT üzrə mütəxəssis Emil Quliyev texniki problem ehtimalının ola biləcəyini desə də, problemin bir neçə sosial şəbəkəni əhatə etməsi səbəbindən spam hücumu problemi üzərində dayandığını bildirib: “Adətən böyük istifadəçi kütləsi olduqda bu cür problemlərin qarşısını almaq çətin olur. Düşünürəm ki, hücum məsələsidir" deyən mütəxəssisin fikrincə, "Facebook" müəyyən bir statistika hazırlamaq məqsədilə istifadəçilərin aktivliyini də ölçə bilər.

E.Quliyev göndərilən mesajların təxribat xarakterli hücumcular tərəfindən ajiotaj yaratmaq məqsədi daşıya biləcəyini desə də, istifadəçilərə təlaşlanmamağı tövsiyə edib.