123
21:52
28 İyun 2018

Gömrük rəsmiləşdirilməsində yuxarı hədd müddətləri azaldılacaq

Azərbaycanda gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədilə göstərilən xidmətlərin keyfiyyəti yüksəldiləcək.

APA -nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Beləliklə, gələn il yanvarın 1-ə qədər bu məqsədə nail olmaq üçün gömrük rəsmiləşdirilməsində yuxarı hədd müddətləri azaldılacaq, gömrük prosedurlarında operativliyi təmin etmək üçün “elektron növbə” sistemi tətbiq ediləcək, idxal edilən mallara şamil olunan gömrük ödənişlərinin hesablanması məqsədilə sahibkarlar üçün interaktiv elektron kalkulyator xidməti Dövlət Gömrük Komitəsinin internet portalında təşkil ediləcək, gömrük orqanlarında göstərilən elektron xidmətləri genişləndiriləcək. Eyni zamanda xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində yüklər haqqında sms-məlumatların göndərilməsi təmin olunacaq, gömrük sərhədini keçən şəxslərə münasibətdə gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydalarına riayət etmələrinə nəzarət gücləndiriləcək, xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanları tərəfindən ödənişsiz maarifləndirmə xidmətləri təşkili olunacaq. Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üçün birgə seminar və təlimlərin təşkil edilməsi, onların əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması da nəzərdə tutulan işlər sırasındadır. Bununla əlaqədar Gömrük Məcəlləsində, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.

Tədbirlər Planında bu işlərin görülməsi sahəsində icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib.