Onlar Rusiyanın ucqarına, Buryatiyanın Severobaykalsk rayonunun Anqoya kəndinə 1984-cü ildə gəlib çıxmışdılar. SSRİ tarixinin ən böyük tikintisində iştirak etmək üçün. Onlar “Azerbamstroy” trestində, BAM-ın tikintsində çalışmalı, öhdələrinə düşən dəmiryolu xəttini çəkməliydilər.
***
Baykal-Amur Magistral dəmir yol xətti. Qısaca olaraq BAM. SSRİ-nin 20-ci əsrdə ən böyük strateji layihələrindən biri olub. 1974-cü ildən start götürən bu nəhəng layihə SSRİ məkanında Avropa ilə Asiyanı birləşdirdi. Dəmiryol xəttinin uzunluğu 4324 kilometrdir. 60-dan çox şəhər və qəsəbəni əhatə edən dəmir yolu xətti 200 stansiyadan keçir. BAM SSRİ zamanı ən çox gəncin cəlb olunduğu “Əsrin tikintisi” adını almış bir layihə olub.
***
...Tayqa, keçilməz bataqlıqlar, sərt hava Azərbaycandan gəlmiş gəncləri qorxutmur. Azərbaycanlılar işlərinin öhdəsindən uğurla gəlirlər. Qısa müddətdə magistralın Ulkan stansiyasını istismara verirlər. O vaxt SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olan Heydər Əliyev şəxsən həmyerlilərinə baş çəkməyə gəlir. Balbuxta – Severomuysk xəttində dəmiryolunun son metrləri döşənirmiş. Bir tərəfdən azərbaycanlı Elxan Sultanovun, digər tərəfdən isə Aleksandr Bondarın briqadası üz-üzə gəlirdi. Dəmiryolu xətləri birləşməli, yuxarıda adıçəkilən yol istifadəyə verilməliydi.
Sonradan Bondar xatırlayacaqdı: “Heydər Əliyev Mi-8 vertolyotu ilə düz briqadanın işlədiyi əraziyə endi. Onu SSRİ-nin yol-nəqliyyat naziri Nikolay Konerev, tikinti naziri İvan Sosnov, BAM-ın tikinti rəisi Konstantin Moxortov və başqaları müşaiyət edirdilər.
Mən Heydər Əliyevi və digər qonaqları tikinti işləri ilə tanış etdim. Heç özüm də bilmədim niyə belə oldu, qəfil əlimdəki iri çəkici Heydər Əliyeviçə uzadıb dedim:
- Heydər Əliyeviç, relsləri birləşdirən “zubilanı” vura bilərsinizmi?”
Sən demə, heç kim briqadirdən bunu gözləmirmiş. Heydər Əliyev isə tələsmədən, aramla iri çəkiclə “zubilanı” relsə vurdu. “Zubila” yerinə tam oturandan sonra alqış qopdu”, - deyə Bondar xatırlayırdı.
Deyilənə görə, bu mərasimdən sonra Heydər Əliyev azərbaycanlılarla bir araya gəlir. Onların problemləri ilə maraqlanır. Gənclər Əliyevi əmin edirlər ki, Anqoyaya qədər dəmiryolu xəttində də iştirak etmək istəyirlər. Heydər Əliyev bir söz demir. Təkcə onu bildirir ki, siz öz işinizin öhdəsindən uğurla gəldiniz və vətənə qayıda bilərsiniz. “Əgər qalıb işləmək istəyirsinizsə, onda sizə ancaq uğurlar arzulaya bilərəm”.
***
“Azerbamstroy” bu dəfə Anqoyaya qədər ərazini tikməyə başlayır. 2 ilə xətti çəkib qurtarır. Və ən maraqlısı budur ki, dəmiryolu salınmasıyla bərabər SSRİ-də yeni bir qəsəbənin, Anqoyanın da əsası qoyulurdu. 1986-cı ildə yeni salınmış qəsəbədə artıq 300 nəfər yaşayırdı. Onların da əksəriyyəti azərbaycanlı idi.
***
- Nə edirlər? (Gülür) Nə edəcəklər, kimi pensiyadadı, kimi işləyir, kimi də Severobaykalskda, Verxni Anqarskda bizneslə məşğuldur. Düzü, heç gözləməzdim Bakıdan belə bir zəngi.
Bunu bizə Buryatiya Respublikasının Severobaykalsk rayonunun Anqoya qəsəbəsi üzrə nümayəndəsi Şutov Serqey Yuryeviç deyir. Sergey Yuryeviç onu da deyir ki, Anqoya o qədər də böyük qəsəbə deyil. Vur-tut 13 küçəsi var. Hazırda isə qəsəbədə 700 nəfərdən çox adam yaşayır: “Onların da az qala yarısı azərbaycanlıdır. Çoxunun nəvələri belə burada anadan olub. Kiçik Azərbaycan hesab eləmək olar buranı. Hətta çayxanamız da var”.
Şutovun dediyinə görə, burada Azərbaycanı çox sevirlər: “Bu qəsəbəni siz salmısız, sizin gənclər salıb. Əslində, bizdən çox sizinkilər haqq edir burada yaşamağı. Buranın dəmiryolu vağzalı bərbad gündəydi. SSRİ dağılandan sonra adi suvaq da vurulmamışdı, dağılıb gedirdi. Vağzalı Azərbaycan bərpa edib yenidən qurdu. Mərmərinə kimi Bakıdan gətirmişdilər. Dəmiryolu vağzalına Heydər Əliyeviçin adı veriləndə isə heç kim tərəddüd etmədi”, - deyir icra nümayəndəsi.