Bu gün İspaniyanın yeni kralı VI Felipe parlamentdə and içib. Lent.az-ın xəbərinə görə, andiçmə mərasimində VI Felipe taxt-tacı atası Xuan Karlosdan təhvil alıb.
Kral Felipe rəsmi olaraq dünən gecə yarısından etibarən kral adını alıb.
Keçmiş kral Xuan Karlos İspaniyanın faşist diktatoru Fransisko Frankonun ölümündən sonra 1975-ci ildə taxta çıxmışdı.
Kral Felipenin andiçmə mərasimi həm də 1978-ci ildən demokratik yolla idarə edilən İspaniyada ilk kral dəyişikliyidir.
Yeni kralı qarşıda həlli çətin problemlər gözləyir.
Bu problemlərin başında ilk olaraq xalqın monarxiya üsul-idarəsinə qarşı itirilmiş inamını bərpa etmək dayanır.
Xuan Karlosun vaxtında dünyanın “ən populyar monarxiyası” olaraq xarakterizə edilən İspaniyada kralın oğlu və kürəkəni haqqında korrupsiya ittihamları ispanların monarxiyaya etibarını azaltmışdı.
İqtisadi böhranın İspaniyanı iflic etməsindən sonra Xuan Karlosun Botsvanada fil ovuna çıxması da xalqı hiddətləndirmişdi.
Xuan Karlosun şəxsi səbəblərə görə taxtdan imtina etdiyi iddia olunur. Sağlıq vəziyyəti getdikcə pisləşən Xuan Karlos son illər bir neçə dəfə ombasından əməliyyat olunub.
Felipe 1968-ci ildə paytaxt Madriddə doğulub. Felipe hüquq və beynəlxalq münasibətlər üzrə təhsil alan Felipe hərbi akademiyanın məzunudur. Quru Qoşunlarında polkovnik-leytenant, Hərbi Dəniz Donanmasında 2-ci dərəcəli kapitandır.
Keçmiş televiziya aparıcı Şahzadə Letiziya ilə evli olan Felipenin bu evlilikdən 2 qızı var.