<b>“Satqınları öldürüb teleqraf dirəyindən asırdıq” - <span style="color:red;">“Döyüşçü gündəliyi” </b>
01 may 2014 13:37 (UTC +04:00)

“Satqınları öldürüb teleqraf dirəyindən asırdıq” - “Döyüşçü gündəliyi”

0

Lent.az Fransanın Milli Qəhrəmanı, məşhur azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun döyüş gündəliyinin beşinci  hissəsini sizə təqdim edir.

 

...Porta çatanda hər tərəf qaranlıq idi. Hər tərəfdən ancaq paraxodların gurultulu səsləri gəlirdi. Kanalizasiyanın qapağını bir balaca aralayıb baxdm ki, üstdə patrullar, gözətçilər gəzişirlər. Portun əsas dirəklərinə minaları bərk bağlayıb, yoldaşlara qayıtmaq əmri verdim və tapşırdım ki, mən çöplər taxdığım yolla qayıdın. Fitillərin ucun alışqanla yandırmağa çalışsam da, alınmadı. Axır ki, birtəhər plaşı başıma örtüb fitillərin uclarını yandırıb getdiyim yolla qayıtdım. Qayıdan zaman çox çətinlik çəkdim. Suyun əks istiqaməti, iy, qaranlıqda taxdığım çöpləri zorla görürdüm. Quyudan çıxmağa az qalmış minanın biri partladı. Aradan bir neçə dəqiqə keçməmiş ikincisi partladı. Biz quyudan çıxdıq. Üçüncüsü minanın partlamadığına görə təəssüflənirdim ki, birdən üçüncüsü partladı, düz yarım saat arası kəsilmədən gurultusu hər tərəfi titrətdi. Çox bərk partlayış idi. Biz tez bir bağa keçdik. Ara sakitləşən kimi ara yollarla yoldaşlarımızın yanına gələndə patrullarla rastlaşdıq. Atışma düşdü. Bero yaralandı. Biz yaralını da götürüb sağ-salamat yoldaşlara yetişdik. Partizan yoldaşlarımız bizi çox səmimi qarşıladılar. Partlatdığımız porta dörd gün heç kəsi buraxmadılar Sonradan eşitdik ki, 30-a yaxın paraxod məhv olub, almanlara bir milyona yaxın ziyan dəyib.

***

 

Bir gün məni qərargaha çağırıb dedilər ki, Armed Mişel, sizə yeni tapşırıq veriləcək. Amma əvvəlcə bərbərliyi öyrənməlisiniz. Bildirdim ki, bərbərliyi yaxşı bacarıram. Dərhal stol hazırlayıb partizanlardan birinin - Vasilinin üz-başını təraş etməyimi istədilər. Vasilinin üzünü qırxıb, başına əl gəzdirdim və bütün partizanların xoşuna gəldi. Mənə dedilər ki, şəhərə get, böyük bir bərbərxana var orada, bərbər Duşatle ilə işləyəcəksən. Mən kafelərin birində yaxşı qəlyanaltı edib bərbərxanaya getdim. Həqiqətən bir bərbər alman zabitin üzünü təraş edirdi. Növbə gözləyənlərin stolunda oturdum. Cibimdən bir kağız çıxarıb dörd yerə bölüb , birini yerə saldım. Dəllək Duşatle öz işini qurtarıb mənə-“cavan oğlan, növbə sizindir” dedi. Dəllək üzümü sabunla sürtə-sürtə “xoş gəlmisən, Armed” deyəndə təəccübləndim və məni hardan tanıdığını soruşdum.

 

Dedi ki, sizə bayaqdan fikir verirəm, parolu düz yerinə yetirdiniz. Üz-başımı təraş etdikdən sonra qapını bağladı, mənə düyməcik qoyulan stolu göstərdi. Sonra zirzəmiyə də baş çəkdik. Tapşırdı ki, ehtiyatlı olum. Duşatle bir mademuazellə məni tanış etdi və bildirdi ki, adı Saradır, sənin köməkçin olacaq. Əvvəlcə etiraz edəndə məni başa saldı ki, sizə lazım olan alman zabitlərini Sara gətirəcək. Səhəri gün öz işimə başladım. Duşatle yerli əhali gələndə özünün, alman zabitləri gələndə isə mənim kreslomda otuzdururdu. Güzgünün qarşısına bahalı krem və ətirlər qoyardım. Alman zabitləri Saranı görən kimi yanına gəlir və maraqlanırdılar.

 

 

Sara da onlara “üzünüzü təraş etdirin deyirdi” və alman zabitləri onun sözündən çıxmayaraq gəlib kresloda otururdular. Zabitlərin üzünə köpük sürtə-sürtə qapıya fikir verirdim. Heç kim olmayan zaman düyməni basırdım, zabit bir andaca zirzəmiyə yuvarlanır və kreslo yenə də əvvəlki vəziyyətinə qayıdırdı. Bu iş bir neçə həftə davam elədi. Amma hər dəfə də düyməni basmaq olmurdu. Zirzəmidə isə partizanlar almanları tərkisilah edib o dünyaya göndərirdilər.

Bir gün partizanların axtardığı alman zabiti gəldi. Yanında iki nəfər var idi. Mən alman zabitinin üzünü təraş edən zaman düyməni basmaq istədim. Amma çöldə duran alman zabitlərindən qorxdum. Demə, kresloda oturan mənə fikir verirmiş. Özü düyməni basıb yoxlamaq istəyəndə zirzəmiyə yuvarlandı. Bunu görən qapıdakı iki zabit tez tapançaya əl atdılar və onlardan tez tərpənib hər ikisini vurub Saranı da götürüb qaçdım. Dəllək Duşatlenin başına nələrin gəldiyindən xəbərim olmadı.

 

***

 

Təzə tapşırıq verdilər ki, indi də satqınları aradan götürmək lazımdır. Şəhərin hər yerində partizanlara işləyən, yəni şəhərdə, kənddə və xutorlarda gördükləri hadisələr barədə partizanlara məlumatlar verirdilər. Bizə almanlarla sıx işləyənlər lazım idi və onları tapdıqca güllələyirdik.

Bir gün Jak Dukle məni qərargaha çağırdı. Qərargahda çoxlu general və zabitlər vardı. Məni qərargahdakılara təqdim edərkən bunları dedi:

- Bu, rus komandiri, indi isə fransızların komandiri Armed Mişeldi. Üç gün öncə hörmətli komandanımız general Şarl De Qol məndən  soruşdu ki, “Armed Mişel”, “Xarqo”, “Kuraji”, “Rus Axmed” kimi adlar eşidirəm. Bunlar haqqında mənə məlumat verin. Mən dedim ki, bu adları daşıyan ancaq bir adamdır. O, SSRİ zabiti Əhmədiyyə Cəbrayılovdur.

Jak Duklenin dediklərindən sonra qərargahdakı rütbəli şəxslərdən biri mənə yaxınlaşıb əlini çiynimə qoyaraq dedi: ”Halal olsun sənə vətənin çörəyi. Biz bir amal uğrunda döyüşürük, zülmkarlara qarşı”.

Sonradan öyrəndim ki, mənə belə xoş sözlər deyən şəxsin adın Pier Paskinidir. Mənə tapşırıq verildi ki, özünlə neçə nəfər istəyirsənsə götür.

Plana əsasən mən, Bessek, Rene Jan Bart, Vasili, Bero, Arbete Suzanna, Simone, Sara bizə verilən ünvanlara gedirik. Mən və Bessek gecəyarısı alman formasında həmin şəxslərin evlərinə daxil olub ailəsinin içərisindən  götürüb yoldaşlarımız gözləyən yerə gətiririk. Bıçaqla öldürüb üzərində olan sənədləri götürərək teleqraf dirəyindən asırdıq, döşünə dik taxtasına “Terror partizan”, “Ələ keçməyən partizan” yazılmış lövhəni asırdıq. Cibinə də almanların əleyhinə yazılmış nifrət yağdıran, kommunistlərə mənsub vərəqələri qoyurduq. Almanlara səmimiyyətlə işləyən, qulluq edən istər yeməkxanada, istər bərbərxanada, istərsə də kinoteatrlarda, rəqs meydançalarında onlarla gülər rəftar edən qız və qadınların başlarını dibdən maşınla qırxaraq alınlarına tuncla alman xaçı çəkib buraxırdıq. Həmin qadınlar başlarına tük gəlməyənə qədər şəhərə çıxa bilmirdilər. Onlar küçəyə çıxsaydılar, əhali onları  daş-qalaq edərdi.

Uşaqlar da partizanlara çox kömək edirdilər. Onlar dörd haçalı qarmaqları, şüşə qırıqlarını mərkəzi küçələrə tökdürdülər ki, maşınların təkərləri partlasın, almanlar və onlara qulluq göstərənlər işə geciksinlər.

Tapşırıqdan qayıdandan sonra istirahət etməliydim. Amma partizan qızlar imkan vermirdilər. Deyirdilər ki,  bizə öz vətənindən danış. Onları üçün ən maraqlı gələn kolxoz idi ki, insanlar necə işləyirlər. Bu haqda onlara danışdıqca çox maraqla dinləyirdilər.

1943-cü ilin dekabr ayının axırı biz Djon şəhərini əhatə edən dağlarda özümüzə məskən saldıq. 1944-cü ilin yanvar ayı idi. Mən qərargaha gələndə partizan yoldaşlarım qışqırdılar: “Qorxmaz qəhrəman, rus zabiti, “Xarqo”, cəngavər gəlir”.

Məni dövrəyə alıb “Doğrudanmı ruslar çoxlu içki içirlər”, “Ruslar qorxmaz, igid olurlar”, “Ruslar ölümdən qorxmurlar” kimi suallar verirdilər.

Mən rus zabitlər və əsgərlər haqqında ətraflı danışırdım.  Soruşdular ki, siz niyə fransızlara kömək edirdiniz? Cavab verdim ki, biz fransızların dostuyuq.

İstirahət günlərimin birində yaxşı yeyib içir, meşədə gəzirdim, kefim kök idi. Özüm də bilmədən yolumu qərargaha saldım. Qərargaha çatanda gördüm ki, partizanlar bir yerə toplaşıb. Bu, məni şübhəyə saldı. Öz-özümə dedim ki, yəqin nəsə bir hadisə baş verib. Bu zaman məni görən partizanlar üzərimə yüyürdülər və öz əzizlərini çoxdandır görməyən kimi məni hər biri görüşüb öpməyə başladılar. Tapşırıq aldıqlarını və səfərə gedəcəklərini söylədilər.

Öyrəndim ki, Djon şəhərinə doğru üç ədəd hərbi sursatla dolu, bir ədəd isə canlı qüvvə ilə dolu alman maşının məhv edilməsi üçün qırx nəfər partizan ayrılıb. Dəstənin komandiri leytenant Kofman idi. Leytenant Kofman kənarda dayanıb nə isə düşünürdü. Ona yaxınlaşdım, görüşdük. O çox bikef idi.

Növbəti yazıda leytenant Kofmanın niyə bikef olmağından, Əhmədiyyə Cəbrayılovun mademuazel Marqioli ilə əlaqələrindən, ənənəvi əməliyyatlardan və başqa hadisələrdən xəbərdar olacaqsınız.

Partizan həyatını günbəgün Lent.az-da izləyin.

 

İntiqam Valehoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3513

Oxşar yazılar