2545
12:03
07 Mart 2013

İvanişvilinin “şirkəti”, farslar üçün hədis, Seymur Baycanın arısı... - TİFLİS GÜNDƏLİYİ

Ən böyük ümidlər Bakıda ölür

Ən gözəl yağışlar Tiflisə yağır...

Tiflisə mart gəlib. Əslində mart hər yerə gəlib, amma mənə elə gəlir ki, təkcə Tiflisdə mart ayıdı. Az qala hər gün yağış yağır. Nə qədər romantik görünsə də, tam ciddi deyirəm ki, burda yağışlar nə adam üşüdəndi, nə də zəhlətökən. Daş döşənmiş küçələrdə heç vaxt palçıq olmur, çirkli su göllənmir. Nəqliyyat, tıxac problemi olmur. Əksinə, yağış çirkli ağacları, maşınları, avtobusları yuyub təmizləyir, havaya gözəl qoxu çökür.

Azərbaycanda vətənə və xalqa xəyanətdə ittiham olunan Əkrəm Əylislinin məsələsi gündəmdən düşdüyü ərəfədə Tiflisdə, parlamentin qarşısında etiraz aksiyaları başladı. Gürcülər yeni baş nazir Bidzina İvanişilini ölkəni şirkət kimi idarə etməkdə günahlandırır və yeni hakimiyyətdən narazılıqlarını bildirirlər.

Burda bir neçə evə qonaq getmişəm. Gürcülərin evlərində, qadınlarının evdarlıqlarında bizdən çox fərqli şeylər var. Məsələn, qonaq gözləyən azərbaycanlı qadın öz evdarlığını, təmizkarlığını qonağa nümayiş etdirməkdən ötrü dəridən-qabıqdan çıxır. Evi təmizləyib parıldadır, təzə süfrə salır, ən bahalı qab-qacaq dəstini çıxarır, süfrəyə təmtəraqlı yeməklər düzür. Bizim qadınlar qonağa qonaq kimi yox, tamaşaçı, jüri kimi yanaşırlar. Elə bil, qonaqlar bura xoş vaxt keçirməyə yox, onun bacarığına, evinə, süfrəsinə qiymət, bal, xal verməyə gəlirlər. Əslində, çox vaxt elə də olur.

Amma gürcü qadınları elə deyil. Onlar üçün qonaq elə qonaqdı. Əllərinə nə keçdi düzürlər süfrəyə. Qonağa münasibətdə gürcü qadınları çox cəsarətli və rahatdılar. Süfrəyə sadəcə pendir, göyərti, yumurta da düzə bilərlər. Adamı köhnə paltarda, təmizlənməmiş evdə də qarşılaya bilərlər. Adam da özünü rahat hiss edir.

Gürcü evlərində yaşlılara, ağsaqqal-ağbirçəyə münasibət də qəribədir. Onların evdə xüsusi çəkisi, hökmranlığı yoxdur. Onlarla zarafatlaşır, xətrin əziz tuturlar, vəssalam. Daha ağsaqqal-ağbirçəklə məsləhətləşmək, süfrənin başına otuzdurmaq, tikənin yağlısını ona çəkmək, ilk süzülən çayı onun qabağına qoymaq yoxdur. O, sadəcə ailənin bir üzvüdür, vəssalam.

Nigar Yaqublu evə buraxılan gün Tiflisə yenə yağış yağdı.

Qonşularım maraqlı adamlardı. Çoxu məni tanımasa da, cəsarətlə qapını döyür, nəsə deyir, nəsə istəyirlər. O gün alt qonşum, hər gün üç uşağına bağıran cavan qadın da qapını döyüb, məndən çətir istədi. Dükana gedirdi. Sonra dedi ki, evdəsənsə qəhvə içməyə gələcəm. Maraqlıdır, heç adımı da soruşmadı. Veclərinə də deyil. Çox ünsiyyətcil adamlardı. Sağ divar qonşularım fars ailəsidi. Böyük ailədi, əməlli-başlı külfətdilər. Gecə yatmaq nədi bilmirlər. Uşaqlar qarışıq hamısı səhər saat 5-ə kimi oyaq olurlar. Kef eləyirəm, onlara görə heç nədən qorxub eləmirəm. Bir də gördün, səhərə yaxın hardansa gəldilər.

Arada Darecanın pişiklərinə yemək verirəm. Qonşulardan buna etiraz eləyən təkcə farslar oldu. Dedilər ki, pişiklər tikələri dəhliz döşəməsində oynadırlar, sonra döşəmə yağlı olur. Hələ müsəlmandılar guya, axı peyğəmbərimiz pişiyə əlini çəkib. Əbasında pişik yatdığını görüb, namaza duranda pişiyi oyatmamaq üçün, əbasının ətəyini kəsib. Əşi, nə isə, durub, farslara hədis danışan deyiləm ki, özləri bilər, allahları bilər.

Tiflisə yağış yağır, Seymur Baycan hekayə yazır. O gün hekayələrindən birini ilk dəfə mənə oxudu. «Həyatımda ən gözəl gün» adlı hekayənin ilk oxucusu oldum. Müasirin olan yazarın ilk oxucusu olmaq həm maraqlıdı, həm də ki, xoş.

Seymura balaca bankada bal almışam. Bankanın üstündə iki əlində vedrədə bal daşıyan şən və göyçək bir arı şəkli var. Hər bal bankasını süfrəyə gətirəndə Seymur arını dolayır:

- Bu nə maarifpərvər, ziyalı arıdı. Bu yazıq bal daşıyır, mən də bunun balını yeyirəm. Özümü çox günahkar hiss eləyirəm. Gərək bu arının şəklin çəkib feysbukda profil şəkli eləyim...

Günlər keçdikcə Bakıdan uzaqlaşdığımı hiss eləyirəm. Gündəmini izlədiyim, mətbuatına yazdığım, adamları üçün darıxdığım Vətən elə uzaq, elə ögey, elə yaddı ki.

Jurnalist Fərahim İlqaroğlu, vəkil Xalid Bağırov, fotoqraf Abbas Atilay Tiflisə gələcəklərini yazırlar. İsveçrədə mühacirətdə yaşayan mənəvi atam Hacı Hacıyevlə də arada yazışırıq. Çox müasir, tərəqqipərvər, məlumatlı adamdı. Bütün gənc yazarları oxuyur, prosesləri izləyir, münasibətini bildirir. Onunla danışanda çox sakitləşirəm, özümə, bizim nəslə inamım artır. Amma onun nisgilini, kədərini də hiss eləyirəm. Orda yaşasa da ürəyinin bir parçası burdadı...

Tez-tez elektron məktublar alıram. Əksəriyyəti söyüş, hədə, qarğış, nifrətlə dolu olur. Kimi açıq yazmağıma, kimi dinə müxalifətdə olmağıma görə, kimisi də elə-belə mırta yazır bu sözləri. «Əxlaqsız», «tərbiyəsiz», «ata-ana tərbiyəsi görməyən» ən çox yazılan sözlər bunlar olur. Bütün bu nifrətin, qəzəbin, zəhərin mənə təsiri olmasa da, səbəbi düşündürür. Axı niyə? Nəyə görə? Yazmaq, sadəcə yazmaq bu qədər nifrətə, kinə, zəhərə səbəb ola bilərmi?

Bilmirəm, bunun cavabını Azərbaycan xalqı bilir...Təhsili, tərəqqisi, uşaqlarının oxumağı, gənclərinin azad, mədəni yaşamağı, qocalarının ahıllıqlarını arxayın, təminatlı keçirmələri üçün yazdığım, mübahisə elədiyim, əvəzində hədələrdən, danlaqlardan başqa heç nə görmədiyim xalq. Mütəfəkkirini dəfn etməkdən imtina edən, ziyalısını, yazarını daşa basan, fitə tutan, övladının zövqünü korlayan müğənnilərə, meyxanaçılara pul xərcləyən, yaradıcısını evində acından öldürən xalq. Hər şeyə rəğmən sözünü azad deyə, həyatını azad yaşaya, övladını azad böyüdə, sevgilisini azad sevə bilməsi uğrunda dava aparacağım xalq...

(Ardı olacaq)