8-ci hissə
Əvvəli: http://news.lent.az/news/115418
İranda bar, diskoteka, kazino və bu kimi istirahət məkanları olmadığından əyləncə gecələri xüsusi evlərdə təşkil olunurdu. Tehranda belə evlərin sayı kifayət qədər idi,
onların demək olar ki, hamısı vəzifəli şəxslərə, şəhərin varlı ruhanilərinə, onların qohum-əqrəbalarına məxsus idi. Həftənin müəyyən günlərində müştərilərə xidmət göstərən bu
qapalı mənzillərdə demək olar ki, hər növdən olan narkotik maddələr - əsasən tiryək, nəşə təklif olunur və alıcıların rahatca keflənməsi üçün hər cür şərait yaradılırdı. Bəzi evlərin imkanları daha geniş olurdu, narkotik və spirtli içki ilə yanaşı, xüsusi yataq şəraiti olan kabinetlərdə, gənc qızların və qadınların masaj və intim xidmətləri də menyuya daxil edilirdi. Adətən belə yerlər çox bahalı olurdu, bu məkanlara təşrif buyuran ağalar gecəyə ən azı qırx qırx-əlli milyon tümən (təxminən 10-15 min dollar) xərcləyə bilirdilər.
Məsud dostları ilə bir neçə dəfə belə məkanlarda olmuşdu. Yüngülcə nəşə çəkib hallandıqdan sonra hərə bir qızı qoltuğuna vurub, kabinetlərə çəkilirdi. Məsud isə hətta burda da “ağ qarğa” obrazından çıxa bilmirdi. Şalvarını əynindən zorla çıxartmağa çalışan sırtıq fahişələri özündən güc-bəla ilə aralayırdı. Necə yəni, tanımadığın, sevmədiyin, bədənini pulla satan biri ilə sevişəsən?
Bütün bunlar ona son dərəcə qeyri-təbii və iyrənc görünürdü. Dostlarla bir yerə toplaşıb
əylənmək nə qədər xoş olsa da, həddini aşan münasibətlərin iştirakçısı olmaq istəmirdi.
Xüsusilə, üç dostun, üç qadınla eyni otaqda sekslə məşğul olması, Məsudda əməli-başlı
ikrah hissi doğururdu. O, qadınla alınıb-satılan qul kimi rəftar edə bilmirdi. Fahişələrə ürəkdən acıyırdı. Dostlarının yarıxoş-yarızor apardığı məclislərdə onlara siqar, nəşə
alır, bəzən də pul verirdi. Qadınlar bu əliaçıq, gözütox, nəzakətli gənc ağanı çox istəyirdilər. Məsudu görüncə, onun qonağı olmağa can atırdılar.
Bəzi məqamlarda yoldaşları Məsuda paxıllıq etməkdən özlərini saxlaya bilmirdilər.
Artıq onun bu xasiyyətinə öyrəncəli olmuşdular, əvvəllər tez-tez ona sataşsalar da sonradan vəziyyəti anlamışdılar. Könülsüz, sevgisiz, pulla alınan sevgi onun ehtiyaclarını ödəyə bilməzdi.
Ərinin ailədən soyuması, evə gec-gec gəlməyi, evdə olduğu vaxtlarda çox zaman fikirli-fikirli susması artıq Nəcibəni narahat etməyə başlamışdı. Əvvəllər buna əhəmiyyət
vermədiyinə görə, özü-özünü qınayırdı. Kişinin nə dərdi ola bilərdi, görəsən? Nəcibə hey
düşünür, ərinin bu qeyri-adi hallarını heç cür anlaya bilmirdi. Məsud isə qəti anlamışdı ki, onların izdivacı səhvdir, böyük bir səhv! Bu ər-arvad başqa-başqa dünyanın adamları idilər...
Nəcibə ərlə-arvad arasında sərhədsiz münasibətlərin olmasını qəbul etmirdi, hər şey
şəriət qaydalarına uyğun, qapalı və abır-həya çərçivəsində olmalı idi. Qadın əri ilə dostlaşmaq, onun istənilən problemini, arzusunu, istəyini, dərdini bölüşəcək, anlayacaq, onunla şərik olacaq vəziyyətdə deyildi. Onun qatı mühafizəkar şəxsi əxlaq və davranış kodeksləri, şəriət imperativləri ilə qarışıb, ailədə cansıxıcı və qəmgin bir ab-hava yaratmışdı.
Sözsüz ki, Məsud da Nəcibənin gözündə ideal kişi deyildi, o, özü də fərqinə varmadan
Nəcibənin uşaqlığından bəri, beynində formalaşdırdığı ər obrazını alt-üst etmişdi.
Nəcibənin arzuladığı kişi dindar, mühafizəkar, ailədə qəti hökmlər verən və köhnə dədə-baba ənənələrini yaşadacaq biri olmalıydı. Nəcibənin qalınsaqqallı, sifətindən zəhrimar yağan atası buna parlaq nümunə idi.
Məsud isə dünyəvi təhsilin, qadın azadlığının, açıq cəmiyyətin tərəfdarı idi və övladlarını da bu ruhda böyütmək istəyirdi. Hətta bir neçə dəfə: “uşaqlar bir az böyüsün, Avropaya köçək, onları orada oxutmaq istəyirəm” - deyə arvadının reaksiyasını əvvəlcədən bildiyi üçün, onun cavabını gözləmədən söyləmişdi.
İran cəmiyyəti gənclərin azad buluşma, sevib-sevilmə haqlarının qarşısına Çin səddi
çəkdiyindən, bu iki gəncin də biri-birini ətraflı tanıma imkanları olmamışdı. Evlənənə qədər yalnız iki dəfə görüşmüşdülər, o da Nəcibənin valideynlərinin və Məsudun ata-anasının hamılıqla iştirak etdiyi məclisdə. Uzaqdan-uzağa biri-birlərinin xoşuna gəlmişdilər, həm də uşaqlıqdan tanış idilər. Nəcibə yeddi yaşına çatanda atası onu başdan-ayağa çadraya bürümüş, hətta küçədə-bayırda üzünü açmağı belə qadağan etmişdi. Məsud bu on üç ildə qızın üzünü ilk dəfə olaraq nişan mərasimində gördü. Düzdü, yad deyildilər, ancaq heç vaxt yaxın olmadılar.
İndi isə vəziyyət dalana dirənmişdi, Nəcibə əri ilə bağlı narahatedici hadisələrin baş
verdiyini duyurdu, amma onunla üzbəüz söhbət etməkdən çəkinirdi. Nəcibə ərinin bir kişi kimi onunla ümumiyyətlə maraqlanmamasını, ərinin iş qrafikinin gərginliyində görürdü. Qohum-əqrəbasındakı bütün qadınlar kimi o da düşünürdü ki, kişinin öz arvadına həvəs göstərməməsi ya onun işinin ağırlığı, bu səbəbdən də çox yorulması, ya da narkotikin, içkinin təsiri ilə kişiliyinin zəifləməsi ilə bağlı ola bilər. Nəcibə bütün hallarda birinci variantın üzərində dayanmaq istəyirdi, Məsudun impotent olmasına inanmırdı. Aldığı sərt tərbiyə və ədəb-ərkan ona, bu barədə düşüncələrini əri ilə bölüşməyə imkan vermirdi. Hərəsi bir otaqda bədbəxt idi. Amma Nəcibə ərini kənara çəkib, düşündüklərini, narahatlıqlarını ona söyləsəydi, Məsud arvadının bu cəhdindən məmnun qalar, qadınının “əxlaq polisi” qiyafəsindən çıxdığını düşünər, ürəyini ona açardı. İkilikdə bütün baş verənləri çözərdilər. Bəlkə də bu məhrəmanə söhbət, artıq dağılmaq mərhələsinə üz qoyan münasibətlərin bərpasında bir açar ola bilərdi...
Çox təəssüf ki, Nəcibə bu şeylərdən uzaq idi. Ərinin hamamda çimərkən, masaj xahişini
əxlaqsızlıq kimi qiymətləndirən Nəcibə, qadın olaraq ən ucuz fahişələrə belə uduzurdu.
Onun düşüncəsinə görə, ən yaxşı qadın, bütün situasiyalarda ərinə sədaqətli, uşaqlarına
olduqca diqqətli, yeməyi vaxtlı-vaxtında hazırlayan, ibadətini qaçırmayan, əri ilə mübahisəyə girməyən, abır-həyanın kvadratları cəminə yüksələn, həyat yoldaşının yanında dizdən yuxarı paltar geyinməyən qadındır. O, özünə fikir verən, şux qadın görəndə əsəbiləşirdi. Kişilərin “yüngülağıl”, “gözü-başı qaynayan” qadınlara meylliliyini, onların “şeytana yaxınlığı” ilə izah edirdi.
Bir neçə ay idi ki, Məsud çalışdığı kompaniyada bir qadınla görüşməyə başlamışdı. Qadın katibə işləyirdi. Əri ilə üç ilə yaxın idi, boşanmışdı. İlk dəfə üz-üzə gəldikləri zaman Məsud onun üzünə baxmadan salamlaşmışdı, qadın isə bu gənc, yaraşıqlı oğlanı başdan –ayağa süzmüş və ondan çox xoşu gəlmişdi. O azad və savadlı, üstəlik də çox gözəl qadın idi. Qara çadra altında gizlənməyə məhkum olan gözəl, ağ bədəni, cazibədar siması, iri, sürməli gözləri ilk görüşdə Məsudun ağlını başından almışdı. İlk dəfə qadının evinə qonaq gələrkən, ürəyi həyəcandan çırpına-çırpına qapının zəngini basmışdı. O, qısa ətəkli paltarda, başıaçıq, qara buruq saçları sinəsinə və çiyninə dağılan gözəl qadın qapını açmış, gülümsəyərək Məsudu evinə buraxmışdı...
(ardı var)