Əvvəli: http://news.lent.az/news/113922
Səhər erkən olduğundan küçələrdə seyrəklik vardı, mağaza, kafe və restoranlar hələ açılmamışdı. Diana yumşaq oturacaqda mürgüləməyə başladı. Başı sinəsinə düşəndə, diksinib oyanırdı. Bu gecə demək olar ki yatmamışdı. Cındır-mındır yığınından ibarət yatağında səhərəcən vurnuxmuşdu. Verdiyi qərarı dəfələrlə öz-özünə müzakirə etmişdi, hər dəfə düzgün qərar verdiyinə özünü inandırmaq istəyirdi. Hərdən də naməlum bir qorxu hissi içini bürüyürdü, gözlənilməzlik, müəmmalılıq, risk...
Buradan getməklə özünü xilas edə biləcəkdimi?
Bəlkə onu qarşıda daha betər həyat gözləyirdi?
Bütün bunlar əzablı suallar idi.
Planını gerçəkləşdirəndən sonra da daxili narahatlığı azalmırdı.
Düşünməməyə çalışırdı.
Nə olur-olsun! Bu vaxta qədər başına gələnlərə dözə bilmişdisə, bundan sonrası daha asan olacaqdı.
Bir neçə ay ərzində, əməlli-başlı həyat dərsləri almışdı.
Avtomobil asfalt yolda şütüdükcə Diananı yuxu aparırdı.
Avtomobili sürən otuz yaşlarında, qonur gözlü, ağsifət, gur saçlarına yenicə ağ düşmüş yaraşıqlı bir adam idi.
Tez-tez güzgüdən Dianaya nəzər salırdı.
“Yəqin həyəcandan gecə yatmayıb” - deyə düşündü.
Diana gözlərini ovuşdururdu. Kişinin ona baxdığını görüb, utancaq halda dedi:
- Gecə yaxşı yatmamışam...
- Görürəm. İstəyirsənsə uzan yat, narahat olma! - oğlan gülümsəyərək cavab verdi. Qısa pauzadan sonra:
- Buralarda açıq kafedən, çay evindən-zaddan bir şey tapa bilmirəm bayaqdan. Bir çay içib, özümüzə gələrdik, sənin də yuxun qaçardı, ay Diana xanım...
- Adətən 9-dan, 10-dan sonra işləyirlər, bizdə də elədi...
- Diana günahkarcasına dilləndi.
- Ağlıma bir ideya gəldi! Gedək “28”-ə, orada bir yer tanıyıram, saat beşdən açıq olur, nə deyirsən?
- Gedək... - Diana razılaşdı.
On beş dəqiqə sonra, onlar qarşılarında mürəbbəli-şirniyyatlı çay dəsgahı, ağ süfrəli masanın ətrafında üz-üzə oturmuşdular.
Diananın işlədiyi kafeyə gəlib-gedəndən bəri, özünü çox mədəni, nəzakətli aparan bu xoşsifət iranlı, uşaqlarına dayəlik etmək üçün onu gözaltılamışdı.
Diana hər mənada onun xoşuna gəlirdi, utancaqlığı, müştəridən pul güdməməsi, kədərli gözəl gözləri, həlim xasiyyəti və s.
Yavaş-yavaş dostlaşmışdılar. Diana nədənsə bu adama ürək qızdırırdı.
Məsud Təbrizdən köçüb gəlmişdi. Neft mühəndisi idi. Bir neçə xarici dil bilirdi. Universiteti bitirdikdən sonra neft şirkətlərinin birində işə qəbul olmuş və yeddi il orada çalışmışdı. Məsud imkanlı ailənin övladı idi, yaxşı təhsil almış və perspektivli bir sahənin mütəxəssisi kimi yetişmişdi. Məsudun çalışdığı neft şirkəti xarici neft şirkətləri ilə işbirliyi qurur, beynəlxalq imkanlarını genişləndirirdi.
Biri-birinin ardınca yeni ideya və layihələr irəli sürməsi, onların tətbiqinin uğurlu alınması, ingilis dilini yüksək səviyyədə bilməsi və s. onu bu qurumun ən vacib, nüfuzlu işçilərindən birinə çevirmişdi. Uğurlu bir karyera sahibi olmaq üçün hər şeyi vardı.
Hələ çox gənc olmasına baxmayaraq, şirkətin idarə heyəti sədrinin müavini vəzifəsinə qədər irəliləmişdi.
Bu kompaniyada işlədiyi müddətdə qohumlarından bir qızla evləndi, qız şəriət məsələləri üzrə müəllim idi, amma işləmirdi.
Biri-birilərini sevməmişdilər, sadəcə hər iki tərəf digərini ailə qurmağa münasib bilib nikah bağlamışdı.
Bu evlilikdən Məsudun iki övladı dünyaya gəlmişdi.
İşdən sonra bütün asudə vaxtını onlarla bərabər keçirirdi.
Arvadını isə heç zaman sevmədi, onunla dost olmadı, bu qadına yalnız uşaqlarının anası kimi iltifat göstərirdi.
Zaman keçdikcə Məsud anlayırdı ki, hər biri başqa-başqa dünyanın adamlarıdır və ata-analıq funksiyasından başqa, onların heç bir ortaq kəsişmə nöqtələri olmayacaq...
İlk vaxtlar Məsud buna əhəmiyyət vermirdi. O, ənənəvi bir müsəlman ailəsində böyümüşdü və gözünü açandan ərlə-arvadın isti münasibətinə, dostluğuna şahid olmamışdı. Məsud düşünürdü ki, evlənmək onun vəzifəsidir, ata-anası, cəmiyyət qarşısındakı öhdəliyidir və o bunu mütləq icra etməlidir. Məsələn, təhsil almaq, hərbi xidmətə getmək kimi. Bunun üçünsə sevmək, şeir yazmaq, yağışa baxaraq, kiminsə islanan bədənini düşünüb, kövrəlmək vacib deyil.
Hər şeyə riyaziyyatçı məntiqi ilə yanaşdığına görə, qeyri-müəyyən, izaholunmaz hislərdən özünü təcrid edirdi. Özünü sərt, real həyat üçün hazırlayırdı. Tələbəlik illərində yoldaşlarının sevgi macəralarını, qeyri-adi hallarını görüncə, onlara yazığı gələrdi.
- Bir qadından ötrü niyə bu qədər əzab çəkirsiniz? Zəhra yoxdu, Züleyxa var, nə fərq edər ki? Yetər ki ağlı, insanlığı olsun! - deyərək, dostlarının məcnunluğunu qınayırdı.
Əslində o özü də insani hislərdən uzaq deyildi, riyaziyyatçı olsa da poeziyanı, ədəbiyyatı sevirdi. Amma dəbdəbəli şərq nağıllarına, mədhiyyələrdən və nəsihətlərdən ibarət divan ədəbiyyatına deyil, yeni dövr Avropa yazıçılarının əsərlərinə vurğun idi. Məsələn, Henrix Heyneni oxuyandan sonra Füzuli gözündən düşmüşdü. Heyne deyirdi ki, “Mən bir qılıncam, mən bir alovam!” Füzuli isə yazırdı ki, “Xuni-cigər hicrindən abi-neysan oldu”. Bəlkə də bu doyumluluqdan irəli gəlirdi, şərqdə axı, Füzulini hamı yeyib doyub. Füzilizm müsəlmanın incəsənətinə, ədəbiyyatına, musiqisinə, mətbəxinə qədər bütün maddi və mədəni mədəniyyətinə dolub, doğulan uşaqların belə canına, qanına hopub. Məsud qanlı göz yaşları içində boğulan şərq poeziyasının içindən, qərb ədəbiyyatına azadlıq simvolu kimi baxırdı.
Demək olmaz ki, şəriət qanunlarının hökm sürdüyü, cansıxıcı İran mühitində azadfikirli Məsud dəhşətli əzab çəkirdi. Avropalaşmanın, demokratiyanın tərəfdarı olsa da, hələlik ölkəsinin buna hazır olmadığını düşünürdü. Əhmədinejad rejiminin isə dağıdılmasının tərəfdarı idi, lakin hökumətin müxalif düşüncəli ziyalılara qarşı repressiyasından qorunmaq üçün bu barədə kütləvi yerlərdə danışmazdı.
Məsud soyuqqanlı və ağıllı idi, emosiyalarını ən çətin anlarda belə idarə edə bilirdi. Yaxın dostu Qasım hər dəfə ona zarafatla belə deyirdi:
“Elmə məlum olan bütün canlı orqanizmlərin əsəb sistemi var, Məsud Salehi isə istisnadır. O, yer kürəsinə naməlum obyekt tərəfindən 1981-ci ildə gətirilmişdir. Məsud Salehi deyilən canlıda sinir sistemi və ürək aşkarlanmamışdır. Bu, elm aləmində bir möcüzə olaraq qalır”.
Karyerasında uğur qazanırdı, dostlarla əla vaxt keçirirdi, insanlarla yaxşı ünsiyyət qururdu.
Amma Məsudun ailə həyatı yarımçıq idi, hər gün üzünü gördüyü, hər gecə böyür-böyürə yatdığı, səhərləri birgə açdığı qadın ona yad, mənasız bir adam kimi görünürdü. Nəcibə dindar ailədə böyümüşdü, namaz qılırdı, Məsud işdə olanda, (onun belə ayinlərdən qəti xoşu gəlmirdi) uşaqlarının başı üstündə ucadan Quran oxuyurdu. Həddən artıq qadağalar və son dərəcə kəskin əxlaq hökmləri mühitində tərbiyə almışdı. Əri ilə heç zaman açıq söhbət etməz, həmişə aradakı ədəb pərdəsini qalınlaşdırardı. Məsud onunla bir neçə dəfə yüngülcə zarafat etmək istəmiş, Nəcibə isə zarafata çox pis reaksiya verərək, bunu özünə hörmətsizlik kimi qəbul etmişdi.
Belə şeylər bir neçə dəfə təkrar olundu, Məsud vəziyyəti izah edib bitirənə qədər, bütün əhvalı pozulurdu. Mübahisəni isə təxminən belə bitirirdi: Boynuma alıram, səhv məndədir. Mən qadınla yox, əxlaq polisi ilə evlənmişəm! Vəssalam, gəl dalaşmayaq!
Sonra da qanıqara halda kompüterdə eşələnər, ya da kitab-jurnalı vərəqləyərdi.
Arvadı ilə mübahisəni davam etdirə də bilərdi, əgər qadın Məsudun kitabxanasından bircə götürüb kitab oxumuş olsaydı!
Məsud onunla kəlmə kəsməməyə çalışırdı, hər axşam saatlarla kompüterdə qurdalanır, arvadı yuxuladıqdan sonra yatağa girirdi.
Uzaqdan xəyanət qoxusu gəlirdi...
(ardı var)