6-cı hissə
Əvvəli: http://news.lent.az/news/112354
İş yoldaşlarının ona qarşı münasibətinin dəyişdiyini hiss edirdi. Oğlanlar yanından az qala sürtünə-sürtünə, qadınlarsa mümkün qədər aralı keçirdilər. Nəsə qəribə şeylər baş verirdi, onunla həmişə xoş danışan yaşlı xadimə qadın Xədicə xala, sakit təbiətli, humanist adam olan kassir Həsən də dəyişmişdi. Onunla ağızucu salamlaşırdılar. Xədicə xala daha onu yeməyə çağırmırdı, Diana durğunluq içində idi. Görəsən nə olmuşdu? Niyə özlərini belə aparırlar? - deyə, öz-özünə düşünür, bir nəticəyə gələ bilmirdi.
Təkcə aşpaz Samirə xanım onunla əvvəlki kimi mehriban davranırdı.
Nəhayət, bir gün Samirə xanım Diana ilə söhbət etmək qərarına gəldi.
Əmin olmaq istəyirdi ki, onun barəsindəki şübhəli söhbətlər nə dərəcədə doğrudur. Aşpaz qadın qızı kənara çəkib dedi ki, bəs işçilər arasında sənin barəndə pis dedi-qodular yayılıb. Ofisiant oğlanlar danışırlar ki, guya gecələr burada fahişəlik edirsən...
Çaşqınlıq və həyəcandan Diananın gözləri böyüdü, rəngi ağardı. Gənc qızın tutulduğunu və doluxsunduğunu görən qadın xeyli yumşaq səslə: Bax, qızım, - dedi, - mən inanmıram ki, sən o yolun yolçususan, amma ehtiyatlı ol. Qeybət üçün əsas yaratma. Müdiri sən o qədər də yaxşı tanımırsan, çox sərt adamdı, bu söhbətləri eşitsə, səni işdən qova bilər. Diana qəhərdən boğula-boğula arvada yalvardı ki, onun haqqında bu iyrənc şayiələri yayanın kim olduğunu desin.
Aşpaz qadın qızın qulağına pıçıldadı:
- Ceyhun danışıb uşaqlara...
Diana zənnində yanılmamışdı. Bəli, bu elə onun işi olacaq.
Diananı qarabaqara izləyən bu oğlan, yalançı, qorxaq, müdiriyyətə yaltaqlanmağı şərəf bilən, hiyləgər və qul təfəkkürlü birisi idi. Belə adamlar adətən rəhbər şəxslərin ətrafında cəmləşir, hakimiyyətə meylli olurlar. Lakin birbaşa hakimlik onlar üçün deyil, bunu özləri də yaxşı bildiklərindən, daha çox əyan rolunda görünməyə can atırlar. Zəifi, gücsüzü əzməklə, mənəvi cılızlığını kompensasiya etmək - güclülüyün imitasiyasını yapmaq bu tip adamların xarakterik xüsusiyyətlərindəndir.
Bu gədəyə ofisiantların üzərində nəzarətçi vəzifəsi verilmişdi. Həmkarlarının yanında özünü ağa kimi aparır, fəhlələrin, anası yaşında xadimənin üstünə çımxırırdı. Müştərilərin qarşısında isə irişə-irişə ikiqat əyilirdi, az qalırdı ayaqqabılarını da silməyə icazə istəsin.
- İndi hər şey aydın oldu! Demə, buna görə hamı məndən vərəmli xəstə kimi uzaq qaçırmış... - Diana stula çökdü. Aşpaz qadın, ona yavaşca ürək-dirək verməyə başladı. Diana bu qara gədənin ondan heyf çıxdığını, belə şantajlara nə üçün əl atdığını Samirə xanıma bircə-bircə anlatdı.
Bir xeyli dərdləşdikdən sonra, qadın Dianaya məsləhət gördü ki, elə bu axşam administratora şikayət etsin. Qorxma - dedi, - onsuz da hamı o qudurğanın əlindən boğaza yığılıb. Namiq (administrator) tədbir görməsə, Zaur müəllimin (müdir) özünə deyərik. İti qovan kimi, onu qovar burdan.
Diana susub düşünürdü.
O axşam heç kimə şikayət etmədi.
Amma nəsə etməli idi, nəsə edəcəkdi, səbrin də bir həddi var!
Hər gün bir az daha sərtləşir, atmacalara əvvəlki kimi susqunluqla deyil, söyüşlə cavab verirdi.
Həyat onu bərkləşdirir, amansızlaşdırır, uşaq məsumluğunu əlindən alırdı.
Hər şey adiləşirdi, adamların ona fahişə gözü ilə baxmaları da, qulluqçuluq da, yetimlik də, abırlı və abırsız kişi təklifləri də.
Gündüzlər dayanmadan işləyir, gecələr kafenin anbarında aşpaz qadının ona gətirdiyi yorğana bürünüb yatırdı.
Onu bu restorana gətirən polis, elə o gedən getmişdi, Diana onu bir daha görmədi.
Onun da niyyəti ürəyində qalmışdı, Zaur müəllim deyilən adam - kafenin müdiri, əvvəlcə dostunun xeyirxahlığını bəyənmiş, məqsədini bildikdə isə onunla dalaşıb, qovmuşdu: “Qız burada qalacaq və sən ona əlini də vurmayacaqsan!”
Diana hər şeydən yorulmuşdu, bezmişdi.
Restoranın işi çox qızğın getdiyindən, işçilərə ayda bir dəfə istirahət günü verilirdi. Hər gün iş, iş, iş! Səhərin necə açıldığını, günün necə batdığını görmürdü Diana.
Gəncliyin enerjili, ehtiraslı çağlarını yerin altındakı qaynar qazanların, unlu, tozlu mətbəxin içində qulluqçu kimi keçirmək, gözəlliyini bu kif qoxuyan anbarda çürütmək çox dəhşətli idi.
Getmək istəyirdi. Nökərçiliyin, zorakılığın, səfilliyin olmadığı, ataların qızlarını zorlamadığı, insanların bir parça çörək verib də əvəzində bədənini qarmalamadığı bir ölkəyə getmək!
Ancaq necə? Buradan necə qaçsın? Haraya, kimin yanına getsin?
Ağlına gələn variantların heç biri etibarlı deyildi, hamısında risk var idi.
Özü yaşında zövqlə geyinmiş, qayğısız, kədərdən uzaq sevgilisi yaxud rəfiqələri ilə restorana gələn qızlara qulluq edəndə, nədənini özü də bilmədən xəcalət çəkirdi, bu hiss həsəd də deyildi, elə bil böyük günahlar etmişdi və bu günahları xalq arasında elan etmişdilər, Diana yaşıd qızların stoluna yaxınlaşanda, özünü cəza kürsüsünə qalxmış kimi hiss edirdi.
Kiminləsə dostluq etmək istəyirdi, rəfiqəsi, sevgilisi olsun istəyirdi, amma insanlardan qorxurdu Diana.
Müştərilər bu gözəl, daim kədərli görünən gənc qızla çox maraqlanırdı. Ona cürbəcür təkliflər edirdilər. Elələri var idi ki, hər gün gəlir, qıza yaxşı maaşdan tutmuş, şəxsi ev, avtomobilə qədər hər şey vəd edirdi. Bəziləri ciddi iş təklifində bulunurdu, əksər kişilər isə məşuqə olmağı təklif edirdilər. Diana öncələr bu təklifləri təhqir kimi qəbul edərək, ağır cavablar qaytarırdı, həmin adamın masasına ikinci dəfə yaxınlaşmırdı. Administrator ona bir neçə dəfə ona ciddi xəbərdarlıq etmişdi ki, belə hərəkətləri yığışdır, müştərilərlə mehriban dolan. Burada bir qızıl qayda vardı: “müştəri həmişə haqlıdır!” Müdirdən tutmuş, qapı qarovulçusuna qədər hamı bu qaydaya riayət edirdi. Bu kimi tələblər ilk əvvəllər Dianaya çox çətin, hətta mümkünsüz görünsə də, getdikcə vərdiş etməyə başlayırdı. Artıq müştəri hesabı ödəyəndə, onun üçün qoyulan çaypulunu nəzakətlə götürüb, təşəkkür edirdi.
Çaypulu ofisiantların həssas yeri olduğundan, “çayevoy” verən müştərinin üstündə az qala biri-birini qırırdılar, əvvəllər bu da Dianaya çox əcaib, hətta gülməli gəlirdi. Amma zaman keçdikcə, bunun da fəlsəfəsinə öyrəşdi. On iki saatlıq iş üçün altı manat maaş çox azdır. Buna görə də ofisiant gözünü müştərinin kitabça arasına qoyduğu xırda pula dikməyə məcburdur.
Ümumiyyətlə götürəndə, Diana həmkarlarından çox pul qazanırdı. Adətən kişi müştərilər yaxşı “çayevoy” verirdi. Diana isə oğlanlardan fərqli olaraq acgöz deyildi, “çayevoy” verən müştərinin stoluna, gün ərzində heç nə qazanmayan, adamların xəsisliyindən şikayətlənən həmkarını göndərirdi. Başqa vaxt qıza üstdən-aşağı baxan, yekəbaş gədələr az qala qızın əlini öpüb, dərhal götürülürdülər.
Günlər beləcə yorğun, fərəhsiz keçirdi.
Diana xeyli pul toplamışdı.
Günlərin bir günü o yoxa çıxdı.
Bir şaxtalı qış səhəri kimsəyə bir söz demədən, dörd aydan artıq işlədiyi yeri tərk etdi.
Onu sonuncu dəfə restoranın qarovulçusu gördü.
Qarovulçu maraq üçün qapının ağzına çıxıb, qızın hansı səmtə getdiyini öyrənmək istəyirdi. Bu, altmış yaşlarında, daim siqaret tüstülədən arıq bir kişi idi.
Diana çiynində idman çantası, səki ilə cəld yeriyirdi. Təxminən, yüz metr getdikdən sonra avtomobillərin cərgə ilə saxlandığı meydançaya tərəf döndü və qara rəngli, xarici bir maşın düz onun qarşısında saxladı. Qapı açıldı, avtomobil yiyəsi yerə düşmədən, Dianaya əli ilə “gəl” deyə, işarə etdi. Diana çantasını içəridəki adama verdi, sonra özü maşına mindi.
(ardı var)