Rafət Qəniyevin "məzar"ı
07 iyun 2022 12:07 (UTC +04:00)

Rafət Qəniyevin "məzar"ı

Özünü ölmüş kimi göstərən iş adamından YENİ XƏBƏR - YENİLƏNİB

Dələduzluqla bağlı barəsində aparılan araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyev məhkəmə qarşısına çıxarılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində istintaq orqanının onunla bağlı verdiyi təqdimata baxılıb.

Məhkəmə təqdimatla bağlı qərar qəbul edib. Rafət Qəniyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) madəəsi ilə cinayət törətməkdə şübhəli bilinərək barəsində 1 ay 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 25 noyabr 2021-ci ildə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub. Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Əldə etdiyimiz xəbərə görə, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.

***

6 iyun, saat14:52

Ötən həftə özünü ölmüş kimi qələmə verərək, istintaqdan yayınan “Kaspian İnşaat MB” MTK-nın rəhbəri Rafət Qəniyevin saxlanılması barədə xəbər vermişdik.

Lent.az dələduzluqda təqsirləndirilərək saxlanılan R. Qəniyev barədə bir sıra yeni detallar əldə edib.

Əldə etdiyimiz məlumata görə, Rafət Qəniyev özünün "KİA" markalı avtomobilini içərisinə qoyduğu heyvan sümükləri ilə birgə yandırıb yoxa çıxdıqdan sonra həmin sümüklər onun qohumlarına təqdim edilib. Qohumları da sümüklərin Rafətə məxsus olduğunu düşünərək onu hətta basdırıblar. Rafət Qəniyevin heyvansümüklərindən ibarət "cəsəd"i Salyan rayonu Sarvan kəndində, onun dünyasını dəyişən qohumlarının məzarlarının yanında dəfn edilib.

Dəfndə R. Qəniyevin 16 və 18 yaşlı oğlanları, həyat yoldaşı və bacı-qardaşları iştirak edərək, “mərhum”a dualar oxuyublar.

Lent.az həmin məzarın fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik:

Rafət Qəniyevin "məzar"ı

Rafət Qəniyevin "məzar"ı

Rafət Qəniyevin yanmış avtomobili

Rafət Qəniyev

Qeyd edək ki, MTK direktoru Rafət Qəniyev barəsində 2021-ci ildə dələduzluq maddəsilə cinayət işi başlanıb və o, axtarışa verilib. Bunu bilən biznesmen özünə məxsus avtomobili Sabirabad rayonu Ətcələr kəndində yandırıb. Özünün də guya avtomobildə yanaraq ölməsini göstərmək üçün sükan arxasına heyvan sümükləri qoyub. O, bir neçə gün əvvəl mağazadan televizor alarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda istintaq araşdırmaları davam edir.

# 11301
avatar

Mehman Nəbiyev

Oxşar yazılar