Autizm spektr pozuntusu (ASP) sosial qarşılıqlı münasibətlər və sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntular inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır, lakin sosial tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər simptomlar tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial, təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yarada biləcək qədər ciddidir və adətən insanın fəaliyyətinin bütün şəraitlərdə müşahidə olunan geniş yayılmış xüsusiyyətidir.
Maraqlıdır, övladında autizm əlamətlərini müşahidə edən valideyn nəyə diqqət etməlidir?
Lent.az xəbər verir ki, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında maarifli olmalı olduğunu deyib:
"Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında maarifli olmalıdır. Belə halda onlar müşahidə etdikləri fərqləri mütəxəssislə müzakirə edib vaxtında problemi aşkar edə bilərlər. Uşağın daha qabarıq təzahür edən əlamətlərinə əsasən ailə üzvləri və yaxınları davranış və yanaşma tərzlərində spesifikliyə önəm verməlidir.
Bundan əlavə, belə uşaqların intellektinin inkişaf səviyyəsindən asılı olaraq təhsil üsulu seçilməlidir. Bəzi hallarda intellektin inkişaf pozuntusu da yanaşı olaraq qeydə alınır və dərəcəsinə uyğun olaraq təhsil imkanları dəyərləndirilir. Diqqət edilməlidir ki, bəzi hallarda bu uşaqların konkret fəaliyyətlərdə istedadları olur və onun inkişaf etdirilməsi nəzərəçarpan irəliləyişlə nəticələnir.
Valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır. Bu səbəbdən də bəzən xəstəlik mühitin təsiri, təsir isə xəstəlik kimi qiymətləndirilir. Bu hallarda ən doğru addım mütəxəssislə konsultasiyadır".