Araşdırmalara görə, qaz sobasında yemək bişirmək uşaqların sağlamlığı üçün təhlükəlidir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu zaman ayrılan azot dioksidi uşaqlarda tənəffüs yollarının iltihabına səbəb ola bilər.
Mütəxəssislər müəyyən ediblər ki, qaz sobalarından yemək bişirmək üçün istifadə edildikdə azot dioksid ayrılır və bu, evdə olan uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaradır. Hollandiyalı alimlərin araşdırmasına görə, azot dioksidi uşaqlarda bronxial astmanın inkişaf riskini artıra bilər.
Alimlər 247 evi təhlil edərək müəyyən ediblər ki, yemək bişirmək üçün qaz sobasından istifadə edən evlərdə azot dioksidin (NO2) orta səviyyəsi elektrik sobası olan evlərdəki səviyyədən demək olar ki, iki dəfə çoxdur.
Qaz sobası olan hər dördüncü evdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi havanın çirklənməsinin icazə verilən həddi keçib. Elektrik sobası olan evlərdə isə belə qayda pozuntularına rast gəlinməyib.
Məlumata görə, alimlər azot dioksidin ağciyərlərə zərər verdiyini və tənəffüs yollarının iltihabına səbəb ola biləcəyini vurğulayırlar.