Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq rabitə naziri Siruz Abasbəylidən bəhs edəcəyik.
Abasbəyli Siruz Hüseyn oğlu Təbrizdə anadan olub. Onun uşaqlıq illəri Tehran və Təbrizdə keçib. Orta məktəbə isə Gəncədə gedib. Gələcəyin naziri Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsini bitirib.
Siruz Abasbəyli 1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlayıb. O, “Azqosproyekt” ATS-də montyor, “Qiproazneft”-də texnik, 1968-ci illərdən isə müxtəlif ATS-lərdə mühəndis, vəzifələrində çalışıb. 1992-ci ildə rabitə naziri təyin olanan Abasbəyli 16 iyul 1997-ci ildə həmin vəzifədən azad edilib.
Xatırladaq ki, “Azərcell” və “Bakcell” operatorları Azərbaycana məhz Siruz Abasbəylinin nazir olduğu zaman gəlib. Onun 50-dən çox səmərələşdirici təklifi və ixtirası qeydiyyatdan keçib.
Müsahibələrinin birində “Necə oldu nazir təyin olundunuz?” sualını o, belə cavablandırıb:
“Bir gün məni çağırdılar ki, bəs prezident, rəhmətlik Elçibəy səninlə görüşmək istəyir. Mən də açığını deyim ki, heç zaman siyasətlə məşğul olmamışam, bu gün də siyasətdən kənarda dayanıram. Elçibəyin qəbuluna getdim, dedi ki, bəy, rabitəni qaldırmaq lazımdır, bu işin öhdəsindən gələ bilərsizmi? Dedim ki, sizin bu cəbhəçilər mənə işləməyə qoymayacaqlar, əgər siz mənə qarantiya verirsizsə, məni onlardan qoruyacaqsızsa, rabitəni altı aya yox, üç aya qaldıracağam. Dedi, bəy, o, bizlikdir”.
Uşaqlıqdan texnikaya marağı olan sabiq nazir deyir: “Fotoaparatla şəkil çəkməyi sevirdim. Tez-tez atamdan foto kağızı, plyonka, şəkil çıxartmaq, lazım olan dərmanları almaq ücün pul istəyərdim. Düzü çox utanırdım, başa düşürdüm ki, atamın artıq pulu yoxdur, ancaq şəkil çəkmək də istəyirdim. Sonra yolunu tapdım. O vaxtlar qonşular qapı ağzında oturub söhbət edərdilər, mən sakitcə onlara yaxınlaşar, xəbərləri olmadan şəkillərini çəkər, ertəsi gün həmin şəkilləri özlərinə 10 qəpiyə satardım və beləliklə foto üçün lazım olan şeyləri alardım. Bir neçə vaxtdan sonra, qonşuların xarab olan radio, maqnitofon, ütü, elektrik sobası və başqa cihazlarını təmir edib, özümün pula olan ehtiyaclarımı ödəməyə başladım. Başqa sözlə desək, uşaq yaşlarımdan pul qazanmağa başladım”.
Tək nazir yox, həm də bəstəkar olan Abasbəyli “İlk məhəbbət”, “Xoşbəxtəm”, “Ulduzum”, “İçərişəhər”, “Tanıdım səni” mahnılarının və bir neçə lirik musiqinin müəllifidir. Bəstəkarın Nisə Qasımovanın ifa etdiyi “Son zəng” mahnısı daha çox populyarlıq qazanıb.
Siruz Abasbəyli 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalını da alıb. Ötən il isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Hazırda isə Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyinin sədridir.