Türk bələdçimiz: Dostlar hazırıqmı?
- Biz: Hazırıq.
- Onda ilk olaraq üzən adalardan başlayaq. Dərhal suallarımı yağdırıram: Üzən adalar? (təəccübümü gizlədə bilmirəm). Məsələnin marağımı çəkdiyini görüb qrup rəhbərlərindən Aslı xanım söhbətə qoşulur. Yeri gəlmişkən, Aslı Şener bizi Türkiyənin turizm potensialı ilə tanış olmağa dəvət edən Turizmin Təbliği və İnkişafı Agentliyinin əməkdaşıdır. O, üzən adalarla maraqlandığımızı görüb, bizə həvəslə məlumat verməyə başlayır:
- Bəli, Üzən adalar, düz üç ada. Bingöl-Solhan magistralının yaxınlığında, eyniadlı qəsəbənin ərazisində, bir az da dəqiqləşdirsək Hazarşah kəndində yerləşən bu təbiət möcüzəsi Aksakal gölünün üzərində təbiət hadisəsi nəticəsində formalaşıb. 300 kv.m ərazini əhatələyən gölün dərinliyi 50 metrdən çoxdur. Bu qapalı su hövzəsinin ətrafı ilə dağlar və təpələrlə əhatələnib.
Beləliklə, Lent.az-ın sizə təqdim etdiyi bu reportajda səfərin ilk dayanacağı Bingöl və Üzən adalardı.
Elə bura təzəcə gəlmişdik ki, bəylə gəlin bu misilsiz təbiət incisinin üzərində şəkil çəkdirməyə gəldilər...
Cütlük və yaxınları getdikdən sonra növbə bizə də çatdı. Həmkarlarımızla ərazini bir xeyli gəzdik, ətrafdakı müdhiş mənzərəni seyr etdik. Bura xəyalpərəstlərin məkanı da demək olar. Ürəyinizdən nə zamansa bu yerlərə gəlmək keçsə, sizə kiçik bir məsləhət verim:
Bu ərazilərin təbiətindən zövq almaq üçün mobil telefon, internet və sizi təcrid edə biləcək hər şeyi kənara qoyun. Çünki təbiətin möcüzəsi sayılan bu ərazilərdə onların heç birinə ehtiyac yoxdur.
QISA ARAYIŞ:
Bingöl və ya keçmiş adı ilə Çapakçur olan bu yerin adının etimologiyası qədim zaza dilindən gəlir. Eyniadlı vilayətin mərkəzi olan şəhər Şərqi Anadolunun Yuxarı Fərat bölgəsində yerləşir. 1950-ci ildə şəhərin adı Çapakçur olub, həmin ildən isə Bingöl adlandırılıb. Çapaqcur tarixən müxtəlif müharibələrə şahidlik edib, əvvəlcə Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətinin paytaxtı statusunu daşıyıb.
Onu da deyim ki, bu şəhərdən hədər yerə danışmadım. Bu yaxınlarda Türkiyənin Turizmin Təbliği və İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan və Gürcüstandan olan bir qrup jurnalist Bingöl, Tunceli və Elazığa səfər edib.
Səyahətin ilk dayanacağı olan Bingöldə əşyalarımızı hotelə yerləşdirdikdən sonra Solhan qəsəbəsinə gəldik. Bələdçilərimiz Aslı xanım və Mustafa bəy dedilər ki, həyatınız boyu belə yer görməmsiniz. Əvvəlcə məsələyə jurnalist şübhəsi ilə yanaşsam da, ərazini gəzdikdən sonra bu fikirlərin hədər yerə söylənmədiyini gördüm.
Başdan-ayağa, yox... Dağından düzənlik hissəsinədək gözəlliklərlə əhatələnən bu məkan insanda elə unudulmaz təəssürat buraxır ki, iş-gücünü atıb burada qalmaq istəyirsən. Əlbəttə, hər gün şəhərin səs-küyünü, tozunu-torpağını udmalı olan insan üçün ildə bir dəfə olsa da belə cənnətməkan yerə düşmək möcüzə sayıla bilər.
Üzən adalar... Bu əsrarəngiz möcüzə adından da göründüyü kimi təbii hadisə nəticəsində əmələ gəlib. Hazırda gölün əhatə etdiyi ərazi 300 kv.km-dən, dərinliyi isə 50 metrdən çoxdur. Gölün düz mərkəzi hissəsindəki adanın üzəri müxtəlif bitkilərlə zəngin, ətrafı isə yaşıllıqlarla əhatələnib.
Yazımın əvvəlində qeyd etmişdim ki, biz Üzən adalarda olduğumuz 24 iyun tarixində toyu olan cütlük həmin ərazini gəzib, xatirə şəkilləri çəkdirməyə gəlmişdi. Deyəsən ayağımız, necə deyərlər, düşərli olub!...Bu gənclər də eynilə Bakıda yeni ailə quran cütlüklər bulvara gələn kimi gölün ətrafını və Üzən adaları doyunca gəzib, əsas məqsədlərini həyata keçirib, yaxınlarının müşayiəti ilə getdilər. Bəlkə hələ niyyət də tutmuşdular, kim bilir...
Elə bu təəssüratlarla ərazidən ayrılmalı oluruq, çünki səfərin təşkilatçıları şam yeməyinin vaxtı çatdığını bildirir və bizi yaxınlıqdakı restorana dəvət edir, yol isə öz macəraları ilə səyahətə daha da rəngarənglik qatırdı.
Maqnitofonda iştirakçıların xahişi ilə bir-birinin ardınca müasir mahnılar səslənir. Bəndənizin isə 90-cı illərin klassikasından hələ də çıxa bilmədiyi burada da özünü göstərir: Müslüm Gürses, Kayahan, Adnan Şensesin “Doldur be, meyhaneci”si və daha kimlər...Hamısı da ustad sənətkar...90-cı illərin ab-havasında yaşadığım layihə rəhbəri Mustafa bəyin də gözündən yayınmır və mikroavtobusun ön hissəsindəki oturacaqdan ilk replikasını atır: "Gardaş, sen amma da yaşlanmışsın. Çık o eski mod şarkılardan. Bak, ne güzel yeni sound var, onu dinle. Türk roku dinledin mi? Çok iyidir, ben söyleyeğim. Haluk Levent meselâ".
Cavabsız qoymuram replikasını: "Dinlədim, Mustafa abi. Onun "Elfida" mahnısı da var, çox sevə-sevə dinləyirəm".
Mustafa Yalçın Yalçınkaya bu yerdə deyir ki, özü də Azərbaycan xalq mahnılarını dinləyir. Hansını daha çox sevdiyini təxmin etdiyimdən, soruşmuram. Və...Budur: "Bu qala daşlı qala"...Mahnının ilk notundan sonunadək avtobusun salonuna səssizlik çökür. Əyləşdiyim oturacaqdan sola çevrilib baxanda bələdçimiz Aslı xanımın duyğulandığını görürəm. Səbəbini soruşmuram, çünki bunu etik saymıram. Həm də düşünürəm ki, belə lirik əhval mahnısı kimi duyğulandıra bilməz ki!..
Öz-özümə deyirəm: "Bu qala, daşlı qala" ritmik notlarda yazılsa da kədərli mahnıdır. Düz deyiblər, insan bəzən kədərini müxtəlif cür büruzə verir. Mən də istənilən lirik mahnını kədərinə rəqs etmək kimi dəyərləndirirəm.
Elə bu düşüncələrlə hotelə qayıdırıq. Tur bələdçilərimiz deyir ki, bir azdan yaxınlıqdakı restoranda şam yeməyi yeyəcəyik. Bu cümləni eşidər-eşitməz hər kəs öz otağına istiqamətlənir. Bu yerlərin mətbəxi isə tam bir şedevrdir. Ona görə də mətbəx barədə geniş yazılmalı olduğunu düşünürəm...
Dostlarımızı bilmirəm, yol boyunca etdiyimiz söhbətlər və dinlədiyimiz mahnılar görünür hələ uzun müddət mənim qulağımdan getməyəcək...
Ardı var...
Fərid Azəri