Süni intellekt romantik məsələlərdə getdikcə daha çox məsləhətçi rolunu oynayır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, keçirilmiş sorğuya əsasən, respondentlərin 57 faizi sevgiylə bağlı məsləhət almaq üçün dost və ailə üzvləri yerinə süni intellektə müraciət edir.
İnsanlar bu seçimi əsasən qınaq qorxusuna görə və yaxınlarına qarşı emosional açıq olmaqdan çəkinərək edirlər. Süni intellektin daha obyektiv və məntiqi yanaşacağına inam da bu meyli gücləndirir. Bu tendensiya xüsusilə kişilər arasında daha geniş yayılıb. Sorğunun nəticələrinə görə, kişilərin 58 faizi, qadınların isə 42 faizi süni intellektdən romantik məsələlərdə istifadə edir.
Kişilərin bu texnologiyaya daha çox müraciət etməsi, onların emosiyalarını ifadə etməkdə çətinlik çəkməsi və anonim qalmaq istəyi ilə əlaqələndirilir. Respondentlərin 51 faizi ilk mesajı yazmaq, 45 faizi qarşı tərəfin mesajlarına cavab yaratmaq, 38 faizi isə mübahisəli situasiyaları təhlil etmək üçün süni intellektdən istifadə edir. Bundan əlavə, 62 faiz istifadəçi tanışlıq profillərini, 42 faiz isə şəkillərini süni intellektin köməyi ilə təkmilləşdirib. Bu isə onların onlayn obrazlarının gerçəkliyini şübhə altına alır.
Süni intellekt yalnız tanışlıq mərhələsində deyil, ayrılıq prosesində də istifadə olunur. Respondentlərin 27 faizi ayrılığa hazırlaşmaq, 43 faizi isə vidalaşma və üzr istəmə mesajı hazırlamaq üçün süni intellektdən faydalanıb.
İştirakçıların 50 faizi romantik ünsiyyətdə və özünə inamda müsbət dəyişikliklər hiss etdiyini bildirib, 35 faizi isə tanışlıq tətbiqlərində daha çox uyğunluq qazandığını qeyd edib. Bununla yanaşı, 13 faiz iştirakçı süni intellektin istifadəsinin münasibətləri süni və emosional baxımdan uzaqlaşdırdığını düşünür.
Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt faydalı bir vasitə olsa da, o, gerçək insan münasibətlərini əvəz edə bilməz.
Virginia Texnologiya İnstitutunun professoru Yevgeniya Ro bildirir ki, süni intellektlə ünsiyyət artdıqca, insanlar emosional baxımdan qeyri-sabit, lakin səmimi münasibətlər əvəzinə, cilalanmış və təkrarlanan cavablar təqdim edən sistemlərə üstünlük verə bilər. Nəticə olaraq, süni intellekt romantik münasibətlərdə bir alət rolunu oynaya bilər, amma onu gerçək duyğular və emosional bağlarla əvəz etmək olmaz.